EN

Sabirabad xəstəxanasında bitməyən ana və körpə ÖLÜMLƏRİ -Həkimlər hələ də İŞ BAŞINDA – ARAŞDIRMA

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ana və körpə ölümü hallarının artmasıyla bağlı ciddi narahatlıq var.

Bu xəstəxanada, ard-arda yeni doğulan körpə və ana ölümlərinin baş verməsi məsələni bir daha gündəmə gətirib.

Bizim.Media sözügedən xəstəxanada ana və körpə ölümlərini araşdırıb:

2024-cü il oktyabrın 27-də 2000-ci il təvəllüdlü qadın Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Sabirabad Regional Perinatal Mərkəzin Doğum şöbəsinə müraciət edib. Körpə dünyaya gətirən ananın vəziyyəti ağırlaşıb və həyatını itirib.  

Ötən il daha bir ana ölümü baş verib.

Rayonun Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Qara qızı Zamanova mama-ginekoloq Gültac Əsədovanın səhlənkarlığı səbəbilə dünyasını dəyişib. Amma o, buna görə işindən azad olmayıb. Yalnız xəstəxanada “fond pulu” adı ilə pul yığılmasına başlandığı zaman Gültac Əsədova buna etiraz edərək işdən öz ərizəsi ilə ayrılıb. O, ana ölümü ilə bağlı məsələdə xəstəxananın onun yanında olmadığını, bu səbəbdən də “fond pulu”nda iştirak etməyəcəyini söyləyib.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında bu ilin martında on gündə üç uşaq ölümü qeydə alınıb.

Məlumata görə, hadisələrdən biri bayram günlərində baş verib. Kürdəmir rayonunun Axtaçı Qarabucaq kənd sakini, 2006-cü il təvəllüdlü Əsədova Xəyalə Natiq qızı Sabirabad xəstəxanasında uşaq dünyaya gətirib. Doğumu körpə cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib. Uşaq qeysəriyyə yolu ilə doğulacaqmış, lakin son anda həkimlər qərarlarını dəyişərək təbii doğuş üsulunu seçiblər. Doğuşdan iki saat sonra isə körpə dünyasını dəyişib.

Mehriban Yunusova da hazırda xəstəxanada öz işini davam etdirir.

Daha bir ana ölüm isə bu ilin iyulunda baş verib. İmişli rayonunun Yalavac kənd sakini, 1992-ci il təvəllüdlü Şəbnəm Vaqif qızı Kərimova iyulun 7-də İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.

İyulun 8-də saat 13:50-də doğuşa alınan qadın oğlan uşağı dünyaya gətirib. Doğuşdan sonra zahı qadında profuz qanaxma başlayıb və saat 18 radələrində onun ölüm faktı qeydə alınıb.


Qeyd edək ki, məhz Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə ana və körpə ölümlərinin çoxluğuna görə 2014-cı ildə bu mərkəzin direktoru Vüsal Məmmədov işdən çıxarılıb. Ayrıca onu da bildirək ki, 2019-cu ildə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş direktoru Yusif Hüseyn oğlu Quliyev işdən çıxarılıb. Bu vəzifəyə baş direktorun müavini Ənvər Lumanov təyin olunub.

Naibə Məmmədova, Bizim.Media

Chosen
47
1
bizim.media

2Sources