EN

İranda Tramp və Netanyahunu əlləri qandallı məhkəməyə gətirdilər, mühakimə etdilər – Molla rejimindən növbəti tamaşa - VİDEO

İranda ABŞ Prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahunun guya “məhkəməsi” canlandırılıb.

Musavat.com xəbər verir ki, Tehran səhnəsində keçirilən bu “tamaşa”da iki aktyor Tramp və Netanyahunu təmsil edərək, əlləri zəncirlənmiş və başlarına qara çuval keçirilmiş vəziyyətdə “məhkəməyə çıxarılıblar”.

Tədbir İran dövlət mediası tərəfindən “ədalətin təcəssümü” kimi təqdim olunub. Lakin görüntülər sosial şəbəkələrdə gülüş və istehza ilə qarşılanıb.

“Sahar Azeri” telekanalının yaydığı kadrlar açıq şəkildə göstərir ki, İran rejimi bu cür səhnələr vasitəsilə öz gücsüzlüyünü gizlətməyə çalışır. Tramp və Netanyahunun guya “məhkəmə” qarşısına çıxarılması İranın psixoloji və təbliğat müharibəsinin tərkib hissəsidir.

Bu səhnədə “hakim” rolundakı şəxs guya dünyaya ədalət dərsi verir, amma bu sözlər rejimin daxili təzyiq və senzura sistemində ironiyaya çevrilir.

İyunda baş verən 12 günlük müharibədə İranın hərbi imkanları bir daha test edildi. İranın hava hücumundan müdafiə sistemi və texnoloji gücü tam aciz vəziyyətdə qaldı. İsrail və ABŞ-ın döyüş təyyarələri İran səmasında rahatlıqla hərəkət edərək, sanki manevr meydanı kimi davranırdılar.

Bu fonunda Tehranın “Tramp və Netanyahunu zəncirləyib mühakimə etmək” səhnəsi həm gülünc, həm də faciəvi mənzərə yaradır — çünki rejim öz məğlubiyyətlərini “teatrlaşdıraraq” ört-basdır etməyə çalışır.

Bu, İranın ilk belə “səhnələşdirilmiş müharibə” addımı deyil. Xatırladaq ki, bir müddət əvvəl dövlət televiziyasında Azerbaycanın işğal edilməsi mövzusunda cizgi filmi nümayiş olunmuşdu.
İndi isə eyni rejim Tramp və Netanyahunun “ədalət qarşısında” diz çökdüyü bir tamaşa qurmaqla özünü bir daha beynəlxalq ələ salınma obyektinə çevirib.

Musavat.com -a görə İranın bu “səhnə məhkəməsi” əslində rejimin öz məhkəməsidir — xalqının sosial ədalət tələblərini, azadlıq istəklərini boğan, lakin dünyaya “ədalət dərsi” keçən bir sistemin aciz simvolu.

Musavat.com

Chosen
39
musavat.com

1Sources