EN

AzTV sədri olmazdan əvvəl Gənclər Şəhərciyində birotaqlı evdə yaşayırmış – Maraqlı DETAL

Hesablama Palatasının “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də keçirdiyi auditin nəticələrini açıqlaması gündəmin əsas mövzularındandır.

KONKRET.az savashmedia.az-a istinadən xəbər verir ki, audit nəticəsində “AzTV” QSC tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə (ümumilikdə, 26,0 mln. manat) yol verildiyi müəyyən edilib.

Bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.

Bundan sonra isə AZTV-də baş verənlərlə bağlı mediada müxtəlif iddialar səsləndirilib. İddialara görə, Rövşən Məmmədov əməkdaşlar arasında ayrıseçkilik edərək eyni işi görən müxbirin birinə 500, digərinə 3000 manat qonorar yazırmış. Bu zaman əsas meyarın “rəhbərə yaxınlıq” olduğu bildirilir.

Həmçinin bildirilir ki, Rövşən Məmmədovun AzTV üçün vertolyot almaq istəməsi onunla bağlı mənfi rəyin formalaşmasında son damla olub. Belə ki, hakimiyyətin yuxarı eşelonunda AzTV sədrinin bu niyyətindən xəbər tutanda onu sərt tənqid ediblər. Sədr vertolyotu çəkiliş prosesini daha rahat təşkil etmək üçün almaq istədiyini desə də, bu arqument ciddi qəbul olunmayıb və onun bu hərəkəti “özbaşınalığın son həddi” kimi qiymətləndirilib. SAVASHMEDİA.az-ın əldə etdiyi məlumata görə, AzTV rəhbəri olduqdan sonra Rövşən Məmmədovun oliqarxa çevrilməsi, paytaxtda bir neçə mənzilə sahiblənməsi də diqqətdən yayınmayıb.  Bir vaxtların kasıb jurnalistinin birdən-birə bu qədər sərvət əldə etməsi isə təbii ki, aldığı məvacib hesabına deyil. Hər halda bir neçə il öncəyə qədər yoxsul yaşayan Rövşən Məmmədovun bugünkü təmtəqarlı həyat tərzi müəyyən suallar doğurur.

Hazırda oliqarx həyatı yaşayan Rövşən Məmmədovun bu posta gətirilməzdən öncə Abşeron Gənclər Şəhərciyində birotaqlı mənzildə yaşadığını bildirən mənbə təkcə elə bu faktın ciddi araşdırma mövzusu ola biləcəyini bildirib. Rövşən Məmmədov kimdir? Rövşən Məmmədov 1979-cu ildə Ağstafa rayonunda anadan olub. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Rövşən Məmmədov AzTV-dən əvvəl, “Lider TV” və İctimai TV-də çalışıb.

Uzun illər Lider Televiziyasında çalışan R. Məmmədov fəaliyyətinə idman müxbiri kimi başlayıb. Daha sonra reportyor və idman şərhçisi kimi çalışıb. 2010-cu ildə həmin TV-nin İdman redaksiyasının rəhbəri olub. Rövşən Məmmədov 2015-ci ildə Lider TV ilə yollarını ayırıb və fəaliyyətini siyasi sferada davam etdirib. O, AzTV-də “Günün nəbzi”, “Əsas Məsələ” və “Həftə” verilişlərini aparıb. Daha sonra isə Azərbaycan TV və Radio Verilişləri QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsinə təyin olunub.  15 yanvar 2019-cu ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra etməyə başlayıb.

Chosen
30
1
konkret.az

2Sources