EN

Rumıniyalı senatorlar Azərbaycanda medianın inkişafı sahəsində görülən tədbirlər barədə məlumatlandırılıb  

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri bu ölkənin Senatında olublar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə senatorlarla görüş keçirilib. Görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov iştirak ediblər.

Söhbət zamanı iki ölkə arasında parlamentlərarası əməkdaşlığın və institusional dialoqun gücləndirilməsi, media və hüquq sahələrində təcrübə mübadiləsi, eləcə də informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə məsələləri barədə fikir mübadiləsi aparılıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycanın audiovizual sahədə siyasəti, media tənzimləmə təcrübəsi və son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan media mühitinin şəffaflığını artırmaq, rəqəmsal yayımı inkişaf etdirmək və ictimai yayımın müstəqilliyini gücləndirmək istiqamətində mühüm addımlar atıb.

Görüşdə Rumıniya tərəfi ölkənin media və hüquq sahələrindəki qanunvericilik təcrübəsini təqdim edib. Senatorlar bildiriblər ki, Rumıniya audiovizual tənzimləmə, mətbuat azadlığı, dezinformasiyanın qarşısının alınması və rəqəmsal məkanın idarə olunması istiqamətində Avropa İttifaqının tələblərinə uyğun qanunvericilik çərçivəsini təkmilləşdirib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələrdən və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərdən bəhs edib. O, Rumıniya ilə bu istiqamətdə qarşılıqlı əməkdaşlığın regional media əməkdaşlığına və qarşılıqlı etimada töhfə verəcəyini deyib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov medianın inkişafı və dezinformasiya ilə mübarizə sahəsində qanunvericilik islahatları haqqında danışıb. Vurğulayıb ki, Azərbaycanla Rumıniya bu istiqamətdə ortaq təlim proqramları və media təşəbbüsləri həyata keçirə bilər.

Səfir Qüdsi Osmanov çıxışında iki ölkə arasında strateji tərəfdaşlığın yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də informasiya və kommunikasiya müstəvisində dərinləşdiyini qeyd edib. O bildirib ki, belə görüşlər Azərbaycan-Rumıniya münasibətlərinin humanitar və institusional əsaslarını daha da möhkəmləndirir.

Eyni zamanda, senator Kristian-Avqustin Nikulesku-Tağârlaş bir neçə gün əvvəl Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanın Azərbaycana rəsmi səfərinə və onun Prezident İlham Əliyevlə keçirdiyi görüşə toxunub. O, bu görüşü ölkələrimiz arasında strateji əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsinin bariz təzahürü kimi qiymətləndirib.

Görüşdə, həmçinin Cənubi Qafqazda sülh təşəbbüsləri, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun fəaliyyəti, enerji və media diplomatiyası, eləcə də informasiya məsuliyyətinin artırılması və təbliğata qarşı mübarizə kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda senator Kristian-Avqustin Nikulesku-Tağârlaş vurğulayıb ki, Azərbaycanla Rumıniyanın hüquq və media sahələrində əməkdaşlığı Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.

Azərbaycan nümayəndə heyəti, həmçinin Rumıniya Senatının plenar iclasında da iştirak edərək, qanunverici orqanın fəaliyyəti, debat qaydaları və qərar qəbuletmə mexanizmləri ilə tanış olub.

Chosen
76
3
azerbaijan-news.az

6Sources