EN

“Qarabağ” ingilislərdən xal ala bilmir: 7 oyun, 1:21 top nisbəti... – amma inanırıq!

“Qarabağ” bu gün Çempionlar Liqasının 4-cü turu çərçivəsində “Çelsi”ni qəbul edəcək. “Tofiq Bəhramov”da “zadəganlar”a qarşı keçiriləcək oyun saat 21.45-də başlayacaq. Bu mərhələni ilk “24-lük”də başa vurmaq ehtimalı yüksək olan ağdamlılar güclü rəqibdən xal qoparmaqla şanslarını artırmağa çalışacaq.

Komandalar arasında səviyyə, təcrübə, maliyyə və keyfiyyət fərqi öz yerində. Təəssüf ki, bu baxımdan bütün göstəricilər məhz “Çelsi”nin aşkar favorit olduğunu deyir. Özü də çox ciddi fərqlə.
Bəs, avrokuboklarda dəfələrlə sürpriz nəticələrə imza atan “Qarabağ”ın İngiltərə klubları ilə bağlı statistikası nə yerdədi?

“Football-plus.az” bu mövzunu araşdırdı. Məlum oldu ki, “köhlən atlar”ın bu sarıdan da bəxti gətirməyib...

Ağdamlıların qarşılaşdığı ilk İngiltərə təmsilçisi “Tottenhem” olub. Avropa Liqasının 2015/16 mövsümündə J qrupunda çıxış edən “Qarbağ” bu rəqibə evdə 0:1, səfərdə 1:3 hesabıyla uduzub. İş ondadı ki, ağdamlıların tarixində İngiltərə klubuna vurduğu yeganə qol məhz bu matçda qeydə alınıb. O vaxt Qurban Qurbanovun sərəncamında olan Riçard Almeyda 7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə hesabı açıb. Bu klubla növbəti dəfə Avropa Liqasının ötən mövsümünün liqa mərhələsində üz-üzə gələn ağdamlılar ikinci səfərdən də məğlub qayıdıb – 0:3. Növbəti rəqib bugünkü kimi “Çelsi” olub. Çempionlar Liqasının 2017/18 mövsümündə C qrupunda çıxış edən “Qarabağ” London təmsilçisinə evdə 0:4, səfərdə 0:6 hesabıyla məğlub olub. Maraqlıdı ki, “zadəganlar” tarixində iki dəfə avrokuboklardakı rəqibinin qapısından 10 top keçirib. Digər komanda Danimarka “Norşellan”ıdı (6:1, 4:0). “Köhlən atlar”ın üz-üzə gəldiyi İngiltərə klubları arasında “Arsenal” da var. Ağdamlılar bu komandayla Avropa Liqasının 2018/19 mövsümündə E qrupunda mübarizə apardığı vaxt qarşılaşıb və rəqibə evdə 0:3, səfərdə 0:1 hesabıyla uduzub.

Beləliklə, “Qarabağ” tarixində 7 dəfə İngiltərə klublarıyla üz-üzə gəlir. Rəqib qapılarından cəmi bir top keçirən “köhlən atlar” özü 21 qol buraxıb. Statistika həm də ingilislərin “Qarabağ”a heç vaxt xal vermədiyini deyir. Amma bütün seriyaların qırıldığı bir gün olur. Nədən o gün bu gün olmasın?!

KƏNAN BAHADIR

Chosen
3
1
football-plus.az

2Sources