EN

Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Qarabağ iqtisadi rayonu Azərbaycanın 14 iqtisadi rayonlarından biri kimi aqrar və sənaye bölgəsidir. Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər inzibati rayonları və Xankəndi şəhərindən ibarət olan bu iqtisadi rayonun sahəsi 7330 kv.km-dir və 2020-ci ildən sonra bölgənin iqtisadi həyatında əsil dönüş başlayıb. Həm dövlət, həm də dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələr bu bölgədə infrastruktur layihələrinin icrası ilə yanaşı, sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, rabitə, ticarət və digər sahələrin ümumi inkişafı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əlavə dəyərin artımını təmin edib. Bu dinamika demək olar ki, adıçəkilən iqtisadi rayonların bütün ərazilərində qeydə alınıb. Xüsusilə də, Laçında inkişaf dinamikası 5 dəfə, Kəlbəcərdə isə 2,1 dəfə, Füzulidə 1,8 dəfə artıb. Qubadlıda iqtisadi artım dinamikası 65 faiz, Ağdamda isə 58 faiz təşkil edib. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ötən il sərmayə qoyuluşları da ölkə üzrə investisiya portfelində xüsusi üstün yer tutub. Ən böyük yatırımlarda paytaxt Bakı şəhəri ilk yerdə dayansa da, azad edilmiş ərazilərdəki rayonlar sonrakı yerləri tutub. Bu rayonlarda 2023-cü ildə kapital qoyuluşlarının həcmi təxminən 5,5 milyard manat təşkil edib. Belə ki, ötən il Laçına yatırılmış sərmayələrin həcmi 1,5 milyard manat, Kəlbəcərə 880 milyon manat, Füzuliyə 677 milyon manat, Cəbrayıla 639 milyon manat, Şuşaya 623 milyon manat, Zəngilana 590 milyon manat, Ağdama isə 568 milyon manat olub. Azad edilmiş ərazilərdə, o cümlədən Qarabağ iqtisadi rayonunda 2024-cü ilin birinci yarısında iş yerlərinin yaradılması da sürətlənib. Belə ki, yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yeri yaradılıb ki, onun 299-u Laçının, 232-si Şuşanın, 103-ü Ağdamın, 42-si Kəlbəcərin, 38-i Cəbrayılın, 37-si Füzulinin, 15-i Xankəndinin, digərləri isə başqa rayonların payına düşür. Cəmi bir neçə ay əvvəl doğma sakinlərinə qovuşmuş Xocalıda da bir neçə iş yeri yaradılıb. Ümumilikdə, bu proses fasiləsiz olaraq davam etdirilir və ilin sonunda bu bölgədə iş yerlərinin sayının 1200-ü ötəcəyi gözlənilir. Həmin ərazilərdə yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin də sayında artımlar qeydə alınıb. Belə ki, hesabat dövründə azad edilmiş rayonlarda 159 yeni müəssisə və təşkilat, 1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı isə 488 vahid artıb. Fərdi sahibkarların böyük bir hissəsi, təxminən 520-si Ağdamda qeydə alınanlardır. Bu rayondakı Sənaye Parkının yaradılması sahibkarların fəaliyyətə başlaması üçün mühüm rol oynamaqdadır. Eləcə də, Füzuli və Kəlbəcərdə də sahibkarlıq subyektlərinin sayı durmadan artır. Bu rayonlarda birlikdə 600-dən çox fərdi sahibkar mövcuddur. Şuşada 61, Xocalıda isə 42 sahibkarlıq subyekti qeydə alınıb. Artıq Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında iqtisadi dəyər yaradan sahələr formalaşır və biznesin ilk addımları öz müsbət səmərəsini göstərməyə başlayır. İki il əvvəl fəaliyyətə başlamış Zəngilandakı “Dost Aqropark” layihəsi artıq öz müsbət nəticələrini verməkdədir. Bu ərazidə ötən il kənd təsərrüfatı məhsullarının istehsalı ümidverici göstəriclərlə yadda qalıb. Yaxud Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” və Sənaye Parkının yeni formalaşan sənaye potenisalının imkanları böyüyür. Bu bölgədə Rusiyanın “Kamaz”, İtaliyanın “İveco” markalı avtomobilləri üçün servis mərkəzi yaradılıb və rezidentlərin sayı artmaqdadır. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb və investisiya təşəbbüsləri dayanmadan artır. Eləcə də Qubadlı və Zəngilanda taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri, heyvandarlıq təsərrüfatları, həmçinin, Kəlbəcər və Laçında arıçılıq təsərrüfatları yaradılıb. Bütün bu amillər Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının ilk iqtisadi artımının nümayişidir və bölgə artıq məhsul buraxılışı üçün hərəkətə gətirilib və işğaldan azad edilmiş ərazilər iqtisadi güc mənbəyi kimi ölkə iqtisadiyyatında əlavə dəyərin yaradılmasına inteqrasiya olunur. Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir. Hazırda bu bölgədə aqrar, sənaye və turizm layihələrinin inkişafı həmin rayonlarda məhsul buraxılışının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Ümumilikdə isə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iş yerlərinin və biznesin fəallığının artması sayəsində bölgənin iqtisadi inkişafında tamamilə yeni mərhələ başlayacaq.Zamir Güvəndiyev,

YAP Şəmkir rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
56
sesqazeti.az

1Sources