EN

Mürvət Həsənli: “Birgünlük cücələrin kütləvi idxalı...”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Bilavasitə dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə 2016-cı ildən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yerli istehsalçıları haqsız rəqabətdən qorumaq üçün damazlıq yumurta idxalına 10 sent, toyuq ətinin hər kiloqramına 1 dollar əlavə rüsum təyin olunub”.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib. 

O qeyd edib ki, bu addım yerli quşçuluq təsərrüfatlarının inkişafına böyük təkan verib:

“Lakin son illərdə bir sıra “işbazlar” əlavə rüsum tətbiq olunmayan ətlik istiqamətli 1 günlük cücə idxalı ilə yerli istehsalçılara ciddi zərbə vururlar. Hər il ölkəmizə 10 milyonlarla belə cücə idxal olunur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin 7 ayında ölkəyə 6 milyon 534 min 374 baş belə cücə gətirilib. Türkiyədən 1 cücə orta hesabla 43 sentə, Gürcüstandan 49 sentə idxal olunub.

Birgünlük cücələr fərqli vaksinasiya qrafiki ilə yetişdirildiklərinə görə onların ölkəmizə kütləvi idxalı ciddi risklər formalaşdırır. Eyni zamanda həmin cücələrin idxal olunduğu Türkiyədə bir neçə əyalətdə quş qripi infeksiyası yayılıb, təsərrüfatlardan məhsul ixracına qadağa qoyulub.

Ölkə qanunlarına uyğun fəaliyyət göstərən, dövlət büdcəsinə ödənişlərdən yayınmayan iri quşçuluq təsərrüfatlarının idxal etdiyi cücələr həm ixracatçı ölkənin, həm də Azərbaycanın bazarındakı qiymətlərə uyğun alınır. Hazırda belə təsərrüfatlar – “Siyəzən Broyler” ASC, “Azerbaijan Poultry Company LLC” kəsimlik istiqamətli 1 günlük cücələrin 1-ni 55 sentə idxal edirlər.

Lakin fəaliyyətlərini qanunvericiliyə uyğun qurmayan bir sıra “işbazlar” belə cücələri 27-33 sentə idxal etməyə nail olurlar. Belə idxal son vaxtlar xüsusilə kütləvi xarakter alıb. Bu idxaldan həm də dövlətimiz zərər görür. Belə ki, real dəyərindən az qala ikiqat idxal edilən cücələrə görə idxal rüsumları da aşağı hesablanır, büdcəyə çatası yüz minlərlə dollar qeydiyyatdan yayındırılır.

Təsadüfi deyil ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin xəttilə büdcə daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz, bu ilin dövlət büdcəsi proqnozuna nəzərən isə 1,6 faiz az təmin edilib. Təəssüflər olsun ki, bizim DGK rəhbərliyinə bu istiqamətdə ünvanladığımız müraciətlər birmənalı olaraq nəzərə alınmır. 

Hətta Assosiasiya rəhbəri olaraq məni komitəyə dəvət edərək, guya tədqiqat apardıqlarını və Türkiyədə ətlik istiqamətli birgünlük cücə istehsalında maya dəyərinin aşağı olduğunu aydınlaşdırdıqlarını bildiriblər. Bizim həmin araşdırmanı Türkiyədə hansı istehsalçılar arasında aparıldığına dair suallarımız isə cavabsız qoyulub.

Bu idxal dayandırılmasa, quşçuluq təsərrüfatları da, dövlətimiz də zərərlə üzləşməyə davam edəcək. Ən azından yerli damazlıq təsərrüfatlarının daxili tələbatı tam ödəmək imkanında olduğunu nəzərə almaqla, Türkiyədə quş qripi ilə bağlı vəziyyət stabilləşənə qədər oradan birgünlük cücə idxalının dayandırılması zəruridir. Çünki həmin cücələrin gətirdiyi bir xəstəlik halı Azərbaycanda böyük epidemiyaya çevrilməklə quşçuluq sektorunu məhv edə bilər”.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
1
cebheinfo.az

2Sources