EN

Avropa İttifaqının xaricdəki investisiya ehtiyatlarının həcmi 9,3 trilyon avronu ötüb

Berlin, 5 noyabr, AZƏRTAC

Avropa İttifaqına (Aİ) üzv ölkələrin rezident investorları tərəfindən Aİ-yə daxil olmayan ölkələrdə saxlanılan birbaşa xarici investisiya ehtiyatlarının həcmi ötən il 9 trilyon 309 milyard avro təşkil edib. Bu, 2023-cü illə müqayisədə 1,5 faiz çoxdur. Həmin vaxt bu rəqəm 9 trilyon 168 milyard avro olub.

AZƏRTAC xəbər verir ki, bu, Aİ Statistika İdarəsinin (Eurostat) hesabatında əksini tapıb. Eyni zamanda, Aİ xaricindəki investorlar tərəfindən Avropa İttifaqında saxlanılan investisiya ehtiyatları 2024-cü ildə 7 trilyon 38 milyard avroya düşüb ki, bu da bir il əvvəllə müqayisədə 2,5 faiz azalma deməkdir. Beləliklə, 2024-cü ildə Aİ-nin dünyanın qalan hissəsi ilə xalis investisiya mövqeyi əvvəlki illə müqayisədə 16,5 faiz artıb.

Ötən il ABŞ Aİ-nin dünyanın digər ölkələrindəki birbaşa xarici investisiya ehtiyatlarının 28,7 faizini (təxminən 2 trilyon 673 milyard avro) cəlb edib. Onu Böyük Britaniya izləyib - 1 trilyon 813 milyard avro (19,5 faiz). Sonrakı pillələrdə İsveçrə (778 milyard avro - 8,4 faiz), Braziliya (276 milyard avro – 3 faiz) və Sinqapur (250 milyard avro - 2,7 faiz) yer alıb. Aİ rezidentlərinin investisiyaları, həmçinin Kanada (2,6 faiz), Çin (2,6 faiz - Honkonq istisna olmaqla), Bermud adaları (2,5 faiz), Meksika (2,2 faiz) və Kayman adalarında (2 faiz) yerləşib.

Əks istiqamətdə - Aİ-yə xaricdən qoyulan birbaşa investisiyalar arasında da ABŞ əsas paya malik olub - 2 trilyon 180 milyard avro (31 faiz). Onu Böyük Britaniya (1 trilyon 228 milyard avro - 17,5 faiz), İsveçrə (630 milyard avro – 9 faiz), Kayman adaları (352 milyard avro – 5 faiz), Sinqapur (274 milyard avro - 3,9 faiz) və Bermud adaları (245 milyard avro - 3,5 faiz) izləyib. Bu göstərici üzrə 2 faizdən çox paya sahib digər ölkələr Kanada (3,3 faiz), Yaponiya (3,3 faiz) və Britaniya Virgin adaları (2,1 faiz) olub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
19
2
azertag.az

3Sources