EN

ABŞ BMT-dən Suriyanın prezidentinə qarşı sanksiyaların ləğvini istəyib

Vaşinqton keçid dövrü üçün Əhməd əş-Şəra barədə qadağaların götürülməsini təklif edib...

Poliqon xəbər verir ki, ABŞ BMT Təhlükəsizlik Şurasına Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəra və daxili işlər naziri Ənəs Xəttab barədə tətbiq edilmiş sanksiyaların müvəqqəti ləğvini nəzərdə tutan qətnamə layihəsi təqdim edib. Reuters-in məlumatına görə, bu təşəbbüs Suriyanın hazırkı liderinin ABŞ prezidenti Donald Trampla gözlənilən görüşü ərəfəsində irəli sürülüb.

Agentliyin məlumatına əsasən, qətnamənin səsverməyə çıxarılma tarixi hələ müəyyənləşdirilməyib. Qətnamənin qəbul olunması üçün ən azı doqquz üzvün “lehinə” səsi və daimi üzvlər – Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniyanın heç birinin veto qoymaması tələb olunur.

Əhməd əş-Şəra-nın ABŞ-a səfəri barədə ilk məlumat noyabrın əvvəlində yayılıb. Bildirilir ki, bu, 1946-cı ildə Suriya müstəqillik qazandıqdan sonra ölkə prezidentinin Vaşinqtona edəcəyi ilk səfər olacaq. Səfərin hazırlıqları fonunda Almaniya kansleri Fridrix Merts də Suriya prezidentini Almaniyaya dəvət edib. Görüşün əsas mövzusunun Avropadakı suriyalı qaçqınların vətənə qaytarılması məsələsi olacağı gözlənilir.

Bundan əvvəl isə məlum olmuşdu ki, Suriya Moskvadakı səfirliyinin strukturunda dəyişikliklərə başlayıb. Ərəb Respublikasının Xarici İşlər Nazirliyi ilk mərhələdə konsulluq şöbəsinə yeni əməkdaşların cəlbi üçün elan verib. Məqsəd pasport və viza verilmə prosesini sadələşdirməkdir. “Kommersant” nəşrinin məlumatına görə, Dəməşq səfirliyin kadr tərkibini əsaslı şəkildə yeniləməyi və diplomatik nümayəndəliyi Rusiyanın paytaxtında başqa binaya köçürməyi planlaşdırır.

Poliqon.info

Chosen
30
poliqon.info

1Sources