EN

Moskva “düyməyə” basdı - Xankəndinə qayıdış oyunu

Rusiya əlindən çıxmış "kartı" hər iki ölkəyə qarşı bərpa etmək istəyir

Ermənistanda Qarabağdan köçmüş şəxslərlə bağlı fəaliyyət göstərdiyini iddia edən altı qeyri-hökumət təşkilatı “əməkdaşlıq memorandumu” imzalayıb. Musavat.com xəbər verir ki, sənədin məqsədi guya “Qarabağ ermənilərinin sosial problemlərinin həlli və təhlükəsiz qayıdış hüququnun təmin edilməsi” kimi təqdim olunur.

Bu təşəbbüs gerçəkdən çox, Rusiyanın təsirində olan şəbəkələrin informasiya və siyasi manipulyasiyasıdır. Çünki artıq nə “Dağlıq Qarabağ” adlı inzibati ərazi var, nə də orada separatçı idarəetmədən əsər-əlamət qalıb. Azərbaycan suverenliyini tam bərpa edib, həmin ərazilərdə reinteqrasiya prosesi dövlətin nəzarəti altında aparılır. İndi bu mövzunu “geri qayıdış” adı ilə yenidən gündəmə gətirmək - süni şəkildə gərginlik yaratmaq, Paşinyan hökumətini və Bakı ilə sülh prosesini hədəfə almaq cəhdidir.

Ermənistan rəhbərliyi də bu cür QHT təşəbbüslərinə açıq etiraz edir. Baş nazir Nikol Paşinyan və komandası bildirirlər ki, belə qurumlar “ictimai təşəbbüs” adı altında Moskva və onun xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Yəni bu kampaniyalar nə Ermənistanın dövlət siyasəti, nə də onun gələcək kursu ilə bağlıdır - əksinə, Paşinyanın Qərbə inteqrasiya cəhdlərinə qarşı yönəlib.

Parlamentin spikeri Alen Simonyan da bu məsələyə toxunaraq açıq şəkildə demişdi: “Qarabağdan köçən ermənilərin böyük əksəriyyəti geri qayıtmaq istəmir. Onlar üçün bu məsələ artıq bitib”. Simonyanın sözlərinə görə, həmin şəxslərin bir hissəsi artıq Ermənistanda da yaşamır - ən azı 20 mindən çoxu Avropa ölkələrinə, Rusiya və Kanadaya köç edib.

Azərbaycan tərəfi bu istiqamətdə hər hansı müzakirənin indiki anda mənasız olduğunu dəfələrlə bəyan edib. Rəsmi Bakı vurğulayır ki, “geri qayıdış” yalnız Azərbaycanın suveren qanunvericiliyi çərçivəsində mümkündür və bu məsələ 2023-cü ilin payızında bölgədə separatçı rejimin süqutu ilə tam bağlanıb. Hazırda Azərbaycanın reinteqrasiya siyasəti yalnız öz vətəndaşlarını əhatə edir, Ermənistanın və ya Rusiyanın “təşkilatlaşdırılmış geri dönüş” cəhdlərinə isə heç bir hüquqi əsas yoxdur.

Analitiklərin fikrincə, İrəvanda QHT adı altında baş verən bu cəhdlər həm Ermənistanın daxili sabitliyinə, həm də Bakı-İrəvan sülh prosesinə yönəlmiş təxribatlardır. Bu qurumların bəzilərinin maliyyə mənbələri birbaşa Rusiya kəşfiyyat strukturlarına bağlıdır və məqsəd Paşinyan hökumətini təzyiq altında saxlamaq, Cənubi Qafqazda “köhnə münaqişə ocaqlarını” yenidən qızışdırmaqdır.

Rusiya bu prosesi niyə indi başladıb? Ermənilərin qayıdışı ortaya atılan siyasi oyundur, yoxsa nəticələri ola bilər?

Akif

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Qarabağdan könüllü köçən ermənilərdən həm Ermənistan daxilindəki, həm də xaricdəki müxtəlif qüvvələr öz maraqları üçün istifadə eləməyə çalışırlar: “Azərbaycan dəfələrlə bildirib ki, həmin ermənilərə qarşı heç bir təzyiq olmayıb, onlar özləri könüllü şəkildə çıxıb gediblər. Bunu köç zamanı ermənilərin özləri də açıq şəkildə bildirirdilər. Azərbaycan dəfələrlə müraciətlər etdi ki, Azərbaycan vətəndaşı kimi qalıb burada yaşasınlar, lakin ermənilər müraciətlərə müsbət reaksiya vermədilər və köçdülər. Hətta Azərbaycan internet portal da açmışdı ki, kim Azərbaycan vətəndaşı olaraq qayıtmaq istəyirsə orada qeydiyyatdan keçsin. Lakin ermənilər geri qayıtmamaq qərarlarında qaldıqlarını nümayiş etdirdilər, portala müraciət eləyən olmadı. Ermənistan hakimiyyətinin təmsilçiləri də dəfələrlə bildiriblər ki, ermənilərin geri qayıtması mümkün deyil, onlar Ermənistan cəmiyyətinə inteqrasiya olunmalıdır. Çünki Nikol Paşinyan və hökuməti reallığa başa düşürlər və bilirlər. İndi beş-altı QHT-nin ermənilərin geri qayıtması məsələsini gündəmə gətirmələri oyunbazlıqdır. Həmin QHT-lərin sırasında Rusiyaya və Avropadakı erməni diasporuna bağlı olanlar var. Eyni zamanda onlarbu oyunbazlığı etməklə erməni diasporundan pul qoparmağa çalışırlar. Onların Ermənistanda seçki ili öncəsi bir araya gəlməsi və "ermənilərin qyıdışı" məsələsini ortalığa atmasında Rusiyadkı dairələrin də sifarişi rol oynaya bilər. Həmin dairələr hesab edir ki, Rusiyanın son şansı bu məsələni qabartmaq ola bilər ki, bunun üçün də Ermənistan daxilindəki bəzi qüvvələri hərəkətə gətirirlər və onlardan yenə də alət kimi istifadə edirlər. Qərbdəki müəyyən dairələrin də əli ola bilər. Çünki Qərbdəki ermənipərəst dairələr Azərbaycana qarşı Qarabağdan köçmüş ermənilərin üzərindən hücum etməyə zaman-zaman cəhdlər göstərirlər".

A.Nağı qeyd etdi ki, bu cəhdlərin heç bir nəticəsi olmayacaq: “Ermənistan rəhbərliyi də bəyan edir ki, ermənilərin geri qayıtması mümkün deyil və qayıdış sülh prosesinə mane olar. Azərbaycanın da mövqeyi bəllidir və heç kim ermənilərin Qarabağa qayıdışı məsələsini süni şəkildə qaldırmaqla Azərbaycana təsir göstərə bilməz. Ermənilər geri qayıtmaq haqqını itiriblər. Məsələ artıq bitib”. 

Prezidentliyə

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev isə bildirdi ki, həmin QHT-lər və onlara sifariş verənlər Qarabağda ermənilərin yenidən məskunlaşdırılmasını nəzərdə tuturlar: “6 QHT-nin mövqeyi Ermənistan hökuməti tərəfindən dəstəklənmir. Amma o da çox maraqlıdır ki, arxada Rusiya xüsusi xidmət orqanları tərəfindən bu qondarma memorandum oyununa bir dəstək verildiyi hiss olunur. Rusiya hakimiyyət orqanları çalışırlar ki, gələn il keçiriləcək seçkilərdə Ermənistanda özlərinə yaxın qüvvələri hakimiyyətə gətirsinlər. Qarabağ erməniləri kartından da bunun üçün istifadə etmək niyyətlərinin olduğu get-gedə hiss edilir. Ermənistan hakimiyyətinə təzyiq siyasəti həyata keçirmək üçün müxtəlif üsullar həyata keçirirlər. Bu üsullardan biri də odur ki, müxtəlif QHT-ləri, media orqanlarını, siyasi təşkilatları vasitəsilə Ermənistan hakimiyyətini küncə sıxsınlar və ölkə daxilində gərginlik yaratsınlar. Kilsəni bir tərəfdən, Qarabağdan könüllü köçmüş erməniləri digər tərəfdən bu prosesə qoşmaq və ölkədə xaos yaratmaq planı qurulub. Belə vəziyyətdə isə Rusiya hesab edir ki, öz istədiyi qüvvəni hakimiyyətə gətirə bilər. Lakin ermənilərin Qarabağa qayıtması söhbətini ortaya atmaqla heç bir nəticəyə nail ola bilməyəcəklər. Rusiya əlindən çıxmış kartı yenidən geri qaytarmaq istəyir. Ancaq artıq bu mümkün deyil”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Chosen
8
1
musavat.com

2Sources