EN

BDU və İndoneziyanın Bina Nusantara (BINUS) Universiteti arasında anlaşma memorandumu imzalanıb

Koreya Respublikasının paytaxtı Seulda 4 noyabr 2025-ci il tarixində Bakı Dövlət Universiteti (BDU) və İndoneziyanın Bina Nusantara (BINUS) Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

QHT.az xəbər verir ki, Universitetlər arasında elmi-tədqiqat, tədris, akademik mobillik və mədəni əlaqələrin inkişafını nəzərdə tutan memorandum tərəflər arasında birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, beynəlxalq seminar və konfransların birgə təşkili, həmçinin ikili diplom proqramlarının işlənilməsi istiqamətində əməkdaşlığa xidmət edəcəkdir.

Rəsmi görüş zamanı BDU-nun rektoru Elçin Babayev Azərbaycan və İndoneziya arasında dostluq münasibətlərinin təhsil və elm sahəsində də möhkəmlənməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, BINUS Universiteti ilə qurulan tərəfdaşlıq BDU-nun beynəlmiləlləşmə strategiyasına uyğun olaraq Asiya regionu üzrə əlaqələrin genişləndirilməsinə yeni imkanlar açır.

BINUS Universitetinin rektoru Dr. Nelly BDU ilə əməkdaşlığın hər iki universitet üçün faydalı olacağına əminliyini ifadə edib. O, informasiya texnologiyaları, mühəndislik, sosial elmlər, biznes və idarəetmə sahələrində birgə təşəbbüslərin həyata keçirilməsinə maraq göstərdiklərini bildirib.

Tədbirin sonunda anlaşma memorandumu imzalanıb.

Bu əməkdaşlıq BDU-nun beynəlxalq əlaqələrinin coğrafiyasının Asiya–Sakit okean regionuna genişlənməsinə xidmət edəcəkdir.

Chosen
40
3
qht.az

4Sources