ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Ana Vətən Partiyasının növbədənkənar qurultayının nəticəsi və sədr seçilməsi ilə bağlı bütün sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib.
Axar.az Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə partiya sədri postuna namizəd Elçin Ağamalı özü bildirib.
O deyib ki, Ana Vətən Partiyasının növbədənkənar qurultayının protokolu, digər sənədləri və videoçəkilişlər bu gün Ədliyyə Nazirliyinə təqdim edilib:
“Azərbaycan ədliyyəsinin ədalətli qərarına güvənir və məsələyə obyektiv qiymət veriləcəyinə inanırıq”.
Elçin Ağamalı qeyd edib ki, nazirliyə müraciəti barədə atası Fəzail Ağamalı ilə danışığı olmayıb:
“Fəzail Ağamalıya ayrıca məlumat verməmişəm, amma mətbuatdan bilirdi ki, sənədləri təqdim edəcəyik”.
Bacısı, deputat Günay Ağamalının prosesə maneə törədə biləcəyi ehtimalı barədə isə Elçin Ağamalı bunları deyib:
“Gələcək addımlarla bağlı bir şey demək istəmirəm, Ədliyyə Nazirliyinin qərarını gözləyəcəyik. Prosesləri qabaqlamaq istəməzdim. Qərardan sonra digər addımları düşünəcəyik”.
Növbəti parlament seçkilərində namizəd olub-olmayacağı barədə suala Elçin Ağamalı belə cavab verib:
"Hələ parlament seçkilərinə 4 il var. Onunla bağlı nəsə demək olduqca çətindir. Seçkilər öncəsi bu barədə qərar vermək olar. Hələ vaxt var, indidən nəsə desəm, qeyri-ciddi olar".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.