EN

Süni intellektin inkişafı

Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır

Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə bütün istiqamətlərdə hərtərəfli və uzunmüddətli inkişafını davam etdirir. Ötən illər ərzində ictimai həyatın bütün sahələrində olduğu kimi, elm və təhsilin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi, tədqiqat və tədrisin məzmunca yenilənməsi istiqamətlərində də əsaslı addımlar atılıb. Bu gün Azərbaycan elmi ölkəmizdə gedən dayanıqlı inkişaf proseslərinin mühüm tərkib hissəsini təşkil edir.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasına uyğun olaraq, ölkəmizdə elmin inkişafına xüsusi diqqət ayrılır. 

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında qeyd etdiyi kimi, son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artırılıb, Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmləndirilib, onun şəhərciyində yerləşən binalar təmir edilib və bir sıra digər addımlar atılıb. "Dövlət başçısının ölkəmizin milli maraqlarına əsaslanan məqsədyönlü, nəticəyə hesablanmış siyasəti Azərbaycanın dayanıqlı inkişafını təmin edərək, şanlı zəfərimizin əldə olunmasına əsaslı zəmin yaratdı. Son on il ərzində Azərbaycan tarixi qələbələr əldə  edərək, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi, iqtisadi dayaqlarını daha da gücləndirdi, beynəlxalq mövqelərini möhkəmləndirdi. Ölkəmiz bu gün qlobal müstəvidə baş verən proseslərə uyğun olaraq, inkişafının yeni mərhələsində inamla addımlayır. Bu xüsusda Azərbaycanda süni intellektin inkişafı və tətbiqi, rəqəmsallaşma istiqamətində mühüm addımlar atılır", - deyə o əlavə edib. 

Elmi araşdırmaların innovativ texnologiyaların formalaşmasına, milli təhlükəsizliyin möhkəmləndirilməsinə və müdafiə sənayesində müasir həllərin tətbiqinə şərait yaratdığını vurğulayan komitə sədri deyib ki, alimlərimizin bilik və təcrübəsi rəqəmsal transformasiyanın sürətləndirilməsi, süni intellekt əsaslı idarəetmə modellərinin yaradılması, kibermühitin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətlərdə elmi-tədqiqat fəaliyyətləri Azərbaycanın elmi və texnoloji inkişafının təmin olunmasına mühüm töhfə verəcək.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Chosen
22
3
azerbaijan-news.az

4Sources