EN

Bakıda “Fərqliliyin rəngi” festivalı başlayıb - FOTO

Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Fərqliliyin rəngi” adlı festival start götürüb.

Festival Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və tolerantlıq mühitini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Bizim Media xəbər verir ki, komitə sədrinin müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, festivalın məqsədi ölkəmizdəki konfessiyalararası həmrəyliyi, milli birliyi, mənəvi vəhdəti və dini-mədəni müxtəlifliyi əks etdirən unikal nümunələri təqdim etmək, həmçinin adət-ənənələrin və mədəni irsin inkişafı üçün yaradılan şəraiti nümayiş etdirməkdir.

Sədr müavini əlavə edib ki, tədbirin 8 Noyabr - Zəfər Günü ərəfəsində keçirilməsi təsadüfi deyil.

Bu festival Azərbaycan xalqının birliyinin, milli həmrəyliyinin və dini tolerantlığının təcəssümüdür.

O, qeyd edib ki, festival çərçivəsində dini qurumların fəaliyyətini, dini dəyərlərini və ənənələrini əks etdirən fotostendlər, ədəbiyyat, geyim nümunələri, əl işləri və digər dini məzmunlu sərgilər təqdim olunur.
 

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsi, Roma Katolik Kilsəsi, Dağ və Avropa Yəhudiləri icmaları, Azərbaycan Bibliya Cəmiyyəti, Bəhai Mərkəzi, Alban-Udi, Krişna Şüuru, Gürcü pravoslav və Molokan icmaları da iştirak edirlər.


Festival dini konfessiyaların musiqi qruplarının çıxışları ilə davam edəcək, sonda isə fəal iştiraklarına görə dini icma nümayəndələri və “AMİN” könüllüləri təşəkkürnamələrlə təltif olunublar.

Nəzrin Elxan, Bizim.Media

Chosen
16
1
bizim.media

2Sources