EN

Tanınmış bloger avtotəmir servisində döyüldü KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elxan Qasımovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Nizami Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və ona 3 000 manat cərimə cəzası təyin olunub.

İttiham aktına görə, hadisə 2025-ci il aprelin 7-də saat 20:30 radələrində Bakı şəhərində yerləşən “Xan Auto” adlı avtotəmir servisində qeydə alınıb.

Belə ki, Elxan Qasımov icarə əsasında fəaliyyət göstərdiyi sözügedən servisdə əvvəllər həmin servisin şəriki olmuş Arif Cümşüd oğlunun arvadı, zərərçəkmiş Fatma ilə aralarında mübahisə edib.

Belə ki, zərərçəkmiş şəxs servisin keçmiş adını və loqosunu divarlardan sildirmək istədiyini bildirib. Təqsirləndirilən şəxs isə bunu bəhanə edərək onunla mübahisə edib, hər hansı əsaslı səbəb olmadan avtotəmir servisində digər işçilərin və müştərilərin gözü qarşısında qadına qarşı zor tətbiq edib, onun sifət nahiyəsinə iki dəfə əli ilə vurub, saçından tutub dartıb. Nəticədə Fatmanın sol yanaq nahiyəsinin və sağ gözaltı nahiyənin hematomaları şəklində, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib.

Məhkəmə baxışında Elxan Qasımov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib və ifadəsində göstərib ki, “Azart Auto” adlı avtotəmir servisini tanışı Arif ilə birlikdə icarə əsasında işlədib.

Təqsirləndirilən şəxs qeyd edib ki, Arif ilə 30 ildir tanışdır və o da onun kimi icarədardır:

“Zərərçəkmiş şəxs Fatma xanım isə Arifin həyat yoldaşıdır. Servis daxilində şərik kimi fəaliyyət göstərirdik, ayrıca kassasımız və iş bölgümüz olub. Daha sonra bir binada fəaliyyətlərini davam etdirməyin mümkün olmadığını görərək ayrılmağa qərar verdik. Bu zaman müəyyən narazılıqlar yarandı. Razılaşmaya əsasən, Arif mart ayının 1-dən binanı tərk etməli, mən isə fəaliyyəti davam etdirməli idim, lakin bu müddət martın 6-dək uzandı”.

Elxan Qasımov ifadəsində göstərib ki, hadisə günü Fatma xanımla söhbət zamanı qadın provokasiya xarakterli ifadələr işlədib, onların işçilərini “əllərindən aldığını” iddia edib:

“O, “bu servisi dağıdacağam” kimi təhqiramiz sözlər dedi. Qadın həmçinin məni uşaqlarımla hədələdi. Bu da əsəblərimə təsir etdi”.

Təqsirləndirilən şəxs bildirib ki, təxminən 9 aydır davam edən gərgin vəziyyətə dözsə də, həmin anda səbrini itirərək özünə yaraşmayan hərəkətə yol verib, zərərçəkmiş şəxsin saçından tutub dartıb və əli ilə iki dəfə vurub:

“Hadisə zamanı orada Fatma, Arif və mən olmuşam”.

O, ifadəsində qeyd edib ki, hadisə yerində başqa zorakı hərəkət etməyib, sadəcə bir qadına əl qaldırdığı üçün özünü təqsirli hesab edir.

Məhkəmə baxışında verilən suallara cavab olaraq təqsirləndirilən şəxs əlavə edib ki, onun Ariflə müqaviləsi olub, bu ailəni yaxından tanıyır və ailəvi gəliş-gedişləri olub:

“Zərərçəkmiş şəxs mənə “biz bu servisə pul yatırmışıq, istəsək dağıda bilərik” dedi. Daha sonra “mən buranı rəngləyəcəyəm” ifadəsini işlətdi. Loqonun silinməsinə etiraz edərək “əgər indi nəsə etsəniz, 102-yə zəng edəcəyəm” söylədim. Bundan sonra Fatma “sənin iki balan var, birinin adını çək, görək kim sağ qalacaq” deyə hədələdi. Bu ifadədən sonra, əsəblərimə hakim ola bilməyərək zərərçəkmiş şəxsə əl qaldırdım. Hadisə zamanı orada olan müştərilər bizi ayırdı, işçilər hadisəyə şahid oldu”.

Elxan sonda ifadəsində səbrsiz davranaraq qadına əl qaldırdığına görə əməlindən dərin peşmanlıq hissi keçirdiyini söyləyib.

Məhkəmə baxışında zərərçəkmiş Fatma isə ifadəsində bildirib ki, hazırda blogerlik fəaliyyəti ilə məşğuldur:

“Təxminən bir ildir ki, həyat yoldaşım Ariflə Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 6 ünvanında yerləşən “Azart Auto” adlı avtotəmir servisini icarə əsasında işlədirik”.

Zərərçəkmiş şəxs qeyd edib ki, təqsirləndirilən Elxan həyat yoldaşı Arifin əvvəllər sinif yoldaşı olub, bu səbəbdən aralarında yaxın münasibət yaranıb:

“Elxan və Arif birgə şərik kimi servisdə fəaliyyət göstərməyə başlamışlar. Bloger olduğumdan həmin servisin sosial şəbəkələrdə reklam olunması və tanıdılması ilə məşğul olmuşam. Sonradan mən və həyat yoldaşım servisdən çıxmaq barədə qərar verdik. Bundan sonra Elxan servisin adını dəyişərək “Xan Auto” adlandırdı”.

Fatma ifadəsində vurğulayıb ki, onlar servisdən ayrıldıqdan sonra həyat yoldaşı ilə birlikdə divarlarda özlərinə məxsus loqoları silmək istəyib, lakin Elxan bununla razılaşmayaraq, loqoların silinməsinə icazə verməyəcəyini deyib:

“Hadisə günü servisin içərisində mən, Arif və Elxan birgə masada əyləşərək məsələni müzakirə edərdik. Mən Elxana divarda olan loqoları və rəsmləri siləcəyimi bildirdim. Elxan isə buna qarşı çıxaraq rəsmlərin silinməyəcəyini dedi və aramızda mübahisə yarandı. Mübahisə zamanı Elxan polis çağıracağını bildirdi. Mən onunla razı olduğumu söylədim və ayağa qalxdım. Bu zaman təqsirləndirilən şəxs qəfil şəkildə ayağa qalxaraq üzərimə gəldim, əlləri ilə sifət nahiyəmə zərbələr endirdi, ardınca saçımdan tutaraq dartdı və nalayiq ifadələr işlədib, baş nahiyəmə vurdu. Daha sonra hadisəyə müdaxilə etmək istəyən həyat yoldaşı Arif bizi ayırmağa çalışarkən, Elxan yenidən mənim sifətimə sillə ilə vurdu”.

Nizami Rayon Məhkəməsinin hökmü ilə Elxan Qasımova 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
3
konkret.az

4Sources