EN

İranda Xameneini təhqir etməyin cəzası nədir? – Xatəmi “müharibə” elan etdi

BAKI, 4 noyabr. TELEQRAF

“İranın Ali dini rəhbəri Əli Xameneini hədələmək müharibə sayılır”.

Teleqraf xəbər verir ki, bunu İran Ekspertlər Şurasının üzvü Əhməd Xatəmi deyib.

“Əli Xameneini hədələmək müharibə sayılır və edam hökmü ilə cəzalandırıla bilər”, - o bildirib.

“Iran International” yazıb ki, Xatəminin bu açıqlaması Xameneinin şəklini yandırdıqdan sonra öldürülən etirazçı Omid Sarlakın hadisəsindən sonra xüsusilə diqqət çəkib:

“Rəsmi məlumatlara görə, Sarlakın ölümü “sevgi uğrunda intihar” kimi təqdim olunsa da, ailəsi onun öldürüldüyünü söyləyib. Xatəminin çıxışı son həftələrdə İran rəsmilərinin müxalifləri ölüm və edamla hədələmə meylini davam etdirdiyini göstərir. Onlar bu ritorika ilə edamı ictimai şüurda “adiləşdirmək”, etirazın isə ölümlə nəticələnə biləcəyi qorxusunu gücləndirmək istəyirlər”.

Mənbə Tehranın deputatı Kamran Qəzənfərinin noyabrın 1-də verdiyi açıqlamadan sitat gətirib: “Xalq gözləyir ki, məhkəmə (sabiq prezident) Həsən Ruhanini edama məhkum etsin və onun boynuna dar ağacının kəndirini keçirsin”.

Noyabrın 9-da isə SEPAH-ın keçmiş komandirlərindən biri Həsən Həsənniya bildirib: “Kim hicabı qəbul etmirsə, onun hökmü edamdır. Şəhidlər sağ olsaydılar, “Qadın, həyat, azadlıq” deyib soyunanların dərisini soyardılar”.

İranın İslam Cəza Məcəlləsinin 514-cü maddəsinə görə, İranın keçmiş ali dini rəhbəri Ruhullah Xomeyni və ya Əli Xameneini istənilən formada təhqir edən şəxs 6 aydan 2 ilədək həbs cəzası alır. Son nümunə olaraq, Bəhhuban şəhərində ibtidai sinif müəllimi Furuğ Xosrəvi bu ittihamla 15 il həbs cəzasına məhkum edilib.

Chosen
14
teleqraf.com

1Sources