EN

Paşinyan yeni mina xəritələrini gizlədir

Erməni baş nazir Azərbaycanla bağlı son günlər diqqətçəkən və müsbət fikirlər səsləndirir, amma əməli addımlara gələndə İrəvan özünü karlığa və korluğa vurur

“Ermənistan tərəfi əllərində olan bütün xəritələri verdiyini deyir. Amma 44 günlük müharibədən sonra antiterror əməliyyatlarına qədər onlar haradasa 480 kilometr uzunluğunda, 2 kilometr dərinlikdə minalama işləri aparmışdılar. 960 kvadrat kilometr ərazini əhatə edən mina xəritələri Azərbaycana təhvil verilməlidir”.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov belə deyib. Onun sözlərinə görə, Vətən müharibəsinə qədər minalanmış ərazilərin xəritələrini 3-4 dəfəyə verdilər: “Bu xəritələr Araz çayından başlayan və "Ohanyan xətti"nə qədər olan ərazini əhatə edirdi və 400 minə yaxın mina ilə bağlı məlumat vardı. Bu minalardan 97 mini Ağdamda, 92 min Füzulidə, qalanı isə digər ərazilərdə idi. Sonra da Murov dağının ətəklərinə aid 8 formulyar verdilər. Amma 44 günlük müharibədən sonra yaratdıqları yeni cəbhə xəttinə aid heç bir sənəd Azərbaycana verilməyib". H.Səfixanov bu xəritələrin verilməsinin həm qarşılıqlı etimadı gücləndirəcəyini, həm də Azərbaycan hökumətinin işini asanlaşdıracağını qeyd edib: “Çünki biz "Ohanyan xətti"ni keçəndən sonra nəyin harada olduğunu bilmirik. Bu, orada hər yer minalanıb anlamına gəlmir. Amma harada nə var - onu da bilmirik. İşimizi çətinləşdirən budur. Xəritələr verilsə, yaxşı olar. Etimad mühitinin yaranmasına kömək edər. Əgər hər iki ölkənin siyasi rəhbərliyi məqbul sayarsa, birgə minatəmizləmə də həyata keçirmək olar. Ermənistanda da minatəmizləmə təşkilatı var. Elə ərazilər var ki, orada birgə minatəmizləmə həyata keçirmək mümkündür. Qazax rayonu ərazisindəki kəndlərdə, Zəngəzur dəhlizinin keçdiyi ərazilərdə birgə əməliyyatlar aparmaq olar. Bunlar hamısı etimad, sülh mühitinin yaradılmasına xidmət edə bilər". İctimai birlik sədri Azərbaycanın mina xəritələri ilə bağlı Ermənistana rəsmi müraciət edib-etmədiyindən xəbərsiz olduğunu söyləyib: “Bəlkə də kluarlarda bu söhbətlər, müzakirələr var. Amma hələ ki rəsmi səviyyədə ictimaiyyətə deyilməyib”.(Modern.az). 

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla bağlı son günlər diqqətçəkən və müsbət fikirlər səsləndirir. Amma əməli addımlara gələndə, İrəvan özünü karlığa və korluğa vurur. Eynilə mina xəritələri ilə bağlı olduğu kimi... Beləcə, Ermənistan rəhbərliyi ölkəmizə qarşı ərazi iddialarının əksini tapdığı konstitusiya şərtinə əməl etməməklə yanaşı, mina xəritələrinin də verilməsindən yayınır. Belə bir vəziyyətdə isə mina qurbanlarının da sayı artır. Hələ aşkarlanmayan yüz minlərlə minanın ortaya çıxaracağı təhlükələr var. Sülh bəyanatları arxasındakı məkrli davranışlar nə vaxta qədər davam edəcək? Ermənistanla “hansı dildə” danışmalıyıq?

Elçin

Elçin Mirzəbəyli 

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan son aylarda Azərbaycanla sülh danışıqları barədə müsbət bəyanatlar səsləndirsə də, praktiki addımlar səviyyəsində bu ritorikanın təsdiqini görmək mümkün deyil: “Ən bariz nümunə mina xəritələrinin gizlədilməsi ilə bağlı vəziyyətdir. Rəsmi Bakı uzun müddətdir Ermənistanın müharibədən sonrakı dövrdə minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etmədiyini bildirir. Bu, təkcə humanitar fəlakət riskini artırmır, həm də bölgədə etimad mühitinin formalaşmasını və sülh prosesinin irəliləməsini ciddi şəkildə ləngidir. Məsələnin ən təhlükəli tərəfi ondan ibarətdir ki, xəritələrin verilməməsi Azərbaycan ərazilərində bərpa və yenidənqurma proseslərini yubatmaqla yanaşı, mülki əhali arasında insan tələfatına səbəb olur. Rəsmi məlumatlara əsasən, müharibədən sonra 350-dən çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb və ya həlak olub. Onlardan 100-dən çoxu həyatını itirib. Hər yeni mina partlayışı yalnız bir ailənin faciəsi deyil, həm də sülh prosesinə vurulan zərbədir”. E.Mirzəbəyli qeyd etdi ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ərazisində və işğaldan azad edilmiş torpaqlarda aparılmış minalama fəaliyyətinin miqyası və nəticələri bu gün də bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalır: “Rəsmi məlumatlara görə, müharibə bitdikdən sonra Azərbaycanın azad edilmiş torpaqlarında beş mindən artıq mina partlayışı hadisəsi baş verib, yüzlərlə hərbçi və mülki şəxs həlak olub və ya xəsarət alıb. Bu hallar bir tərəfdən Ermənistanın humanitar məsuliyyətsizliyini, digər tərəfdən isə beynəlxalq hüququn açıq şəkildə pozulmasını göstərir. Ermənistan 1994-cü ildən etibarən Birləşmiş Millətlər Təşkilatının üzvü kimi ”Müəyyən adi silahların istifadəsinin qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında Konvensiya"ya (CCW) və onun V Protokoluna (“Müharibənin Partlamamış Qalıqları haqqında”) qoşulub. Bu Protokolun 3 və 4-cü maddələri birbaşa olaraq müharibə bitdikdən sonra partlamamış döyüş sursatları və minaların təmizlənməsi, onların yerləşmə məlumatlarının təqdim edilməsi və müvafiq xəritələrin paylaşılması ilə bağlı konkret öhdəlikləri müəyyən edir. Sənədin 3-cü maddəsinə əsasən, hərbi əməliyyatlar bitdikdən sonra tərəflər öz nəzarətlərindəki ərazilərdə minaların, tələlərin və partlamamış sursatların zərərsizləşdirilməsi üçün məsuliyyət daşıyırlar. 4-cü maddəyə görə isə tərəflər bu məqsədlə minaların yerləşdiyi ərazilər, koordinatlar, növlər və say barədə bütün texniki məlumatları qarşı tərəfə və ya beynəlxalq vasitəçi qurumlara təqdim etməyə borcludurlar. Beləliklə, Ermənistanın bu məlumatları gizlətməsi yalnız ikitərəfli münasibətlərdə etimadsızlıq doğurmur, həm də V Protokolun açıq pozuntusu sayılır. Ermənistanın davranışı, BMT-nin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müəyyən etdiyi humanitar müharibə qaydalarına da ziddir. Bu qaydalar münaqişə bitdikdən sonra insan həyatının qorunmasını prioritet elan edir. Mina xəritələrinin gizlədilməsi nəticəsində isə mülki əhalinin təhlükəsizliyi təhdid altına düşür, bərpa və infrastruktur layihələrinin həyata keçirilməsi ləngidilir, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi reabilitasiyası faktiki olaraq sabotaj olunur". 

Ermənistanın qeyri-konstruktiv davranışlarının qarşısında rəsmi Bakının hansı addımlar atmalı olduğuna gəldikdə, Milli Məclis üzvünün fikrincə, Azərbaycan tərəfi bu məsələnin beynəlxalq müstəviyə çıxarılmasını davam etdirməli, xəritələrin gizlədilməsini humanitar cinayət kimi tanıtmaq istiqamətində diplomatik fəaliyyətini gücləndirməlidir: “Bu vəziyyətin dəyişməsi üçün Ermənistanın sülh ritorikasını real addımlarla müşayiət etməsi zəruridir. Mina xəritələrinin tam və şəffaf şəkildə təqdim olunması həm Azərbaycan, həm də Ermənistanın öz gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Çünki minalar yalnız torpağı deyil, eyni zamanda region xalqları arasında etimadı da zəhərləyir. Sülhün təməli isə etimad və humanitar məsuliyyət üzərində qurulur”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Chosen
50
2
musavat.com

3Sources