EN

Sahibsiz ‘beşinci kolon’: İdarə olunan müxalifətin iflası

Sahibsiz
Riyakarlıq sistemi dağılanda, kim kimdir – aydın görünür. Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən Ramiz Mehdiyevin uzaqlaşdırılmasından və onun kölgə şəbəkəsinin zəifləməsindən sonra ölkənin siyasi mənzərəsi köklü şəkildə dəyişdi. Onunla birlikdə illərlə “inqilabçı” kimi təqdim olunan, mitinqlər və gur səslə səsləndirilən şüarlarla gündəmə gələn qüvvələr də səhnədən çəkildi.
İllərlə xarici mənbələrdən – qrantlar, müxtəlif sxemlər və təxribat xarakterli təbliğat vasitəsilə süni şəkildə yaşadılan bir sistem birdən-birə çökdü. Bu qüvvələr təkcə hakimiyyətlə deyil, Azərbaycan dövlətçiliyi ideyası ilə mübarizə aparırdılar. Onlar nə Ordumuza, nə də Qələbəmizə inanırdılar. “Azadlıq” və “demokratiya”dan gur səslə danışanların bir çoxu əslində özgə iradəsinin əsiri idi. Bu, xüsusilə Vətən müharibəsi ərəfəsində açıq şəkildə üzə çıxdı. Xalq Cəbhəsi Partiyası, “Müsavat” və özlərini “liberal” yaxud “demokratik” kimi təqdim edən digər qruplar 2018–2020-ci illərdə israrla bildirirdilər ki, guya Azərbaycan öz torpaqlarını azad etməyə qadir deyil. Müxalifət liderləri – Əli Kərimli, İsa Qəmbər və onların silahdaşları xalq arasında məğlubiyyət ovqatı yaratmağa çalışır, “azadlıq inqilabı” adı altında yalançı çağırışlarla insanları çaşdırırdılar. Onların illərlə təkrarladıqları “hakimiyyət nə istəyir, nə də bacarır Qarabağı azad etsin”, “Azərbaycanı heç kim tanımır”, “ölkənin müttəfiqləri yoxdur”, “ordu zəifdir” kimi fikirlər qəribə şəkildə erməni təbliğatının arqumentləri ilə səsləşirdi. Lakin 2020-ci ildə Azərbaycan Ordusunun parlaq əks-hücum əməliyyatı nəticəsində düşmən ordusu darmadağın edildi. Üç il sonra – 2023-cü ilin payızında keçirilən antiterror əməliyyatı ilə Qarabağ separatçılardan tam təmizlənərək dövlətimizin suverenliyi tam bərpa olundu. Buna baxmayaraq, həmin dairələr xalqın sevincini kölgələməyə, bu tarixi Qələbənin böyüklüyünü kiçiltməyə cəhd etdilər. Onlar reallığı qəbul edə bilmədilər. Aydın olanı – Azərbaycanın qələbəsini və tarixi ədalətin bərpasını etiraf etmək əvəzinə, onu təhrif etməyə başladılar. Sosial şəbəkələrdəki paylaşımlarında, müsahibələrində və bəyanatlarında bir fikir ön plana çıxırdı: “bu qələbə həqiqi deyil”, “hər şey başqaları tərəfindən həll edilib”, “Azərbaycan Moskvaya güzəştə gedib”, “sülhməramlıların Qarabağa gəlməsi məğlubiyyətdir”. Bu cür iddialar təsadüfi deyildi – məqsəd eyni idi: dövləti gözdən salmaq, cəmiyyətdə şübhə yaratmaq, Azərbaycanın əsas güc mənbəyi olan daxili birliyi sarsıtmaq. Halbuki məhz bu birlik ölkəmizə diplomatik təzyiqlərə və hərbi sınaqlara dözməyə, siyasi sabitliyi qorumağa imkan verdi. Siyasi çəkisini itirən həmin müxalifət təmsilçiləri bu dəfə mənəvi müstəviyə hücum edərək Qələbənin mənasını gözdən salmağa çalışdılar. Lakin Azərbaycan cəmiyyəti bu marginalların təsiri altına düşmədi. Əksinə, xalqın reaksiyası göstərdi ki, insanlar artıq bu siyasi nökərlərin zərərli mövqeyini aydın dərk edirlər. Ümumilikdə, onların rolu tam aydındır: bu, müxalifət deyil – illərlə həm xarici, həm də daxili maraqlara xidmət etmiş, dövlətin sütunlarını içəridən sarsıtmağa çalışan “beşinci kolon”un qalıqlarıdır. Azərbaycanın siyasi həyatı uzun müddət süni şəkildə yaradılmış ikili müstəvidə mövcud olub. Bir tərəfdə – dövlət dayanırdı: institutlar, ordu, infrastruktur, diplomatik əlaqələr və milli ideya qurulurdu. Digər tərəfdə isə “demokratiya uğrunda mübarizə aparan” kimi görünən, amma əslində özgə maraqlarından bəslənən qruplar vardı. Məhz Ramiz Mehdiyev dövründə bu idarə olunan qarşıdurma sistemi formalaşdı. Burada müxalifətin bir hissəsi real alternativ kimi deyil, təsir aləti kimi fəaliyyət göstərirdi. Onlar yaradıcı deyildilər – yalnız təqlid edirdilər. Məqsədləri cəmiyyəti inkişafdan saxlayaraq onu daimi narazılıq və xaricdən asılılıq vəziyyətində saxlamaq idi. Ramiz Mehdiyev səhnədən çəkildikdə bu sistem kart evləri kimi dağıldı. Administrativ resurssuz, himayəsiz və mərkəzləşdirilmiş koordinasiyasız qalan Xalq Cəbhəsi Partiyası və “Müsavat” öz əsas “kapitalını” – guya cəmiyyət tərəfindən tələb olunma illüziyasını itirdilər. Əslində onlar heç vaxt kütləvi partiyalar olmamış, sadəcə, illərlə Qərb qrantlarından və Mehdiyevin “layihə müxalifəti”ndə iştirakdan yaşayan kiçik siyasi qruplardan ibarət idilər. Qrant axını kəsildikdə həm şüarlar, həm də auditoriya yoxa çıxdı. Bir vaxtlar “xalqın son şansı” kimi təqdim edilən mitinqlər də birdən-birə dayandı. Enerji itdi – çünki artıq onu bəsləyən mənbə qalmamışdı. Bu konstruksiyanın dağılması cəmiyyətə uzun illərdən sonra ilk dəfə real qüvvələr nisbətini görməyə imkan verdi. Maska cırıldı. Bu gün, müharibədən beş il sonra, tam əminliklə demək olar: Qələbəyə şübhə edənlər tarixi məğlubiyyətə uğradılar. Lakin başa düşmək vacibdir ki, onların fəaliyyəti təkcə ideoloji fikir ayrılığı və ya yanlış siyasi qiymətləndirmə deyildi. Bu, dövlət maraqlarına qarşı yönəlmiş sistemli iş idi – müxtəlif ölkələrdə sınaqdan keçirilmiş qlobal təxribat ssenarilərinin tərkib hissəsi. Xarici mərkəzlər eyni sxem üzrə fəaliyyət göstərirdilər: saxta “liberal” təşkilatlar, qrant şəbəkələri, “müstəqil” media və müxalifət partiyaları vasitəsilə. Enerji baxımından strateji əhəmiyyətə malik regionda müstəqil və uğurlu Azərbaycan onlar üçün ideoloji problem idi. Bu sistemdə Ramiz Mehdiyev daxili vasitəçi rolunu oynayırdı: o, xarici tərəfdaşlar üçün daxili proseslərə təsir kanalı yaradır, müxalifət üçünsə legitimlik və himayə təmin edirdi. Həmin müxalifət – əslində adi qrant alıcıları – “vətəndaş fəallığı” adı altında anti-patriotik mövqe formalaşdırır, Azərbaycan Ordusuna, milli maraqlara, dövlətin möhkəmlənməsinə yönəlmiş addımlara qarşı çıxırdılar. Onları maliyyələşdirənlər isə Şərqi Avropada, Yaxın Şərqdə və postsovet məkanında “rəngli inqilablar” təşkil etmiş eyni institutlar idi. Samanta Pauer kimi fiqurlar, NED (National Endowment for Democracy) təşkilatının nümayəndələri, həmçinin Obama və Bayden administrasiyaları ilə əlaqəli bəzi strukturlar açıq şəkildə “Azərbaycanda demokratik dəyişikliklərin zəruriliyindən” danışırdılar. Mehdiyevin gedişindən sonra bu kanallar tam bağlandı. Mitinglər, radikal ritorika bir anda yox oldu. Dağıdıcı müxalifət təkcə koordinatorunu deyil, varlıq səbəbini də itirdi. Xarici dəstək olmadan bu strukturların yaşama imkanı qalmadı. Beləliklə, aydın oldu ki, onların “mübarizəsi” ideyalara deyil, asılılığa söykənirmiş. Lakin bu qüvvələr tam yox olmadı. Onların fəaliyyəti mediaya köçdü. Saxta “analitik” portallar, anonim Teleqram kanalları və “müstəqil ekspertlər” köhnə təbliğatı yenidən gündəmə gətirməyə çalışırlar: guya Azərbaycan “beynəlxalq təcriddədir”, “qələbə möhkəmlənməyib”, “ölkə demokratik kursdan uzaqlaşıb”. Bütün bunlar informasiya müharibəsinin elementləridir. Bu cəhdlərin məqsədi gələcəyi müzakirə etmək yox, bu günə inamı sarsıtmaqdır. Digər ölkələrdə tətbiq edilən “idarə olunan xaos” ssenariləri də eyni qayda ilə başlayırdı – etimada hücumla. Cəmiyyətin öz dövlətinə inamı azaldıqda, elita daxilində həmrəylik pozulduqda, “yardım” və “demokratikləşmə” bəhanəsi ilə xarici oyunçular meydana çıxırdılar. Azərbaycanda bu ssenari baş tutmadı. 44 günlük müharibə xalqı dövlət ətrafında birləşdirdi. Məhz buna görə illərlə inkar üzərində kimliyini quran müxalifət strukturları kənarda qaldılar. Bununla belə, onların qalıqları hələ də informasiya diversiyaları, təxribat xarakterli paylaşımlar və daxili məsələlərin manipulyasiyası ilə məşğuldurlar. Amma bu gün Azərbaycan cəmiyyəti nə 1990-cı, nə də 2000-ci illərin cəmiyyətidir. Müharibədən çıxmış, Qələbə qazanmış xalq artıq fərqləndirə bilir – harada konstruktiv tənqid, harada isə məqsədli təxribat var. Əslində, söhbət ideoloji qarşıdurmadan deyil, milli təhlükəsizlikdən gedir. Xarici qüvvələrin maraqlarına xidmət edən qurumların “müxalifət” adı altında fəaliyyət göstərməyə haqqı yoxdur. Bu, alternativ yox, təhdiddir. Onların neytrallaşdırılması siyasi mübarizə deyil, suverenliyin qorunması məsələsidir. Dövlət özünü təxribat fəaliyyətindən qorumaq üçün həm mənəvi, həm də hüquqi haqqa malikdir – hətta bu fəaliyyət “demokratiya” pərdəsi altında gizlənsə belə. Azərbaycan son illərdə sübut etdi ki, yalnız döyüş meydanında deyil, ideoloji müstəvidə də qalib gəlmək gücünə malikdir. Ölkə təzyiqlərə sinə gərərək daxili sabitliyi qorudu və regionda mövqelərini möhkəmləndirdi. Bu, xalqın, ordunun və dövlət rəhbərliyinin birliyinin – uzun illər bəzilərinin anlamadığı və qəbul etmədiyi həmin triadanın nəticəsidir. Bu gün Azərbaycan yeni inkişaf modeli qurur və artıq tam aydındır: tarixə mane olmağa çalışanların yeri onun kənarındadır. Onların ritorikası cəmiyyətlə səsləşmir, şüarları köhnəlib, “sponsorları” nüfuzunu itirir. Qələbənin dadını duyan xalq bundan sonra heç kimə milli maraqlarla alver etməyə imkan verməyəcək.

Xəyanət siyasət forması ola bilməz – bu, Vətənə qarşı şüurlu seçimdir. Bu seçimi edənlər artıq tarix zibilxanasına atılıblar. Azərbaycan isə irəli gedir – əminliklə, müstəqil şəkildə və öz gücünə inanaraq. Və artıq heç bir “beşinci kolon” bu möhkəm təməli sarsıda bilməyəcək.

Chosen
30
1news.az

1Sources