EN

"“Qarabağ” böyük rəqiblərə qarşı ağıllı və səbrli oyunla nəticə qazana bilər" - BAŞ MƏŞÇİ ŞƏRH ETDİ

"Qarabağ" komandası bu mövsüm Avropa arenasında sərgilədiyi oyunla bir daha sübut edib ki, artıq təsadüfi iştirakçı deyil, real rəqabət aparan və nəticəyə oynayan bir kollektivdir. Üç turdan sonra toplanmış 6 xal komandanın yalnız turnir cədvəlindəki mövqeyini deyil, həm də futbol fəlsəfəsini nümayiş etdirir. Sonuncu turda İspaniyada baş verən məğlubiyyətə baxmayaraq, "Qarabağ" oyundan kənara çıxmadı, meydanda intizamını qorudu və həmişəki kimi planlı şəkildə oynamağa çalışdı. Bu, komandanın psixoloji dayanıqlığını və strateji hazırlığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək matç "Qarabağ" üçün yalnız bir oyun deyil, həm də prinsipial imtahan xarakteri daşıyır. Rəqib "Çelsi" kimi dünya futbolunun ən güclü təmsilçilərindən biri olsa da, "Qarabağ"ın öz oyun üslubu və müəyyən üstünlükləri var: "Komandanın ən böyük gücü sistemli və intizamlı oyunudur. "Qarabağ" uzun illərdir ardıcıl şəkildə topa nəzarətə, pas mədəniyyətinə və oyun tempinin idarə olunmasına əsaslanan futbol oynayır. Bu, həm hücumda düşünülmüş yanaşma gətirir, həm də müdafiədə komandanın tam kompakt şəkildə qalmasını təmin edir. "Qarabağ"ın əsas üstünlüklərindən biri də cinahlar vasitəsilə sürətli hücum qurmaq, rəqibi pressing vəziyyətindən çıxarmaq və boş zonadan yararlanmaqdır. Komanda topu qazandıqdan sonra hücuma çevik şəkildə çıxmağı bacarır və bu, yüksək səviyyəli rəqiblərə qarşı çox effektiv silahdır. Eyni zamanda, “Qarabağ” standart vəziyyətlərdə ustalığı ilə də seçilir. Bu epizodlar bəzən çətin oyunlarda nəticəni müəyyən edən əsas faktor olur.

Bu görüşdə komandanın ən optimal oyun modeli ağıllı müdafiə, yüksək konsentrasiya və imkan yarandıqda sürətli keçid hücumları olacaq. "Qarabağ"ın açıq futbola üstünlük verməsi risklidir, çünki "Çelsi" kimi komanda boş sahələrdən istifadə etməkdə çox peşəkardır. Ona görə də strateji səbr və düzgün pressinq fazaları əsas rol oynayacaq. Komanda nə qədər soyuqqanlı və planlı oynasa, nəticə qazanmaq bir o qədər real görünür. Ümumilikdə, "Qarabağ" bu səviyyədə artıq təcrübəsi olan, öz oyun üslubunu qoruyan və rəqibdən asılı olmayaraq meydanda şəxsiyyətini göstərən komandadır. Əgər kollektiv intizamını qoruyub, emosiyaya qapılmadan strateji futbol sərgiləsə, bu görüşdən xal və ya xallar qazanmaq tam realdır. Bu komanda artıq sübut edib ki, böyük rəqiblərlə meydanda yalnız müdafiə olunmağa deyil, ağılla və inamla mübarizə aparmağa qadirdir".

Müəllif: Ziya Hikmətoğlu
Chosen
37
1
sia.az

2Sources