EN

“Bükə bilmədikləri biləyi öpəcəklər” – Ermənistan seçkiləri və regionun gələcəyi ilə bağlı sensasion açıqlama

Ermənistanda siyasi mübarizə yeni mərhələyə qədəm qoyub. Mərkəzi Seçki Komissiyasının elanından sonra seçki yarışı rəsmən start götürüb. Sabiq prezident Robert Koçaryan və hazırkı baş nazir Nikol Paşinyanın namizədliyini eyni gündə irəli sürməsi ölkədə qarşıdakı seçkilərin olduqca gərgin keçəcəyinə işarədir. Cəmiyyət iki fərqli kurs arasında seçim etməlidir — biri Moskva yönümlü köhnə siyasi xətti, digəri isə Qərbə inteqrasiya xəttini təmsil edir. Bu rəqabət təkcə daxili siyasi mübarizə deyil, həm də regionda geosiyasi balansın yenidən formalaşması demək ola bilər.
Hansı qalib gələcək? Seçkilərin nəticəsi Ermənistanın xarici siyasət istiqamətinə, xüsusilə, Azərbaycanla olan münasibətlərə necə təsir edəcək? Bəs Qərb və Rusiyadan hansı addımlar gələcək?
 
Moderator.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, bu ilin avqust ayından sonra Cənubi Qafqazın ABŞ və Qərbə inteqrasiya prosesi güclənib:
 
 “Bilirsiniz ki, avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri baş tutdu. Səfər çərçivəsində hər iki ölkənin lideri ABŞ prezidenti Donald Trampla görüşdü və sülh müqaviləsini parafladılar. Bundan əlavə, Paşinyan Trampla Zəngəzur dəhlizinin 99 illiyinə istifadəyə verilməsi barədə sazişdə imzaladı. Bu saziş Zəngəzurla yanaşı Cənubi Qafqaz regionunun da ABŞ-ın nəzarəti altına girməsi anlamına gəlirdi. 
Maraqlıdır ki, gözlənilmədiyi halda Rusiya və İrandan da bu müqavilələrə etiraz, yaxud əks reaksiyalar olmadı. Görünən bu idi ki, hər iki region dövlət də Cənubi Qafqazın əl dəyişməsi perspektivi ilə razılaşıb. Bu, təbii ki, səbəbsiz deyildi. Ukraynada bataqlığa saplanan Rusiya əlavə baş ağrısı istəmədiyi kimi, Yaxın Şərqdə çətin vəziyyətə düşən İran da ABŞ-ın iradəsinə qarşı çıxa bilməyəcək duruma düşüblər. Əks halda, ABŞ-ın daha ağır zərbələrinə məruz qala bilərlər. Məsələyə bu aspektdən nəzər salanda Ermənistanda və Azərbaycanda yaxın zamanlarda baş verəcəyi gözlənən prosesləri müəyyənləşdirmək olar. Yəqin ki, böyük ehtimalla, həm bizdə, həm də Ermənistanda regiona nəzarət imkanlarının təhvil-təslimi həyata keçiriləcək. Bu zamanadək Rusiyanın təsir dairəsində olan Cənub Qafqaz oriyentasiya dəyişikliyinə gedib təşəbbüskarlıq imkanlarını ABŞ-a və onun müttəfiqlərinə ötürəcək. Zənnimcə, bundan sonra Cənubi Qafqazda ABŞ-la yanaşı Türkiyə də təsirli qüvvəyə çevriləcək. Proses bununla da qalmayacaq və Mərkəzi Asiyaya da sıçrayacaq. Rusiya və İran Mərkəzi Asiyadan Cənubi Qafqaza və Avropaya uzanan bu dəhlizin imkanlarından yararlanmağa çalışacaqlar. Çünki onu dayandırmaq gücündə deyillər və ataların dediyi kimi, “bükə bilmədikləri biləyi öpmək” yolunu seçəcəklər.
Ermənistanda gələn il  tamamlanacağı gözlənilən seçki prosesi də sözügedən təhvil-təslim prosesinin tərkib hissəsidir və mən şəxsən hər hansı xoşagəlməz sürprizlərin olacağını gözləmirəm. Paşinyan yenə də bu seçki yarışından qalib çıxacaq və Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsini tamamlayacaq. Böyük ehtimalla, Ermənistanda, Azərbaycanda və Mərkəzi Asiya coğrafiyasında bu dəhlizin quruculuq prosesi tamamlandıqdan sonra demokratikləşmə dövrü başlayacaq. Hələlik isə Tramp administrasiyası Cənubi Qafqaza və Mərkəzi Asiyaya praqmatik və milli iqtisadi maraqlar çərçivəsindən baxmağa çalaşacaq. Bu maraqlar isə region dövlətləri ilə əməkdaşlıq imkanlarını artırmağı və Rusiyaya bağlı 5-ci kolonu zərərsizləşdirməyi tələb edir”.
 
Mehin Mehmanqızı
 
Chosen
11
2
moderator.az

3Sources