EN

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2026-ci ilin dövlət büdcəsi müzakirə olunub -Fotolar



Noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov iclasın gündəliyinə ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda daxil edildiyini deyib. Bildirilib ki, iclasda parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azər Əmiraslanov 2026-cı ilin büdcə zərfinin qanunvericiliklə müəyyən edilmiş müddətdə və formada Milli Məclisə daxil olduğunu, Hesablama Palatası tərəfindən həmin sənədlərə dair rəylərin hazırlandığını qeyd edib. O, bildirib ki, növbəti ilin büdcə zərfi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Konstitusiya və Suverenlik İli”ndə hazırlanıb. Dövlət suverenliyinin tam bərpasında, onun iqtisadi əsaslarının möhkəmlənməsində ölkə iqtisadiyyatının, dövlət büdcəsinin müstəsna rolu var. Komitə sədri Prezident İlham Əliyevin söylədiyi - “Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir”, “İqtisadi artım olmadan, sadəcə büdcə xərcləri hesabına sosial məsələləri həll etmək çətindir”, “Bizim bütün cari xərclərimiz qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməlidir” kimi istiqamətverici fikirlərinin ölkəmizdə həyata keçirilən büdcə siyasətinin, o cümlədən 2026-cı ilin büdcə zərfinin konseptual əsaslarını təşkil etdiyini vurğulayıb.

Sonra komitə sədri diqqətə çatdırıb ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat çox olmaqla 38,6 milyard manat, xərcləri 296 milyon manat çox olmaqla 41,7 milyard manat proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat olmaqla ÜDM-in 2,3 faizini təşkil edəcək.
Növbəti ildə iqtisadi artım 2,9 faiz, orta illik inflyasiya səviyyəsi 4,8 faiz proqnozlaşdırılır, xam neftin büdcə qiyməti 1 barrel üçün 65 ABŞ dolları qəbul edilib, manatın məzənnəsinin sabit qalacağı gözlənilir. Növbəti ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 2,4 faiz azalacağı, qeyri neft-qaz ÜDM-in 5,0 faiz artacağı proqnozaşdırılır.
2026-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 43 faizi və ya 16,4 milyard manatı neft-qaz sektorunun, 57 faizi və ya 22,2 milyard manatı qeyri neft-qaz sektorunun payına düşür.
Azər Əmiraslanov büdcə zərfinin siyasi, konseptual, institusional, iqtisadi, sosial və təhlükəsizlik sənədi olduğunu qeyd edib. O, bildirib ki, 2026-cı ilin büdcə zərfi siyasi sənəd kimi, dövlət başçısının irəli sürdüyü təşəbbüsləri, təsdiq etdiyi dövlət proqramlarını, ölkəmiz qarşısında dayanan strateji vəzifələri və prioritetləri əks etdirir və onların icrası üçün maliyyə təminatını həll edir. Konseptual baxımdan dövlət siyasətinin bütün istiqamətlərini müəyyən edir. İnstitusional sənəd olaraq dövlətin funksiyalarının icrası, dövlət təsisatlarının fəaliyyəti üçün maliyyə təminatı yaradır. İqtisadi sənəd kimi növbəti ilin büdcə zərfi iqtisadi inkişaf prioritetlərini özündə əks etdirir və vergi, gömrük, sənaye, investisiya, sahibkarlıq, kənd təsərrüfatı, infrastruktur sahələrində tədbirləri nəzərdə tutur və stimullaşdırır. Sosial sənəd baxımından büdcə zərfində xərclərin 41 faizinin sosialyönümlü olması, sosial hədəflərin maliyyə təminatının nəzərə alınması ehtiva olunur. Növbəti ilin büdcə zərfi həm də milli təhlükəsizlik və müdafiə məsələlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb edir.
Komitə sədri dövlət büdcəsinin dayanıqlığına nail olmaq üçün maliyyə təhlükəsizliyinin təmin edilməsi və büdcə öhdəliklərinin yerinə yetirilməsinin vacibliyindən danışıb. O, 2026-cı ildə cari xərclərin 88,1 faizinin qeyri neft-qaz gəlirləri hesabına qarşılanacağını önəmli hesab edib. Bildirilib ki, büdcənin xərc hissəsi və onun strukturu konsolidasiya və optimallaşdırma, gəlir hissəsi isə büdcə dayanıqlığı ilə bağlı təşəbbüsləri göstərir. Büdcənin dəyərlənidirilməsi üçün proqnozlaşdırılan makro göstəricilər çərçivəsində iqtisadi sabitliyin təmin edilməsinin mühüm rol oynadığını deyib. Fiskal və monetar siyasətin uzlaşdırılması ilə bağlı vəzifələrin yerinə yetirildiyini, o cümlədən monetar siyasətin çevikliyinin artdığını, iqtisadi artımın dəstəklənməsi ilə maliyyə sabitliyinin qorunması arasında balansı təmin edən pul siyasətinin həyata keçirildiyini qeyd edib. Dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması və onun ahəngdar icrası üçün büdcə zərfində çoxsaylı fiskal və qeyri-fiskal tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sonra iclasda maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini və büdcə zərfinə daxil olan sənədləri təqdim edib.
Nazir bildirib ki, ölkə başçısının siyasətində Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafı, onun müdafiə qabiliyyəti və təhlükəsizliyinin qorunması, ölkədə sabitliyin təmin olunması əsas istiqamətləri təşkil edir. 2026-cı ilin dövlət və icmal büdcələrinin hazırlanması zamanı makroiqtisadi, fiscal və monetar sabitliyin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatı, əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı istiqamətlərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər nəzərə alınıb. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpası, Böyük Qayıdış proqramı ilə bağlı tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlər ehtiva olunur. İqtisadiyyatın inkişafı, o cümlədən davamlı kapital qoyuluşunun təmin edilməsi, infrastrukturun daha da yaxşılaşdırılması, özəl sektorun dəstəklənməsi, vergi yükünün optimallaşdırılması, neft gəlirlərindən asılılığın azaldılması və valyuta ehtiyatlarının qorunması istiqamətləri öz əksini tapıb.
Sonra maliyyə naziri növbəti ilin əsas makroiqtisadi göstəriciləri barədə məlumat verib. O, bildirib ki, ÜDM 2026-cı ildə real ifadədə 2,9 faiz artaraq 134,1 milyard manat, o cümlədən qeyri neft-qaz ÜDM-in 5,0 faiz artaraq 101,7 milyard manat təşkil edəcək. Cari tarixdə dövlət borcu 25.4 milyard manat və ya illik ÜDM-in 19.5 faizini təşkil edir. Hazırda ölkənin strateji valyuta ehtiyatları 81.5 milyard ABŞ dolları həcmindədir. 2026-cı ildə Neft Fondunun gəlir və xərcləri 7,7 milyard ABŞ dolları səviyyəsində balanslaşdırılıb. Neft Fondundan büdcəyə transfert 2025-ci illə müqayisədə 1 milyard ABŞ dolları həcmidə azaldılıb.
2026-cı ilin büdcə xərcləri ilə əlaqədar nəzərə çatdırılıb ki, icmal büdcə xərcləri 48.8 milyard manat məbləğində qiymətləndirilir və bunun ÜDM-də payı 36.4 faiz, qeyri-neft ÜDM-də payı 48 faiz təşkil edir. Dövlət büdcəsinin xərcləri isə 41.7 milyard manat proqnozlaşdırılır. Büdcənin cari xərcləri 25,2 milyard manat və ya 60.3 faiz müəyyən edilib və cari xərclərin qeyri neft-qaz daxilolmaları hesabına 88,1 faiz qarşılanacağı gözlənilir. Əsaslı xərclər növbəti ildə 14.1 milyard manat və ya 34 faiz olaraq proqnozlaşdırılır. Dövlət borclarına xidmətlə bağlı xərclər 2.5 milyard manat və ya 5.9 faiz qiymətləndirilir. Sosialyönlü xərclər 17.1 milyard manat və ya 41.1 faiz proqnozlaşdırılır. Təhsil sahəsində xərclər 5 milyard manat və ya 12 faiz təşkil edəcək. Sosial müdafiə və sosial təminat xərcləri 4.9 milyard manat və ya 11.7 faiz, sosial müavinət üzrə xərclər 3.2 milyard manat və ya 65.3 faiz müəyyən edilib. Səhiyyə xərcləri dövlət büdcəsində 2 milyard manat, icmal səhiyyə xərcləri isə 3,7 milyard manat proqnozlaşdırılıb. Ölkənin müdafiə və milli təhlükəsizliyi ilə bağlı xərcləri 8.7 milyard manat və ya 21 faiz təşkil edəcək. İqtisadi fəaliyyət xərclərinə 7.9 milyard manat və ya 18.8 faiz yönəldiləcək. Kənd təsərrüfatı xərclərinə 1.2 milyard manat və ya büdcənin 3 faizi ayrılıb.
Bildirilib ki, 2026-cı ildə icmal büdcənin gəlirləri 45.0 milyard manat, dövlət büdcəsinin gəlirləri isə 38.6 milyard manat təşkil edəcək. O cümlədən qeyri-neft sektoru üzrə gəlirlər 22,2 milyard manat və ya 57,4 faiz, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 63 faiz proqnozlaşdırılır. Neft-qaz sektoru üzrə gəlirlər 16,4 milyard manat və ya 42,6 faiz müəyyən edilib. Dövlət Vergi Xidmətindən daxilolmalar 16,9 milyard manat və ya büdcə gəlirlərinin 43,8 faizinə bərabər olacaq. Dövlət Gömrük Komitəsi vasitəsilə daxilolmalar 6,9 milyard manat və ya 17,8 faiz olaraq qiymətləndirilir. Büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə gəlirlər 1 milyard 21 milyon manat və ya 2,6 faiz gözlənilir. Sair gəlirlər 531 milyon manat, Dövlət Neft Şirkətinin dividendlərindən isə 450 milyon manat gəlir proqnozlşadırılır.
Qeyd olunub ki, dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manata bərabər olacaq.
Bununla yanaşı, Sahil Babayev bildirib ki, 2026-cı ilin icmal büdcəsində qeyri-neft sektoru üzrə gəlirlər 63 faiz təşkil edəcək. İcmal büdcənin kəsiri 3,9 milyard manat olaraq qiymətləndirilir. Kəsirin ümumi daxili məhsula nisbəti 2,9 faiz səviyyəsində olacaq. Dövlət Neft Fondunun gəlir və xərcləri 13 milyard manat məbləğində proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikasının gəlir və xərcləri 483 milyon manat məbləğində müəyyən olunub.
İclasda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan Prezidentinin apardığı uzaqgörən siyasət nəticəsində bu illər ərzində dövlətimizin beynəlxalq nüfuzu, iqtisadi qüdrəti və hərbi potensialı əsaslı şəkildə güclənib. Dünya iqtisadiyyatında qeyri-müəyyənliyin davam etdiyi və risklərin artdığı bir şəraitdə ölkəmizdə makroiqtisadi sabitlik hökm sürür, xarici ticarət balansında davamlı müsbət saldo müşahidə olunur, strateji valyuta ehtiyatları artmaqda davam edir və qeyri-neft-qaz sektoru üzrə fiskal daxilolmalar hesabına dövlət büdcəsinin maliyyə dayanıqlığı daha da güclənir. Bu proseslər avqustun 8-də ABŞ-də sülh gündəliyinə imza atıldığı tarixi mərhələdən sonra daha da sürətlənib.
Nazir bildirib ki, 2026-cı il üçün dövlət büdcəsi layihəsinin hazırlanmasında ölkə iqtisadiyyatının cari vəziyyəti qiymətləndirilməklə daxili və xarici amillər nəzərə alınıb və müxtəlif makroiqtisadi ssenarilər nəzərdən keçirilib. Qeyd edilib ki, Azərbaycan iqtisadiyyatı, həm son illərdə, həm də cari ildə dayanıqlı inkişaf nümayiş etdirib. 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3 faiz artması gözlənilir. Bu artım tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sahədə ÜDM-in orta illik artımının 6,1 faiz olacağı gözlənilir. Son illərdə ölkənin ixrac imkanları da genişlənməkdədir. 2025-ci ilin gözlənilən göstəricisi nəzərə alınmaqla, 2019-2025-ci illərdə qeyri-neft-qaz ixracının 2,3 dəfə artması gözlənilir. Ölkənin strateji valyuta ehtiyatları isə 2018-ci ilin sonundan 2025-ci ilin 1 oktyabrınadək 1,8 dəfədən çox artaraq 81,5 milyard ABŞ dolları təşkil edib.
Nəzərə çatdırılıb ki, hazırda ölkədə ümumilikdə makroiqtisadi sabitlik təmin edilib və dövlət büdcəsinin fiskal daxilolmaları proqnozdan artıq icra olunub, iqtisadiyyatın şaxələnməsinə yönəlmiş fəaliyyət davam edir, o cümlədən, Orta Dəhlizin tam işə düşməsi orta və uzun müddətli dövrdə iqtisadi artımın sürətlənməsində permanent amillərdən biri olacaq.
Mikayıl Cabbarov cari ildə iqtisadi və fiskal nəticələrin əldə olunmasında İqtisadiyyat Nazirliyinin xidmətlərindən danışıb. Bildirilib ki, sənaye zonaları üzrə ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 171 sahibkarlıq subyektinə rezident statusu verilib. Cari ilin 9 ayında sənaye zonalarının ölkə üzrə qeyri-neft-qaz sənayesi istehsalında xüsusi çəkisi 19,2 faiz, ixracında isə payı 29,4 faiz təşkil edib.
Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası sahəsində genişmiqyaslı bərpa-quruculuq tədbirlərinin həyata keçirilməsi istiqamətində müxtəlif sahələri əhatə edən bir sıra layihələrin icrası məqsədilə 2021-2025-ci illər ərzində dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində məqsədəmüvafiq tədbirlər görülüb.
Daha sonra Mikayıl Cabbarov 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf strategiyasının tam icrası, işğaldan azad olunmuş torpaqlarımızın bərpası və oradakı iqtisadi potensialın hərəkətə gətirilməsi, iqtisadi artımın davamlılığının təmin olunması, makro-fiskal dayanıqlığın gücləndirilməsi və ölkə əhalisinin sosial rifahının yüksəldilməsi kimi mürəkkəb vəzifələrin balanslı şəkildə həllində büdcə siyasətinin mühüm rolundan söhbət açıb. O, bildirib ki, büdcə paketində təqdim olunan proqnozlar 3 ssenaridə - baza, optimist və pessimist ssenarilərdə hazırlanaraq büdcə tərtibi prosesində risklərin qiymətləndirilməsi üçün istifadə edilib. Qeyd edilib ki, ÜDM-in növbəti ildə 2,9 faiz, 2026-2029-cu illərdə orta illik hesabla 3,5 faiz, qeyri-neft-qaz ÜDM-nin növbəti və ortamüddətli dövrdə isə orta illik hesabla 5 faiz ətrafında artacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə qeyri-neft-qaz sənayesi, turizm, İKT və nəqliyyat sektorlarında olan artım templərinin mühüm rola malik olacağı proqnozlaşdırılır.
Nazir bildirib ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması istiqamətdə intensiv işlər görülməkdədir. Yeni strategiyada makoiqtisadi və fiskal dayanıqlıq ilə iqtisadi artım və şaxələnmə məqsədlərinin ən effektiv şəkildə balanslaşdırılması, özəl və xarici investisiyaların iqtisadi artıma, ixraca və məşğulluğa töhfəsinin daha da artırılması, bunun üçün biznes mühitin daha da yaxşılaşdırılması, biznesə və prioritet sahələrə dövlət dəstəyi mexanizmlərinin səmərəsinin artırılması, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi kimi fəaliyyət istiqamətlərinin xüsusi yer alması nəzərdə tutulur.
Sonra Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı il üzrə dövlət büdcəsinin layihəsinə münasibət bildirib.
Taleh Kazımov deyib ki, qlobal iqtisadiyyatda və maliyyə bazarlarında yeni reallıqların formalaşdığı şəraitdə 2025-ci ilin 9 ayında ölkə iqtisadiyyatında artım davam etmiş, dövr ərzində iqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olmuşdur.
O, Mərkəzi Bankın iqtisadi artımla bağlı nikbin proqnozlarını diqqətə çatdırıb. Mərkəzi Bankın proqnozlarına əsasən, ÜDM-nin artımı 2025-ci ilin sonuna 2,2%, 2026-cı ildə isə 2% olacaq. Qeyri-neft-qaz ÜDM-də isə artım 2025-ci ilə 3,7%, 2026-cı ilə 4,4% proqnozlaşdırlır. Bildirilib ki, Mərkəzi Bank cari əməliyyatlar balansının profisiti 2025-ci il üzrə 3,7 mlrd. ABŞ dolları civarında proqnozlaşdırır.
Taleh Kazımov bildirilib ki, 2025-ci ildə pul siyasəti monetar şərait vasitəsilə inflyasiyanın hədəf daxilində saxlanılmasına yönəldilib. O, inflyasiyaya təsir edən amilləri diqqətə çatdıraraq, deyib ki, tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olaraq qalması valyuta bazarında tarazlığı dəstəkləyən başlıca amil olmuşdur. 2025-ci il ərzində pul siyasəti alətləri pul bazarları və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilmişdir.
2025-ci ilin ötən dövründə mürəkkəb geosiyasi proseslərin yaratdığı qeyri-müəyyənliklər fonunda bank sektoru sabit fəaliyyətini davam etdirib. Bank sektorunda məcmu kapital adekvatlılıq səviyyəsi 18,1% səviyyəsində formalaşıb. Likvidliyin örtülmə əmsalı 157% olmaqla normativləri əhəmiyyətli üstələmiş, sektorun kapitala gəlirliliyi 19,3% səviyyəsində qərarlaşıb. Dövr ərzində əhalinin əmanətləri 7,5%, o cümlədən müddətli əmanətləri 13% artıb.
Taleh Kazımov gələn ilin büdcə layihəsi ilə bağlı bildirilib ki, 2026-cı il və ortamüddətli dövrə təqdim edilən makro-fiskal çərçivə optimal və effektivdir. O, ortamüddətli dövr ərzində dövlət büdcəsinin fiskal qayda çərçivəsində hazırlanmasını və xərclərin dayanıqlı prinsiplərə uyğunluğunu da müsbət qarşılayıb. Bildirilib ki, büdcə xərclərinin effektivliyinin artırılması fiskal multiplikatorun yaxşılaşmasına xidmət edəcək.
Mərkəzi Bankın sədri bildirilib ki, proqnozlara görə növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək.
Pul siyasəti alətlərindən istifadə zamanı maliyyə bazarlarında baş verən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınacaq. Maliyyə sektoru üzrə prioritetlər “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”na uyğun həyata keçiriləcək. Strategiyanın icrası çərçivəsində ölkəmizdə maliyyə sisteminin mühüm sektorları olan sığorta, kapital bazarları, ödəniş sistemləri və rəqəmsal maliyyə kanallarının inkişaf etdirilməsi, habelə bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2026-cı il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini səsləndirib. O, büdcə layihəsinin, Büdcə zərfinə daxil olan sənəd və məlumatların “Büdcə sistemi haqqında” qanuna uyğun olduğunu deyib.
Palatanın gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı mövqeyinin əsas məqamlarını diqqətə çatdıran Vüqar Gülməmmədov qeyd edib ki, qanun layihəsinə əsasən növbəti ildə gəlirlər cari ilin eyni göstəricisindən 253 milyon manat çox olması planlaşdırılır. O, bu artımın Dövlət Neft Fondundan transferin əhəmiyyətli azaldılması fonunda vergi daxilolmaları hesabına təmin olunacağını qeyd edərək, bildirib ki, aparılan təhlillər növbəti ildə vergi xətti ilə daxilolmaların bəzi mənbələri üzrə proqnozlaşdırılan gəlirlərin reallaşdırılmasında ciddi risklər yaranmayacağını göstərir.
2026-cı ildə dövlət büdcəsi xərclərinin təhlili nəticəsində isə palata ən əhəmiyyətli azalmaların (subsidiyaların və qrantların) uçot siyasətində edilən dəyişikliklərlə bağlı olduğu qənaətinə gəlib.
Palata sədri layihədə müəyyən təkmilləşddirmələrin aparılması, uyğunsuzluqların aradan qaldırılması, eyni zamanda xərclərin səmərəli planlaşdırılması, fiskal risklərin minimallaşdırılması ilə bağlı palatanın bəzi tövsiyələrini də diqqətə çatdırıb.
Məsələ ətrafında müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, üzvləri Ziyad Səmədzadə, Əli Məsimli, Tahir Mirkişili, Aydın Hüseynov, Vüqar Bayramov, deputatlar – Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa çıxış ediblər, növbəti ilin dövlət büdcəsi layihəsi ilə bağlı fikirlərini, rəy və təkliflərini bildiriblər, bəzi suallarını səsləndiriblər.
Maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda komitə üzvləri Müşfiq Cəfərov, Heydər Əsədov, Rövşən Muradov, Əlibala Məhərrəmzadə, Məşhur Məmmədov, Zaur Şükürov, deputatlar - Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əli-zadə, Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Tənzilə Rüstəmxanlı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Maliyyə nazirinin müavini Himalay Məmişov, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.



Chosen
41
1
aia.az

2Sources