EN

“Prezidentin çıxışı Azərbaycan dövlətçiliyinin elmi dayaqlarını dərindən əks etdirir” - ŞƏRH OLUNDU

“Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışı müasir Azərbaycan dövlətçiliyinin elmi, intellektual və texnoloji dayaqlarını dərindən əks etdirən strateji proqram xarakteri daşıyır. Bu çıxış, həm tarixi yaddaşla gələcəyin texnoloji reallıqları arasında körpü rolunu oynayır, həm də milli inkişafın əsas istiqamətlərini müəyyənləşdirir. Dövlət başçısının çıxışı bir tərəfdən Azərbaycan elminin keçdiyi böyük yolun qiymətləndirilməsi, digər tərəfdən isə bu elmin yeni şəraitdə milli təhlükəsizlik, iqtisadi dayanıqlıq və texnoloji tərəqqi ilə uzlaşdırılmasının siyasi-ideoloji çərçivəsini təqdim edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, Azərbaycan elmi tarix boyu müxtəlif ictimai-siyasi sistemlərdə fəaliyyət göstərsə də, onun inkişafı heç vaxt dövlətin diqqətindən kənarda qalmayıb: “Prezident İlham Əliyev xatırladır ki, bu ənənənin əsasını Ulu Öndər Heydər Əliyev qoyub və ötən əsrin 70-ci illərində elmin təşkili və infrastrukturu müasir tələblərə uyğunlaşdırılıb, yeni institutlar yaradılıb, alimlərə maddi-mənəvi dəstək gücləndirilib. Məhz həmin dövrdə Azərbaycanda formalaşan elmi-intellektual potensial sonrakı onilliklərdə müstəqil dövlətin inkişafının bünövrəsinə çevrildi. Ulu Öndərin Sovet dövründə başlatdığı bu siyasət müstəqillik illərində İlham Əliyev tərəfindən yeni mərhələyə yüksəldilib.

Bu gün Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb, elmi-tədqiqat institutlarının maddi bazası gücləndirilib, yeni binalar, kitabxanalar, fondlar yaradılıb. Bu faktlar bir daha göstərir ki, elmin inkişafı ölkənin milli prioritetlərindən biridir və dövlətin elmi siyasəti Heydər Əliyev kursunun məntiqi davamıdır. Akademiyanın müasir dövrdə milli intellektual gücün mərkəzinə çevrilməsi həm tarixi borc, həm də strateji zərurətdir.
Prezident İlham Əliyevin çıxışında diqqəti cəlb edən əsas məqam elmin təkcə nəzəri deyil, praktiki funksiyalarının da önə çəkilməsidir. Dövlət başçısı açıq şəkildə bəyan edir ki, “elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır”. Bu, yeni elmi-sənaye modelinə keçidin zəruriliyini ifadə edir. XXI əsrin çağırışları fonunda elmi nəticələrin iqtisadi inkişafa çevrilməsi Azərbaycan üçün mühüm prioritetdir. Bu, həm qeyri-neft sektorunun inkişafı, həm də texnoloji müstəqilliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.
Son onillikdə Azərbaycan iqtisadiyyatında müşahidə olunan sabitlik və maliyyə dayanıqlığı da elmin inkişafına real zəmin yaradır. Prezidentin qeyd etdiyi kimi, ölkənin xarici borcu ÜDM-in cəmi 6 faizini təşkil edir, valyuta ehtiyatları isə 80 milyard dollardan çoxdur. Bu göstəricilər yalnız makroiqtisadi uğur deyil, həm də milli suverenliyin iqtisadi təminatıdır. Çünki iqtisadi müstəqillik siyasi müstəqilliyi möhkəmləndirən əsas faktordur.
Dövlət başçısının çıxışında texnoloji inkişaf və süni intellekt məsələləri xüsusi yer tutur. Müasir dövrün “intellektual müharibələr” mərhələsinə qədəm qoyduğunu vurğulayan Prezident bildirir ki, bu gün təhlükəsizliyin, inkişafın və hətta müstəqilliyin qorunması texnoloji imkanlardan asılıdır. Süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik sahəsində görülən işlər, yaradılan yeni mərkəzlər və beynəlxalq tərəfdaşlıqlar Azərbaycanın gələcək inkişafında həlledici rol oynayacaq. İlham Əliyevin “tükənməz sərvət intellektual potensialdır” fikri müasir milli ideologiyanın əsas tezisinə çevrilir.

Çıxışda hərbi sənaye kompleksinin inkişafı da xüsusi vurğulanır. Azərbaycanın artıq hərbi təyinatlı məhsulları ixrac etməsi, pilotsuz uçuş aparatlarının yerli istehsalı və bu sahəyə özəl sektorun cəlb olunması dövlətin müdafiə siyasətində keyfiyyətcə yeni mərhələni göstərir. Bu, həm iqtisadi mənfəət, həm də milli təhlükəsizliyin təminatıdır.

Elmi fəaliyyətin mühüm istiqamətlərindən biri də tarixi həqiqətlərin tədqiqi və beynəlxalq aləmdə təbliğidir. Prezidentin “azərbaycanlıların indiki Ermənistana qayıdışı” barədə fikirləri tarixi ədalətin bərpasına yönəlmiş milli konsepsiyanın davamıdır. Bu, həm humanitar, həm də geosiyasi baxımdan Azərbaycanın haqlı mövqeyini əsaslandırır. Dövlət başçısının çağırışı aydındır: tarixi sənədlər, xəritələr, elmi əsərlər və faktlarla sübut olunmalıdır ki, indiki Ermənistan ərazisi də əsrlər boyu Azərbaycan mədəniyyətinin, toponimikasının ayrılmaz hissəsi olub.

Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunmasını milli təhlükəsizlik məsələsi səviyyəsində qaldırır. “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucusu müstəqil Azərbaycan dövlətidir” - bu fikir həm mədəni, həm ideoloji, həm də siyasi məsuliyyəti ifadə edir. Dilin itirilməsi milli kimliyin itirilməsi deməkdir və buna görə alimlər, yazıçılar, jurnalistlər, ictimai xadimlər bu istiqamətdə səfərbər olmalıdırlar.

Prezident İlham Əliyevin Akademiyanın 80 illiyindəki çıxışı bütövlükdə müasir Azərbaycanın dövlət ideologiyasını elmi əsaslarla ifadə edən proqram xarakterli bəyanatdır. Bu nitqdə tarix və gələcək, elm və siyasət, texnologiya və milli kimlik bir vəhdət halında təqdim olunur. Azərbaycan bu gün yalnız ərazi bütövlüyünü deyil, həm də intellektual və mənəvi bütövlüyünü bərpa edir. Elmin, texnologiyanın, tarixin və dilin qorunması – müstəqil Azərbaycanın dayanıqlı gələcəyinin əsas sütunları kimi müəyyən edilir. Bu, həm də Prezident İlham Əliyevin rəhbərliyində formalaşan müasir Azərbaycan modelinin konseptual ifadəsidir”.

Müəllif: Səbinə Hüseynli
Chosen
12
sia.az

1Sources