EN

Məmurlar son həbslərdən dərs çıxarmalıdır - çağırış

Ekspertlər hüquqi dövlətdə yaşadığımızı və qanun qarşısında heç kəsə güzəşt olunmayacağını açıqladı

Ötən həftə Balakənin keçmiş icra başçısı İslam Rzayevin həbsi ilə yadda qaldı. O, rüşvət alma və mənimsəmədə ittiham olunur, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu fakt bir daha göstərdi ki, hüquqi dövlətdə vəzifəsinə və statusuna baxmadan hər kəs qanun qarşısında bərabərdir. Ona görə məmurlar hüquqi dövlətdə yaşadıqlarını bilməli və həbslərdən dərs çıxarmalıdırlar.

Çünki onların vəzifə səlahiyyətindən sui-istifadə edərək korrupsiyaya yol verməsini dövlət əsla bağışlamır. Ona görə də indiyə qədər 10 icra başçısı və xeyli müxtəlif vəzifələrdə çalışan şəxslər rüşvət, korrupsiya, mənimsəmə ittihamları ilə həbs olunublar. Təəssüf ki, bu həbslərdən ibrət götürməyənlər də var.

Məsələn, bunun ardınca Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb. Yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Nadir Yədulla oğlu Muradov saxlanılıb. Onun hansı səbəbdən saxlanması hələlik açıqlanmayıb. N.Muradovla bağlı məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bütün bu faktlar göstərir ki, yerli idarəetmə orqanları rüşvət və korrupsiya içərisində boğulurlar. Və həbslərə rəğmən digərləri yenə də bu fəaliyyətini davam etdirir. Halbuki korrupsiya və rüşvətlə mübarizədə Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi davamlı olaraq iş aparır. Məmurlar hər an kabinetində ifşa olunmaq təhlükəsini bilə-bilə bu əməllərini davam etdirirlər. Məsələn, elə bu ilin yayında Qaxın icra başçısı eyni ittihamla həbs olundu, amma eyni regiona daxil olan Balakənin İH rəhbərinə bu hadisə görk olmadı. Odur ki, hüquqi dövlətdə yaşadığımızı və qanunların hamı üçün eyni olduğunu sərt addımlarla göstərməliyik. Ümumən Azərbaycanda hüquq problemi son zamanlar daha çox gündəmə gəlir. Bir çox kiçik və orda dərəcəli məmurlar vətəndaş hüquqlarını tapdalayır, saymazyana şəkildə vəzifənin onlara atalarından qalma miras olduğunu sanırlar. Xalqa xidmət etməkdənsə, qanunların əleyhinə işlər görürlər. Bununla bağlı dəfələrlə dövlət başçısı da məmurların fəaliyyətini tənqid edib, onların harınlığını, qanunsuzluğunu dilə gətirib.

Natiq

 Natiq Cəfərli

ReAl Partiyasının sədri Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda neçə icra başçısı həbs olunmalı, işdən atılmalıdır ki, “icra başçısı” institutunun zay, köhnə, mənasız və ziyanlı, regionların inkişafına mane olan bir orqan olduğu sübuta yetsin, yerli özünüidarə orqanlarının gücləndirilməsi ilə bağlı qərarlar verilsin, qanunlar dəyişdirilsin?! Onun fikrincə, dövlətlərin idarəedilməsinə, iqtisadi və sosial durumuna təsir göstərən təməl prinsiplər olur - onlardan ən vacibi iki ana xəttdir: qadağan olunmayan hər şey icazəlidir, icazə verilməyən hər şey qadağandır: “Azərbaycan son illər ikinci yolla gedir, yeri gəlmişkən, eyni yanaşma Avropa Birliyi ölkələrində də var. Ona görə də iqtisadi rəqabətdə ABŞ-yə uduzurlar. İkinci yol aşırı tənzimləmə və icazələrlə dolu inzibati yük yaradan, iqtisadiyyata, təşəbbüskarlığa ziyan vuran yoldur. Sadəcə, Avropa Birliyi ölkələrində məhkəmə sistemi hələ ki normal çalışır deyə, onlara dəyən ziyan daha azdır. Biz aşırı tənzimləmə, icazələr, lisenziyalar, cərimələr yolu ilə getmək istəyirik”.

 Xəzər Teyyublu 

Hüquq müdafiəçisi Xəzər Teyyublu hesab edir ki, korrupsiya ilə mübarizədə xeyli iş görülüb. Onun sözlərinə görə, icra başçılarının həbsi isə İH-lərin bir struktur kimi yararsız olduğunu artıq göstərməkdədir. X.Teyyublu Prezidentin təyin etdiyi nümayəndələrin daha effektiv nəzarət mexanizmi olduğunu düşünür: “Azərbaycan hüquqi dövlətdir və atılan addımlar göstərir ki, kiminsə keçmişdə olan xidmətlərinə görə bu gün onun qanunsuz hərəkətlərinə göz yumub güzəşt olunmayacaq. Necə ki Ramiz Mehdiyevə üç maddə üzrə cinayət işi açılıb və onlardan biri də dövlət əmlakının cinayət yolu ilə leqallaşdırılmasıdır. Ramiz Mehdiyev kimi uzun illər yüksək vəzifə tutmuş birinə yol verdiyi qanunsuz hərəkətlərə görə heç bir yumşaqlıq göstərilmədisə, hansısa icra başçısı niyə arxayındır ki, toxunulmaz biridir?! Ona görə bu həbslərdən bir çoxu dərs çıxarmalıdır”.

X.Teyyublunun təklifinə görə, ümumiyyətlə, bir çox icra hakimiyyətlərində və dövlət qurumlarında araşdırmalara ehtiyac var: “Biz hüquqi və suveren dövlət olaraq çirkin əməllərin sahibi olan məmurları sistemdən təmizləməliyik. Son həbslər də sübut edir ki, icra hakimiyyətlərində şəffaflığın təmin edilməsi üçün ya köklü iş aparılmalıdır, ya da bu struktur ləğv edilməlidir. Bundan başqa, bu gün vətəndaşların hüquqlarını bilmək və məmurlardan haqqını tələb etmək əsas məsələdir. Eyni zamanda vətəndaş-məmur münasibətlərinin normal olması əsas problemlərdən biridir. Azərbaycanda məmurların vətəndaşa müştəri kimi baxması faktdır və elə son həbslər də bunu isbat edir. Nə vaxt ki məmur dövlət qulluqçusu olduğunu və vəzifə səlahiyyətlətinin məsuliyyətini dərk edəcək, onda vətəndaşa xidmət etmək borcu olduğunu da anlayacaq”. 

 Hazırladı: Emil Salamoğlu

 

Chosen
61
musavat.com

1Sources