Dövlət Turizm Agentliyi (DTA) yeni tenderinin nəticəsini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, Agentlik Neftçi Qurbanov küçəsi 136 nömrəli ünvanda yerləşən Kulinariya Mərkəzi üçün mebel alacaq.
Bu məqsədlə tenderin qalibi olmuş “TƏLƏT” Firması ilə satınalma müqaviləsi imzalanıb. Müqavilənin dəyəri isə 15 min 929 manat təşkil edir.
Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma nəticəsində məlum olub ki, DTA ilə “Tələrt” firması arasında tender anlaşmaları sistemli şəkil alıb. Həmçinin qısa müddət ərzində Milli Kulinariya Mərkəzi üçün də bir xeyli tenderlər keçirilib.
Məsələn sentyabr ayında Kulinariya Mərkəzinin ətrafında abadlıq işlərinin həyata keçirilməsi də “Tələt” Firmasına həvalə olunub. Bunun üçün 38 min 160 manat xərclənib.
İsmayıllı Rayonu, Basqal qəsəbəsində yerləşən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğundakı Şeyx Məhəmməd məscidinin (Arxeoloji muzey) bərpası və tikiliyə məxsus ərazinin abadlaşdırılması işləri də sözügedən şirkətə verilib. Bu məqsədlə 284 min 18 manat ayrılıb.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğundakı “Partizan Məmmədin” evinin bərpa layihəsi də “Tələt” firması tərəfindən həyata keçirilib. Bu iş isə 177 min 222 manata başa gəlib.
Maraqlıdır ki, həm mebel alıb, həm abadlıq işləri görən “Tələt” firması Abşeron rayonu, Qobustan ərazisində yerləşən palçıq vulkanları Müasir Turizm Kompleksinə FO-24 kabelin çəkilməsini də həyata keçirib. Bu işləri isə Agentlik üçün 146 min 23 manata görüb.
Bu azmış kimi, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi tərəfindən idarəetməsində olan Qoruqlarda mövcud avadanlıqların (aksesuarların) yenilənməsi və kiçik cari təmir xidmətlərinin satın alınmasını da “Tələt” həyata keçirib. Bu məqsədlə tərəflər arasında 96 min 179 manatlıq müqavilə imzalanıb.
Araşdırma zamanı o da məlum olub ki, “Tələt” firması tenderlərdə fəal iştirak edən şirkətlərdəndir. 2008-ci ildə dövlət qeydiyyatına alınan firmanın nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Rüstəmov Rafiq Mehman oğludur.
Bu şəxs haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Lakin daha çox diqqəti çəkən məqam odur ki, “Tələt” firması son bir ildə əsasən AMEA və Dövlət Turizm Agentliyinin tenderlərinin qalibi olub.
Tərəfləri də dinləməyə hazırıq.
Fərda Uğur