EN

Adnan və Mehdiyevdən sonra yeni hədəf: panika başladı – Gözlənilən əməliyyat

İş adamı Adnan Əhmədzadənin həbsi və Ramiz Mehdiyev barəsində ev dustaqlığı qərarından sonra oliqarxlar arasında ciddi narahatlıq başlayıb. İddialara görə, son illər dövlətin imkanları hesabına böyük var-dövlət toplamış, nəzarətdən kənarda qalmış bəzi yüksək vəzifəli şəxslər və onların ətrafı haqda xüsusi tədbirlər, məsələn, müəyyən sanksiyalar tətbiq edilir. Bu prosesin hədəfində dövlət əleyhinə gizli planlarda iştirakı ehtimal olunan şəxslər dayanır. Əsas diqqət isə qanunsuz yollarla milyardlarla vəsait ələ keçirdiyi deyilən qruplara yönəlib. Bu kontekstdə sabiq deputat Elton Məmmədovun adı da nümunə kimi çəkilir.

Qanunsuz yollarla milyardlar qazanmış məmurların və ətraflarının sərvətləri kütləvi şəkildə milliləşdirilə bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, indiyədək çoxsaylı korrupsioner saxlanılıb və hər il bu faktla bir neçə şəxsə cinayət işi açılır:

“Lakin həbslərdən sonra müsadirə olunmuş vəsaitlərin dövlət büdcəsinə yönəldilməsi ilə bağlı hər hansı açıqlama verilmir. Buna görə də hazırda saxlanılanların mənimsədiyi vəsaitlərin milliləşdirilməsi, yəni dövlətin nəfinə keçib-keçməyəcəyi məlum deyil. Ənənəvi olaraq korrupsiyada ittiham olunan şəxslərin, o cümlədən Adnan Əhmədzadə və Ramiz Mehdiyevin əmlakları ilə bağlı tədbirlər görülür”.

ekrem

Əkrəm Həsənov

Hüquqşünas bildirib ki, məmurlar üçün gəlir bəyannaməsi tələbi olmadığına görə şəxsin əmlaklarının qanunsuz yolla əldə edildiyini sübut etmək çətindir:

“Bu səbəbdən istintaqın əsas işi həmin əmlakın vəsait mənbəyini aşkarlamaq və qanunsuzluq barədə sübut təqdim etməkdir. Çünki 2005-ci ildə qəbul olunmuş gəlir bəyannaməsi haqqında qanun 20 ildir icra edilmir”.

Hüquqşünas Ellada Bayramova qeyd edib ki, Cinayət Məcəlləsində xüsusi, o cümlədən dəyərə görə müsadirə ilə bağlı norma mövcuddur:

“Məhkəmənin yekun qərarı əsasında cinayət yolu ilə əldə edilmiş əmlak və ya onun dəyəri müsadirə edilə bilər. Bu, müvafiq prosedur təminatları ilə həyata keçirilən cinayət-hüquqi tədbirdir. Əmlakın dövlətin nəfinə keçirilməsi üçün əsas şərt onun cinayət yolu ilə (korrupsiya, mənimsəmə, rüşvət, pul yuma və sair) qazanıldığının sübuta yetirilməsidir. Bu, həm milli qanunvericiliyin prinsiplərinə, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı tələblərinə, qanunilik, zərurət və ədalətli tarazlıq prinsiplərinə uyğun olmalıdır. Qanunvericilikdə yalnız müsadirə deyil, həm də aktivlərin dondurulması və mülki iddia mexanizmləri nəzərdə tutulur. Cinayət istintaqı çərçivəsində aktivlərin dondurulması, “cinayət yolu ilə əldə edilmiş” hesab edilən vəsaitin geri alınması, eləcə də mülki iddialar vasitəsilə dövlətə qaytarılması mümkündür”.

ellada

Ellada Bayramova

E.Bayramovanın sözlərinə görə, “milliləşdirmə” termini bəzən emosional və qeyri-dəqiq istifadə olunur:

“Müsadirə olunan vəsaitlər adətən dövlət büdcəsinə yönəldilir və ya sosial proqramların maliyyələşməsində istifadə edilir. Lakin bu proses beynəlxalq öhdəliklər və insan hüquqları standartları ilə məhdudlaşdırılmalıdır. Cinayət yolu ilə əldə edilmiş böyük həcmli aktivlər çox vaxt xaricə köçürülür. Onların qaytarılması üçün qarşılıqlı hüquqi yardım, məhkəmə qərarlarının tanınması və iadə mexanizmləri tələb olunur. Bu proses mürəkkəb və uzunmüddətli olsa da, qanun çərçivəsində mümkündür”.

Chosen
1
3
turkustan.az

4Sources