EN

Payız ovqatlı duyğular toplusu

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dayandur SEVGİN

Tanınmış şair Nəzakətin "Köhnəlməyən xiffət"i ilə baş-başayam. Bu yeni şeirlər kitabına daxil edilən poeziya nümunələri əslində və daha çox, kövrək, həzin payız havası ovqatındadır. Nostalji duyğular, aydın payız süsləmələri səhifələr boyunca hər məqamda oxucu önünə çıxmaqda, diqqəti çəkməkdədir. Misralar boyunca Nəzakət xanımın dəqiq poetik müşahidələrinin fikir ortağına dönürsən ki:

Əl çəkib hər yana qızılı payız,

Ağaclar dəyişib yaşıl donunu.

Üstünə ölümün qoxusu çökən

Yarpaqlar gözləyir ömrün sonunu.

Baş çəkib bu "evdar" payız küləyi

Yenə də dərəni, düzü dolandı.

Ərköyün uşağa dönübdü göylər,

Bir kəlmə deməmiş gözü dolandı.

İnsanla təbiət arası bənzəyişin, bir-birinə bənzər yaşam tərzinin poetik müşahidələri olduqca səmimi, yaddaqalan və uyarlı şəkildə ifadə olunub bu misralarda. Ana təbiətin fəsildəyişmə məqamı ilə insan ömrünün su kimi axıb getməsi, sonun qaçılmazlığı duyğusu an-an misralara hopub:

Bu payız elə bil acığa düşüb,

Yayın günəş rəngin pozur beləcə.

Hayana çatırsa, sarı qələmlə

Özünün hökmünü yazır beləcə.

Xoş olan odur ki, təsvir edilən payız ovqatı, payız yaşantısı oxucunu bədbinliyə qapatmır. Bu gəlişmələrin sonu bir qayda olaraq xeyirə, sevincə, könül xoşluğuna qovuşur. Həyatın və ömrün təzələnməsinə hesablanır. Xoşluqla bitir:

Onu çox gözləyib nişanlı qızlar,

Kim deyir əlləri boş gəlib payız?

Bərəkət fəslidi, toylar fəslidi,

Açın qapıları, xoş gəlib payız.

Unudulmaz Əliağa Kürçaylı vaxtilə yazırdı ki, "Şair şair deyil eli sevməsə, Şairi duymayan elə el demə". Bu mənada Nəzakət xanım yaradıcılığı ilə çoxsaylı oxucularının dərin sevgisini, diqqətini çəkən, maraqla oxunan şairlərimizdəndir. Eyni zamanda, onun mövzularının ana xəttini birmənalı olaraq Vətən sevgisi, el-oba təəssübkeşliyi əhatələyir. Bütün hallarda, Nəzakətin şeirlərində Vətənə, doğma yurda və qəhrəmanlıq anlayışına içdən gələn saf, olduqca pak bir eşq, heyranlıq bağlantısı var. Nəzakətin şair istəyi tərənnüm obyekti, təsvir hədəfi bu dəyərlərə bağlıdır. Eyni zamanda, onun poetik səsini, poetik təqdimatlarını Vətənin dar günü üçün yenilməz, qeyrətli və yurd sevdalısı olan oğullar böyüdən bir ana səsi tamamlayır. Nəzakət xanım yeni kitabına daxil etdiyi bir çox şeirlərini 44 günlük İkinci Vətən savaşında vətəndaşlıq vəzifəsini ləyaqətlə yerinə yetirən zabit oğlunun və oğullarımızın şərəfli döyüş yoluna həsr edib. Bu şeirlərdə onun bir şair-ana kimi qürurlu səsini duyuruq. Nəzakət əbədi-əzəli Qarabağ torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş döyüşçülərimizin hər birini öz doğma övladı kimi tərənnüm edir. Onların rəşadətli döyüş yolunun bədii, parlaq nümunələrini yaradır. Sonsuz vüqar hissiylə bəyan edir ki: Mən zabit anasıyam...

Şükür, sənin yolunda

alnım açıqdır vətən,

Bir cəsur, bir qəhrəman

oğul böyütmüşəm mən.

Bir qarış torpaq üçün

canını fəda edən,

Hər zaman bayrağına

şərəfinə and içən

Zabit anasıyam mən.

Nəzakət xanım doğma torpaqlarımızın azadlığı uğrunda cəbhəyə yola saldığı zabit oğlunu belə tərənnüm edir:

Düşmənə göz dağısan,

gücümsən, qüvvətimsən,

Ürəyimin təpəri, gərəyim, köməyimsən.

Vətənin dar günündə səsimə hay verənsən,

Bu torpağa, bu elə, bu vətənə bağlısan,

Səni Vətənə verdim, sən vətənin oğlusan...

Əbədi, əzəli torpaqlarımızın işğaldan azad olunması yolunda qəhrəmancasına şəhid olan oğullarımızın sinəsi dağlı analarına Nəzakət xanımın bir ana, eyni zamanda, söz adamı kimi təsəllisi belədir ki:

Haqqın, ədalətin sözü səndədir,

Sevgi ocağının közü səndədir,

Millətin, Vətənin gözü səndədir,

Sil göz yaşlarını, şəhid anası.

"Şairlər sevda yolçuları olur" deyənlərin sözünə qüvvət, ilahi eşq, saf məhəbbət duyğularının tərənnümü Nəzakətin poetik dünyasının başllca mövzularındandır. Arzusudur ki:

Qəlbi daşa dönənlər də sevdalansın,

Daş ürəklər sevdalanıb

Sevdasından muma dönsün.

...Mən istərəm buza dönmüş

Qar adam da sevdalansın...

Əslində poeziyanın başlıca missiyası da bu xoş istəklərdən keçir. Dünya sevdalı olanların dünyasıdır. Sevdasızların sonu, axırı olmur. Nəzakət xanım bütün səmimiyyətilə bu düşüncəni oxucu yaddaşına həkk edir. Dünyanı sevginin xilas edəcəyi həqiqətini bir daha önə çəkir.

Nəzakət xanımın yozumunda ağarmış saçlar qara günlərin sınağıdır. Onun yozumunda bütün tənhaların ömür yoluna yay günlərində də qar yağır. Təəssüf edir ki, nakam tale yazıları yuxuya bənzəməz. Bənzəməz ki, əl uzadıb poza, yenidən yaza biləsən. Və bu deyilənləri onun poetik düşüncələri, həyat həqiqətləri izləyir:

Əbədi sakindir son mənzilinə

Adı əməlində yaşayan kəslər.

Dünən bir haqq işi tərsə çəkənin

Məzarı hər kəsi düzlüyə çəkər.

Təbii, hər şair qəlbi öz istəklərini, ən pünhan duyğularını poetik misralara əmanət edir, şeirə çevirir. Bu mənada Nəzakətin, "Köhnəlməyən xiffət" adlı şeirlər kitabına daxil etdiyi bütün poetik nümunələr, bütövlükdə, olduqca səmimi, unudulmaz ovqatın məhsuludur. Bu səbəbdən də oxunur və yadda qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
525.az

1Sources