EN

Ramin Məmmədov: "Dini icmalar dövlətin qayğısı ilə əhatə olunur"

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov DQİDK-in təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində keçirilən "Fərqliliyin rəngi" adlı festivalda dilə gətirib. O vurğulayıb ki, festival fərqliliklərimizin gözəlliyini, harmoniyasını təcəssüm etdirir.

"Konstitusiyamızda təsbit olunan vicdan azadlığı və bütün dini etiqadların qanun qarşısında bərabərliyi prinsipləri tolerantlıq modelimizin əsas hüquqi dayağı, xalqımızın əsrlər boyu formalaşdırdığı birgəyaşayış fəlsəfəsinin təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, ölkəmizin ən böyük sərvətlərindən biri etnik-dini müxtəlifliyimiz və bu müxtəlifliyin milli həmrəyliyə çevrilməsidir. Sahib olduğumuz unikal dövlət-din münasibətləri modeli sayəsində bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir, dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. Ölkəmiz beynəlxalq aləmdə sülh və sabitliyin hökm sürdüyü nadir nümunələrdən biri kimi tanınır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə bu mühiti daha da möhkəmləndirir, Azərbaycanın multikultural dəyərlərini dünya miqyasında tanıdır", - Ramin Məmmədov deyib.

Sədr bildirib ki, keçirilən festival da Azərbaycan cəmiyyətində əsrlərdir formalaşmış tolerantlıq və multikultural dəyərlərin təzahürü, xalqımızın birgəyaşayış fəlsəfəsinin ifadəsidir:

"Bir müddət öncə Dövlət Suverenliyi Gününü qeyd etdik. Üç gün sonra isə Azərbaycan tarixinin ən şanlı tarixini – Zəfər Gününü qeyd edəcəyik. Tarixə qızıl hərflərlə yazılan bu qələbələr xalqımızın azadlıq, ədalət və milli birliyə sarsılmaz inamının təntənəsidir. Suverenlik və Zəfər — Konstitusiyamızın, dövlətçiliyimizin və birliyimizin təməl sütunlarıdır. Ərazi bütövlüyünün və suverenliyin bərpası sayəsində bu gün Azərbaycan öz milli irsini, dini-mədəni müxtəlifliyini və konstitusion dəyərlərini qoruyaraq gələcəyə daha da inamla addımlayır. Suverenlik bizim ən ali dəyərlərimizdən, ən böyük tarixi nailiyətlərimizdən biridir. Suverenlik olmadan Konstitusiya prinsiplərinin və qanunların tətbiqi, xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunması mümkün olmazdı".

O diqqətə çatdırıb ki, Azərbaycan vətəndaşları tarixin keşməkeşli və ziddiyyətli dövründə ən böyük zəfərlərə imza atmış güclü bir dövlətin vətəndaşlarıdır:

"Elə bir dövlətin ki, dini və etnik mənsubiyyətindən, əqidəsindən inancından asılı olmayaraq bu torpaqlarda yaşayan hər kəsin ümumi sərvətidir. Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız bir neçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörməti və multikultural dəyərlərimizi təcəssüm etdirir. Yanaşı duran bu çadırlar eyni Vətənin övladları olaraq bizləri birləşdirən mənəvi körpünün simvollarıdır. Nümayiş olunan fotostendlər, videoçarxlar, ədəbiyyat nümunələri, əl işlərindən ibarət sərgilər və musiqi proqramları isə Azərbaycanın zəngin mədəni-dini palitrasını bütün rəngləri ilə əks etdirir".

Onun sözlərinə görə, bu tədbir bir daha göstərir ki, Azərbaycan dövlətçiliyi minillik dəyərlərdən, hüquqi ədalət və milli iradədən güc alır. Bu festival təkcə mədəni tədbir deyil, həm də suverenliyimizin, Konstitusiya prinsiplərimizin və çoxəsrlik birgəyaşayış modelimizin canlı nümayişidir:

"Azərbaycanda mövcud olan fərqlilik bu ölkədə yaşayan bütün vətəndaşların mənəvi güc mənbəyidir. Çünki hər zaman müxtəlif dinləri, mədəniyyətləri milli birliyimizin sütunlarından biri hesab etmişik. "Fərqliliyin rəngi" festivalının mesajı da məhz budur: hər fərq bir rəngdir, hər rəng bir dəyərdir, tarixdir və bütün rənglər birləşərək cəmiyyətimizin bənzərsiz gözəlliyini, gücünü ortaya çıxarır. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz Böyük Zəfər də məhz bu gücün, birliyin və Azərbaycan xalqının öz keçmişinə sadiqliyinin sayəsində mümkün olmuşdur. Bu cür festivallar yalnız dini və mədəni irsimizi qoruyub saxlamaq üçün deyil, həm də gələcək nəsillərə birgəyaşayışın, qarşılıqlı hörmətin və tolerantlığın əhəmiyyətini göstərmək baxımından önəmlidir. Tədbirdə iştirak etdiyiniz üçün hər birinizə, o cümlədən zəngin irsi ilə festivala rəng qatan dini icmalara dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, bu festivalın yaratdığı əhval-ruhiyyə birliyimizi daha da möhkəmləndirəcəkdir".

AzVision.az
Chosen
39
6
azvision.az

7Sources