EN

Revanşistlər Ermənistan cəmiyyətindən dəstək ala bilmirlər

Sülh bəşəriyyətə xəstəyə dərman lazım olan qədər gərəkli və dəyərlidir. Sülh əmin-amanlıq, dinc, firavan yaşamaqdır. Sülh cəmiyyətin, dünyanın qorunmasıdır. Və nəhayət, sülh bütün vasitələrdən güclü və qüdrətlidir.

Həmişə sülhün tərəfində olan Azərbaycan da regionda sabitliyə, əmin-amanlığa çalışır. Belə olmasaydı, İkinci Qarabağ müharibəsini Zəfərlə başa vurduqdan sonra məğlub Ermənistana müəyyən şərtlərlə sülh təklif etməzdi. Məhz Azərbaycanın, onun dövlət başçısının səyləri sayəsində danışıqlar başlandı. Çox keçmədi ki, danışıqlar prosesində sülhün əldə olunması üçün müsbət dinamika yarandı. Təəssüflər olsun ki, Azərbaycan-Ermənistan sülh danışıqları müsbət məcrada davam etdiyi bir vaxtda bu prosesi pozmaq istəyən qüvvələr də baş qaldırdı. Müşahidələr göstərir ki, sülh istəməyən belə qüvvələr yalnız Ermənistanın daxilində deyil, xaricində də mövcuddur. Onlar iki ölkənin sülh şəraitində yaşamasını, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin təmin olunmasını, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin (TRIPP) açılmasını istəmirlər və bütün vasitələrlə sülhə əngəl olmağa çalışırlar.

Ermənistanın Baş naziri çıxışlarında bunu özü də açıq-aşkar etiraf edib ki, Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var və onlar həm Ermənistanda, həm də ona yaxınlıqda və uzaqlıqda mövcuddur. Həmin qüvvələr hələ də məsələnin əsl mahiyyətini başa düşmürlər. Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda əldə edilmiş bəyannaməni gözdən salmağa çalışanlara cavab verərək deyib: "Sülh bəyannaməsi imzalandı, onlar dedilər ki, bu, ancaq bəyannamədir. Amma heç kim demir ki, 1994-cü ildən Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi gedirdi və heç vaxt Qarabağ məsələsi ilə bağlı bəyannamə layihəsindən başqa sənəd layihəsi olmayıb. Bəyannamə bu qədər asan bir şeydirsə, niyə 30 ildir bu dövlətin, xalqın bütün enerjisini, gündəmini sırf həmin bəyannamə üzərində cəmləşdiririk?"

Amma nə olsun, sülhə mane olan revanşist qüvvələr qan qoxulu müharibə fikirlərindən əl çəkmək istəmirlər. Onlar bəzi xarici qüvvələrin dəstəyi ilə Ermənistandakı mövcud hakimiyyəti devirməyə çalışırlar, baxmayaraq ki, xeyli vaxtdır bu çirkin niyyətlərini həyata keçirə bilmirlər. Buna baxmayaraq, siyasi cəhətdən tükənən Sarkisyan-Koçaryan cütlüyü məqsədlərindən əl çəkmirlər. Erməni cəmiyyətinə ötürmək istəyirlər ki, guya Azərbaycanla Ermənistan arasında sülh əldə olunsa, bu, Ermənistanın məhvinə gətirib çıxaracaq. Bu sərsəm ideyanın təbliği üçün siyasi cəhətdən savadsız gənclərdən, Qarabağdan könüllü köçən ermənilərdən və kilsənin xidmətlərindən yararlanırlar. Amma nə qədər dəridən-qabəqdan çıxsalar da, cəmiyyətdən istədikləri dəstəyi ala bilmirlər. Çünki artıq erməni xalqı müharibədən, münaqişədən bezib. Övladlarının heç vaxt onların olmamış və heç vaxt da olmayacaq torpaqlarda ölməsini istəmirlər. Ona görə də müharibə, qarşıdurma tərəfdarı olan revanşistlərin arxalarınca getmirlər. 

Belə bir şəraitdə N.Paşinyan 2026-cı il parlament seçkilərində xalqın sülh tərəfdarı olacağına ümid edir. Ona görə də seçkilərin əsas məqsədinin məhz sülhyönümlü seçim olduğunu bildirir. Çıxışlarından, bəyanatlarından aydın görünən odur ki, Nikol Paşinyanın strategiyası Azərbaycanla sülhə nail olmaqdır. O, ölkəsinin gələcəyini qonşularla sülhdə, əmin-amanlıqda görür. Elə qarşıdakı seçkilərə də bu proqramla, bu məqsədlə gedir. Onun seçki kampaniyası da məhz bu istiqamətə köklənib. Azərbaycanla tranzit əlaqələrində məhdudiyyətlərin aradan qaldırılması Nikol Paşinyanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Müşahidəçilər ümid edirlər ki, Paşinyanın Azərbaycanla sülh müstəvisində həyata keçirdiyi siyasət xalqın ona dəstəyini daha da artıracaq.

N.Paşinyan bu günlər parlamentdə 2026-cı il büdcəsinin müzakirəsi zamanı Azərbaycanla münasibətlərin normallaşması məsələsinə toxunub. Baş nazir deyib ki, sülh Ermənistan üçün tanış olmayan məfhumdur.  "Biz sülhün Ermənistan üçün naməlum məfhum olduğunu qəbul etməliyik. Çünki ölkə müstəqilliyinin ilk günlərindən münaqişə vəziyyətindədir..." Bir müddət əvvəl isə Ermənistan hökumətinin başçısı məktəblilər və tələbələrlə söhbətində "əsl Ermənistan" ideologiyasını "böyük Ermənistan" ideologiyası ilə müqayisə edib və ölkənin iqtisadi inkişafı naminə xam xəyallardan imtinanın zəruriliyindən danışıb.

Hazırda Ermənistanda hakimiyyətə qarşı çıxan iki qüvvə var. Biri Qarabağdan gedən ermənilərdir. Bu, onların faşist düşüncə təbliğatına uymaları ilə əlaqədardır. Sülh prosesinə əngəl olmaq istəyən ikinci qüvvə isə erməni kilsəsidir. Ermənistanda din dövlətdən ayrı olmadığına görə büdcədən maliyyələşir. Üstəlik,  ictimai fikrin formalaşmasında kilsənin təsiri böyükdür. Onu da qeyd edək ki, Eçmiədzinin rəhbəri II Qareginin bu mübarizədə bəlkə də birinci hədəfi Paşinyanı devirməkdir. Hələ 2018-ci ilin may ayında siyasi hakimiyyətə gələn Paşinyan II Qaregini qəbul etməyib. Buna səbəb baş keşişin hakimiyyətin işinə qarışması olub. Ona görə də bu gün II Qaregin oyundan kənarda qalıb, çıxılmaz duruma düşüb. Amma o, tək deyil. Açıq siyasi mübarizə formasına keçən keşişlər dəstəsi son zamanlar revanşistlərin təşkil etdiyi etiraz mitinqlərinin önündə gedirlər. 

Son günlərin hadisələri göstərdi ki, hakimiyyət də boş dayanmır, ölkədə sabitliyi qorumaq üçün revanşistlərə və onları dəstəkləyən qüvvələrə qarşı mübarizə aparır, dağıdıcı Eçmiədzini islah etmək üçün zəruri addımlar atır. Artıq Eçmiədzinin 10-dan çox təmsilçisi həbs olunub. Hakimiyyətə qarşı nifrətə köklənən II Qaregin belə vəziyyətdə maskalanaraq özünü xalqın xilaskarı kimi göstərməyə çalışır, hakimiyyətdən narazı qüvvələrin sırasında addımlayır. Təbii ki, revanşistlərə rəhbərlik edən Sarkisyan-Koçaryan cütlüyü də bundan istifadə etməyə çalışır.

Hadisələrin gərgin gedişindən göründüyü kimi, Ermənistan hökumətini və erməni xalqını qarşıda ciddi sınaqlar gözləyir. Uzun illərin gərginliyindən canını qurtarmış erməni xalqı yeni bir yola çıxıb. Bu yolda düşmənçilik, qarşıdırma, qan-qada yoxdur, atəş səsləri eşidilmir. Gediləcək bu yol onları sülh mərhələsindən  keçirərək qonşuluğa və əməkdaşlığa aparıb çıxaracaq.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Chosen
84
28
azerbaijan-news.az

10Sources