EN

Mikayıl Cabbarov : ÜDM 1,3% böyüyüb

BAKI, 4 noyabr. TELEQRAF

Cari ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda yaradılmış əlavə dəyərin 1,9% azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda iqtisadi artımın 2,9% təşkil etməsi nəticəsində ümumi iqtisadi artım 1,3% təşkil edib.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi artım tempi zəifləsə də, ümumilikdə makroiqtisadi sabitlik təmin edilmiş vədövlət büdcəsinin fiskal daxilolmaları proqnozdan artıq icra edilmişdir. Büdcə xərclərinin icrasının ölkədə iqtisadi artıma təsirini nəzərə alaraq qeyd edə bilərik ki, ilin sonunadək büdcə xərclərinin tam icrası (9 ayda 60% icra) iqtisadi artımın sürətinə müsbət təsir edəcək.

Nəhayət qeyd edilməlidir ki, hazırda ölkədə iqtisadiyyatın şaxələnməsinə yönəlmiş dərin islahatlar həyata keçirilir ki, bu islahatların da iqtisadi artıma təsiri müəyyən müddətdən sonra hiss olunacaqdır. O cümlədən, Orta Dəhlizin tam işə düşməsi orta və uzun müddətli dövrdə iqtisadi artımın sürətlənməsində permanent amillərdən biri olacaq.

Bu şəraitdə cari ilin 9 ayında qeyri-neft-qaz sektorunda ÜDM-in sahələri üzrə əlavə dəyər qeyri-neft-qaz sənayesində və tikinti sektorunda 5,0%, turizm və ictimai iaşədə 9,3%, informasiya və rabitədə 6,7%, ticarətdə 3,2%, nəqliyyat sektorunda isə 2,1% artmışdır.
Cari ilin 6 ayı ərzində 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkəyə yatırılmış birbaşa xarici investisiyaların həcmi 8,2% artmış, qeyri-neft-qaz sektoru üzrə isə 25,4% artım qeydə alınıb.

Ötən 9 ayda əsas kapitala 13,0 mlrd. manat vəsait yönəldilmişdir. Qeyri-neft-qaz sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real həcmi 7,0% artmışdır. Eyni zamanda özəl qeyri-neft-qaz investisiyalar 10,8% artmış və qeyri-neft-qaz ÜDM-in artım tempini 3,7 dəfə üstələmişdir ki, bu investisiyaların akkumulyasiya edilməsi-kapital stokunun yığılması növbəti dövrdə daha yüksək iqtisadi artıma çevriləcək.

Cari ilin sentyabr ayında 12 aylıq və orta illik inflyasiya 5,7% olmuşdur ki, bu da Mərkəzi Bankın hədəf diopozonu çərçivəsindədir.

2025-ci ilin 9 ayında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,7% (188,5 milyon ABŞ dolları) artaraq 2 milyard 649 milyon ABŞ dolları təşkil etmişdir. Qeyri-neft-qaz ixracının 29%-i ilkin kənd təsərrüfatı məhsulları, 11%-i kənd təsərrüfatı emalı məhsulları, 60%-i isə sənaye məhsullarının payına düşür. 9 ay ərzində ARDNF tərəfindən idxal olunan qızıl istisna olmaqla xarici ticarət balansının müsbət saldosu 5,6 mlrd. ABŞ dolları təşkil edib.

Chosen
36
1
teleqraf.com

2Sources