EN

Bu sahədə hələ də ciddi çatışmazlıqlar mövcuddur EKSPERT AÇIQLADI

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

“Məktəblərdə psixoloqların fəaliyyəti təlim-tərbiyə prosesinin ayrılmaz hissəsidir. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov bildirib.

Onun sözlərinə görə, peşəkar psixoloq məktəbin idarə edilməsində, şagirdlərin davranışının tənzimlənməsində və sağlam psixoloji mühitin formalaşdırılmasında mühüm rol oynayır: "Lakin reallıq göstərir ki, bu sahədə hələ də ciddi çatışmazlıqlar mövcuddur. Hazırda bir çox məktəblərdə psixoloq ştatları formal xarakter daşıyır. Əsas səbəblərdən biri psixoloqların sayının az olmasıdır. Mövcud vəziyyətdə bir psixoloqa çoxlu sayda şagird düşür və bu, onların hər bir uşaqla fərdi şəkildə işləməsinə imkan vermir. Digər mühüm problem isə əmək haqlarının aşağı səviyyədə olmasıdır. Peşəkar və savadlı psixoloqlar daha çox gəlir əldə etmək üçün özəl sektora üstünlük verirlər. Nəticədə məktəblərdə ya təcrübəsiz, ya da motivasiyasız kadrlar qalır.

Məsələnin başqa tərəfi isə məktəb rəhbərliyinin psixoloqların fəaliyyətinə münasibəti ilə bağlıdır. Bir çox hallarda məktəb rəhbərləri psixoloqların işinə lazımi şərait yaratmır, bəzən isə onların fəaliyyətinə birbaşa müdaxilə edirlər. Bu isə psixoloqun peşə bacarığını tam şəkildə nümayiş etdirməsinə mane olur. Halbuki psixoloqlar tək işləməməli, valideynlər və müəllimlərlə birgə hərəkət etməlidirlər. Çətin tərbiyə mühitində olan uşaqlarla fərdi yanaşma tələb olunur, bunun üçünsə həm əməkdaşlıq, həm də dəstək vacibdir.

Son illərdə məktəblərdə şagird davranışları ilə bağlı xoşagəlməz halların artması psixoloji xidmətin zəif təşkil olunduğunu bir daha sübut edir. Əgər məktəbdə psixoloq öz funksiyasını tam şəkildə yerinə yetirə bilsə, bir çox neqativ halların qarşısını almaq mümkün olar. Bunun üçün ilk növbədə psixoloqların əmək haqları artırılmalı, onlar üçün motivasiyaedici şərait yaradılmalıdır. Bundan əlavə, psixoloqların peşəkarlığının artırılması istiqamətində təlim və ixtisasartırma proqramları həyata keçirilməlidir. Məktəblərdə psixoloji mühitin sağlam saxlanılması, uşaqların sosiallaşması və davranış pozuntularının qarşısının alınması bu mütəxəssislərin əsas vəzifələrindəndir.

Məktəb psixoloquna yalnız formal vəzifə daşıyıcısı kimi deyil, təhsil sisteminin mühüm dayağı kimi baxmaq lazımdır. Onların fəaliyyətinə müdaxilə deyil, dəstək göstərilməli, vəzifə bölgüsü aydın şəkildə aparılmalıdır. Yalnız bu halda psixoloqlar məktəbdə sağlam psixoloji iqlim yarada, təlim-tərbiyə prosesinə real töhfə verə bilərlər”Günay Hacıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
sia.az

2Sources