EN

Tramp-Əliyev görüşü olacaqmı? - Bu da Zəngəzur dəhlizinin açılma prosesini sürətləndirəcək

Məlum olduğu kimi, Donald Tramp Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) liderlərini noyabrın 6-da Vaşinqtonda C5+1 formatında onların iştirakı ilə keçirilməsi nəzərdə tutulan Orta Asiya-ABŞ sammitinə dəvət edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sammitdə Azərbaycanın potensial iştirakı ilə bağlı da fikirlərini bildirib:

“Mən Azərbaycanın da belə bir vacib forumda iştirakını arzuolunan hesab edirəm. Çünki enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji vizyonu və siyasi iradəsi nəzərə alınmaqla, bu ölkə mahiyyət etibarilə regional nəqliyyat, logistika və enerji gücünə çevrilib və Cənubi Qafqazda və ondan kənarda mühüm rol oynayır. Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsi hesab edilə bilər. Əminəm ki, tədbir məhsuldar və qarşılıqlı faydalı olacaq”.

Bir sıra ekspertlərin fikrincə, dəvət olarsa, Prezident İlham Əliyevin sammitdə iştirakı və Trampla növbəti görüşü də mümkündür.

Siyasi şərhçi Abutalıb Səmədov Bakıvaxtı.az-a deyib ki, Azərbaycan Prezidentinin ABŞ-Orta Asiya ölkələri sammitində iştirakının arzu olunması dövlətimizin nüfuzunun təsdiqi kimi qiymətləndirilməlidir.

Ekspert vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ölkəsi olmasa da, regionla aramızda bizi bir-birimizə sıx tellərlə bağlayan çoxlu məqamlar var:

"Azərbaycanla Orta Asiya ölkələri arasında yüksək səviyyəli əlaqələr qurulub. Bu əlaqələrin daha da möhkəmlənməsi istiqamətində Azərbaycan lideri böyük iş aparır. ABŞ-Orta Asiya ölkələri arasında keçiriləcək Sammitə İlham Əliyevin də dəvət edilməsi və ABŞ rəhbəri Donald Trampla növbəti görüşü də mümkündür. Amma belə səfərlər və görüşlər əvvəlcədən planlaşdırılır. Əgər ABŞ prezidenti Azərbaycan dövlət başçısını özü dəvət edərsə, yəqin ki, hansısa formada iki prezident arasında müəyyən məsələlər müzakirə olunacaq. Bu, ayrıca görüş şəklində də ola bilər, ayaqüstü təmas formasında da ola bilər”.

Səmədov bir məqam xüsusi qeyd edir ki, Azərbaycan Prezidentinin mövqeyinə ABŞ Administrasiyası çox böyük qiymət, dəyər verir. Trampın hər dəfə Azərbaycan Prezidenti haqqında xoş sözləri də bunun isbatıdır.

Abutalıb Səmədov: Azərbaycan Prezidentinin mövqeyinə ABŞ Administrasiyası çox böyük qiymət, dəyər verir

Analitikə görə, müstəqillik tariximizdə ABŞ prezidentinin Azərbaycan lideri barəsində çox yüksək fikirlər söyləməsi böyük Heydər Əliyevdən sonra ilk hadisədir:

"Amerika liderləri Heydər Əliyevə də çox böyük dəyər verirdilər, rəğbət bəsləyirdilər. Bu gün İlham Əliyevə də eyni münasibəti mühaşidə edirik və təbii ki, bu, bizi çox sevindirir”.

Müsahibimiz ümid edir ki, sammitdə liderlərin növbəti dəfə bir araya gəlməsi mümkün olacaq:

“Bu da Zəngəzur dəhlizinin açılma prosesini sürətləndirəcək, ölkələrimiz arasında münasibətlərin daha da inkişafına təkan verəcək".

Aydın Baxış

Chosen
41
1
bakivaxti.az

2Sources