İsrail Knessetinin Milli Təhlükəsizlik Komitəsi terrorçular üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Knesset bu qanun layihəsini 2023-cü il martın 1-də ilkin oxunuşda təsdiqləyib. Qanun layihəsini hakim koalisiyaya daxil olan ifrat sağçı "Yəhudi Gücü" partiyasından olan deputat Limor Son Har-Melex təklif edib.
"The Jerusalem Post" qəzetinin yazdığına görə, sənəd qəsdən və ya biganəlikdən İsrail vətəndaşının ölümünə (bu əməl irqçilik motivləri və ya əhalinin müəyyən qrupuna nifrət zəminində törədildikdə - Qeyd) səbəb olan istənilən şəxsə ölüm cəzasının tətbiqini nəzərdə tutur.
"The Times of Israel" isə yazıb ki, Knesset noyabrın 5-də ilk oxunuşda terrorçular üçün ölüm cəzası qanun layihəsinə baxa bilər.