EN

Peşəkar mühasib sertifikatı imtahanının nəticələri açıqlanıb

Bakı, 4 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 5-də peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edən namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış olmaq imkanına malik olublar. Hazırda isə yazılı cavab tələb edən tapşırıqların nəticələri daxil olmaqla yekun imtahan nəticəsi təqdim olunub. İmtahan iştirakçıları DİM-in internet saytında yekun imtahan nəticələri ilə tanış ola bilərlər.

İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 599 nəfər iştirak edib.

Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər müraciətlərini noyabrın 5-dən 9-dək [email protected] elektron poçtuna göndərə bilərlər. Müraciətə şəxsiyyət vəsiqəsinin surəti də əlavə olunmalıdır.

Müvəffəqiyyət şərtləri:

İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, 5 açıq tipli test tapşırıqlarının hər biri 10 balla qiymətləndirilir.

I. Aşağıdakı sertifikat növlərini əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə II səviyyə peşəkar mühasib sertifikatı

II. İmtahanın birinci mərhələsindən 35-dən 50-dək və imtahanın ikinci mərhələsindən 35 və ya daha çox bal toplamış namizədlər, imtahanın birinci mərhələsindən 35 və ya daha çox və imtahanın ikinci mərhələsindən 35-dən 50-dək bal toplamış namizədlər İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I səviyyə peşəkar mühasib sertifikatı əldə etmək üçün imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

 

Chosen
29
8
azertag.az

10Sources