EN

Turizm üzrə ekspert: Payızda qlobal turizmin təxminən 70 faizi aktivliyini azaldır

Bakı, 4 noyabr, Fidan Əlizadə, AZƏRTAC

Payız mövsümü turizm sektorunda ənənəvi olaraq durğun dövrlərdən biri hesab edilir. Qlobal turizmin təxminən 70 faizi bu dövrdə aktivliyini azaldır, çünki yay mövsümü sona çatır və qış mövsümünə hazırlıq prosesi başlayır. Turistlərin kütləvi səyahətləri azalır, istirahət ritmləri fasiləyə düşür. Buna baxmayaraq, turizm sahəsinin peşəkarları hər zaman qonaqlara xidmət göstərməyə hazırdır.

Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Kənan Hənifəyev deyib.

Ekspertin fikrincə, payız mövsümündə turizmin canlanması əsasən MICE (Meetings, Incentives, Conferences, Exhibitions) turizmi üzərində formalaşır. “Daha aydın desək, bu dövrdə yerli və beynəlxalq seminarlar, idman yarışları, sammitlər və görüşlər işgüzar turizmin aktivliyini təmin edir. Səyahət baxımından payız fəslində turistlərin marağını cəlb edən əsas təşəbbüslər festivalların təşkili, maraqlı piyada marşrutları, müəllif və maarifləndirici səyahət proqramlarının təqdim olunmasıdır. Bu baxımdan payız “məxməri mövsüm” kimi də qiymətləndirilir.

Son illərdə payızda Nohurgöl, həmçinin İsmayıllının bəzi kəndlərinə daha çox turistlər səfər edirlər. Əsasən, həftəsonu və bayram günləri meşə ilə əhatə olan ərazilərə təşkil olunan turlar qonaqların diqqətini cəlb edir”,- deyə K.Hənfiyev əlavə edib.

Ölkəmizin turizm resurslarından söhbət açan ekspert söyləyib: “Qeyri-neft sektorunun inkişafı üçün ilin 12 ayı turizm fəaliyyətinin davam etməsi vacibdir. Bunun üçün özəl və dövlət qurumları birgə əməkdaşlıq etməli, iri və kiçik layihələr üzərində mütəmadi iş aparmalıdır. Nəticədə həm xarici turistlərin sayı artır, həm də yerli turistlərin aktiv hərəkəti təmin olunur, bu da ölkə iqtisadiyyatına və turizm sektoruna mühüm töhfə verir”.

Chosen
37
1
azertag.az

2Sources