Artıq süni intellekt həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bu yenilik həyatımızı asanlaşdırdığı kimi özü ilə bir sıra "problemlər" də gətirir.
Hazırda süni intellektlə bağlı insanları ən çox narahat edən məsələ bu yeniliyin onları işsiz qoymasıdır. Çünki az qala hər gün süni intellektin – robotların müxtəlif peşələrdə insanları əvəzləməsi barədə xəbərlər yayılmaqdadır.
Belə olan halda “Nə etmək lazımdır ki, işsiz qalmayaq?” sualı meydana çıxır.
Ölkə.Az bu suala cavab tapmaq üçün karyera mütəxəssisi Rasim Həsənzadənin fikirlərini öyrənib. O, belə olan halda xilas yolunu yaradıcı işlərə fokuslanmaqda görür:

“Bu, təbii ki, əmək bazarına da ciddi təsir göstərir. Bəzən süni intellektin bir çox peşələri əvəz edəcəyi ilə bağlı narahatlıqlar səslənir, amma bu məsələyə bir qədər dərin və realist yanaşmaq lazımdır. Əslində, süni intellekt insanı tam əvəz etmir, sadəcə təkrarlanan, mexaniki və analitik rutini çox olan işləri avtomatlaşdırır. Bu isə insan üçün daha yaradıcı və başqa işlərə fokuslanmaq imkanı yaradır.
Düşünürəm ki, müasir dövrdə əsas məsələ süni intellektlə rəqabət aparmaq deyil, ondan düzgün şəkildə istifadə etməyi bacarmaqdır. İnsan özünü texnologiyanın qarşısında yox, onunla əməkdaşlıq edən tərəf kimi görməlidir. Süni intellektin çatışmadığı əsas məqam emosional zəka, etik qərarvermə, yaradıcılıq və sosial ünsiyyət bacarıqlarıdır. Bunlar isə yalnız insana məxsus xüsusiyyətlərdir və gələcəkdə dəyəri daha da artacaq.
Bu baxımdan, hər bir peşə sahibi və ya gənc mütəxəssis öz sahəsində süni intellektdən necə faydalana biləcəyini öyrənməli, eyni zamanda insani bacarıqlarını gücləndirməlidir. Məsələn, müəllimlər üçün bu, dərs prosesində fərdiləşdirilmiş öyrənmə texnikalarından istifadə etməklə yanaşı, şagirdlərlə empatiya qurmaq bacarığını qorumaq deməkdir, jurnalistlər üçün isə faktların yoxlanılmasında süni intellektin imkanlarından yararlanmaqla yanaşı, insani baxış bucağını və etik məsuliyyəti qorumaqdır.
Əgər insanlar texnologiyanı bir təhlükə kimi yox, dəyərlərini və yaradıcılığını artıran vasitə kimi qəbul etsələr, süni intellektin heç bir peşəni tamamilə sıradan çıxarmayacağını görəcəklər.
Əksinə, bu dövr yeni peşələrin, yeni ixtisasların və əmək bazarının yenidən dizayn edilməsinə gətirib çıxaracaq. Gələcəyin uğuru artıq ən çox bilənlərin deyil, ən tez öyrənənlərin və ən tez uyğunlaşanların olacaq”.
Billurə Yunus