EN

Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin sədri Stokholmdakı Azərbaycan diasporuna təşəkkür edib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Stokholm, 4 noyabr, Nərgiz Cəfərli, АZƏRTAC

İsveçin paytaxtı Stokholm şəhərində Türkiyədən bu ölkəyə miqrasiyanın 60 illiyinə həsr olunmuş “Türk diasporunun 60 illiyi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsi (YTB) tərəfindən təşkil olunub. Tədbirdə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan, YTB-nin sədri Abdulhadi Turus, Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Faruk Kılıç, Midyat bələdiyyəsinin başçısı Veysi Şahin və bu ölkənin İsveçdəki səfiri Yon Can Tezel iştirak ediblər.

Abdulhadi Turus çıxışında, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə yaradılan YTB-nin əsas məqsədinin xaricdə yaşayan vətəndaşların hüquqlarını qorumaq olduğunu söyləyib.

O, həmçinin qardaş Azərbaycan dövlətinə və Stokholmda fəaliyyət göstərən Azərbaycan diasporuna türk diasporu ilə həmrəyliyə və dəstəyə görə təşəkkür edib, ölkələrimiz arasındakı dostluğun, qardaşlığın əhəmiyyətini vurğulayıb.

Sonra iştirakçılar fotoqraf Orxan Karanın sərgisi ilə tanış olub və Türkiyə–İsveç əlaqələrinin 60 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Qonaqlara tədqiqatçı Mustafa İyi tərəfindən hazırlanmış “İsveçdəki türk diasporunun atlası” kitabı təqdim olunub. Atlasın “Diaspor həmrəyliyi” adlı bölməsində İsveç–Azərbaycan Federasiyasının (SAF) sədri Sevda Dadaşovanın fikirləri də yer alıb.

Artıq 23 ildir İsveçdə yaşayan soydaşımız bildirib ki, İsveç, Azərbaycan və Türkiyə onun həyatının ayrılmaz hissəsinə çevrilib. Türk olması ilə fəxr edən Sevda Dadaşova, həmçinin Qarabağ müharibəsində qazanılan Qələbədən söz açıb: “Qarabağın işğaldan azad olunması təkcə hərbi Qələbə deyil, həm də həqiqət uğrunda mübarizə idi. İsveçdə illərdir güclü erməni diasporu mövcuddur. Bu qrup cəmiyyətdə dezinformasiya yayaraq ictimai fikri manipulyasiya etməyə çalışırdı. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda biz də burada həqiqətin yayılması uğrunda mübarizə apardıq. Deputatlara, qəzetlərə və ictimaiyyətə müraciətlər edirdik. Bəzən səhərdən axşamadək çalışırdıq. Çünki biz haqlı idik. Susmaq ədalətsizliyə şərik olmaq demək idi. Zaman keçdikcə gördük ki, açıq danışmaq nəticə verir. İsveç cəmiyyətində düşüncə tərzi dəyişməyə başladı. Haqq və ədalət öz layiqli yerini tapdı”.

SAF-in sədri, həmçinin İsveçdə fəaliyyət göstərən təşkilatlarla əlaqə saxlayaraq mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın təşviqinin vacibliyini qeyd edib.

“İsveçdə bəzən türkofobiya və islamofobiya hallarına rast gəlinir. “Quran”ın yandırılması və sağçı təxribatlar cəmiyyətdə qorxu yaradır. Amma biz bilirik ki, bu stereotipləri aradan qaldırmağın ən təsirli yolu öz mədəniyyətimizi tanıtmaqdır. Bizim mədəniyyətimiz bu fikri çatdırmağın ən güclü vasitəsidir. Özümüzü mətbəximiz, musiqimiz, rəqslərimiz və incəsənətimiz vasitəsilə ifadə edirik”, - deyə o əlavə edib.

Sevda Dadaşova “İsveçdəki türk diasporunun atlası”nda vurğulayıb ki, o, heç vaxt kimliyindən, dilindən, dinindən və mədəniyyətindən uzaqlaşmayıb, eyni zamanda, olduğu cəmiyyətə hörmət etməyi və onunla birgə yaşamağı öyrənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
1
azertag.az

2Sources