EN

Ceyhun Bayramovla Əlcəzair Prezidenti arasında regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb  

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Əbdülməcid Təbbun tərəfindən qəbul olunub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan və Əlcəzair arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Əlcəzair Prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin noyabrında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək məqsədilə bu ölkəyə səfəri məmnunluqla xatırlayaraq, bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Görüşdə iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsinə, iqtisadi, təhsil və humanitar, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, elmi və texniki sahələrdə əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunub.

Bu çərçivədə, Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Sazişin imzalanması münasibətlərin inkişafında mühüm addım kimi qiymətləndirilib.

Tərəflər, həmçinin beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Ölkəmizin bir sıra beynəlxalq platformalarda sədrliyi və ev sahibliyi dövründə irəli sürülmüş təşəbbüslərin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə xidmət etməsi təqdir olunub.

Görüş zamanı müqabil tərəf Azərbaycana qarşı təcavüzün tarixçəsi, postmünaqişə dövründə Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün və sabitliyin təsis edilməsi vizionu, bərpa-quruculuq işləri barədə məlumatlandırılıb.

Görüşdə bir sıra digər regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Chosen
25
3
azerbaijan-news.az

10Sources