EN

Yol polisindən sürücülərə ÇAĞIRIŞ

"Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən yağışlı və çiskinli hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir. Belə hava şəraitində yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və tormoz məsafəsinin uzanması sürücülər və piyadalar üçün əlavə çətinliklər yaradır".


Manset.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciətində deyilir.

BDYPİ sürücülərə hava və yol şəraitinə uyğun olaraq ehtiyatlı hərəkət etməyi, sürət həddini azaltmağı, ara məsafəsini artırmağı və avtomobilin texniki sazlığını - xüsusilə işıq cihazları və şüşəsilənləri - yoxlamağı xatırladır.

"Eyni zamanda, piyadalar da belə hava şəraitində daha diqqətli olmalı, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməli, səki ilə hərəkət etməli və mümkün qədər açıq rəngli, işıq əksetdirici elementləri olan geyimlərə üstünlük verməlidirlər. Bu, onların yolda daha tez görünməsini və təhlükəsiz hərəkətini təmin edir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını ehtiyatlı olmağa, qaydalara əməl etməyə və hər addımda təhlükəsizliyi seçməyə çağırır", - müraciətdə qeyd edilib.

Chosen
21
27
manset.az

10Sources