EN

Almaniya əfqan miqrantlara ölkəyə gəlməkdən imtina etmələri üçün maddi vəsait təklif edib  

Almaniya hökuməti bu ölkəyə gəlməyi gözləyən əfqan vətəndaşlara maddi yardım qarşılığında bu planlarından imtina etməyi təklif edib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, “Əfqanıstana könüllü qayıdış və ya üçüncü ölkəyə köç” proqramı çərçivəsində həyata keçirilən təşəbbüsün məqsədi Almaniyaya qəbul imkanı olmayan şəxslərə alternativ dəstək göstərməkdir.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən göndərilən məktublarda bildirilib ki, bütün yerli prosedurlar 2025-ci ilin sonunadək başa çatmalıdır. Təklif çərçivəsində bir neçə min avro məbləğində maliyyə yardımı, həmçinin üç aylıq tibbi və psixososial dəstək nəzərdə tutulur.

Hazırda Əfqanıstanda və Pakistanda Almaniyaya qəbul proqramı çərçivəsində təxminən 2050 nəfər bu ölkəyə gəlməyi gözləyir. Onların çoxu Pakistanın paytaxtı İslamabaddadır. Almaniya hökuməti bu ilin mayında xüsusilə təhlükə altında olan əfqanlar üçün nəzərdə tutulan qəbul proqramını dayandırmışdı. Lakin bu təşəbbüs bəzi tənqidlərə səbəb olub. Səsləndirilən fikirlərdə Almaniya hökumətinin təklifinin Talibanın nəzarətində olan ölkəyə qayıdacaq şəxslər üçün ciddi təhlükələr yarada biləcəyi vurğulanıb.

3Sources