EN

Şəmkirdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirildi

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsi Şəmkir rayonu üzrə Təhsil sektorunun birgə təşəbbüsü ilə Şəmkir rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində 8 Noyabr Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirildi.

Açılış mərasimində YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Qazax-Tovuz Regional Təhsil İdarəsi Şəmkir rayonu üzrə Təhsil sektorunun direktoru Elşən Ələsgərov,  Şəmkir rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Ramin Hüseynov və digər şəxslər iştirak etdilər. ​

Əvvəlcə Vətən Müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Dövlət himni səsləndirilmiş, daha sonra yarışa start verilmişdir.

Turnirin açılışında çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Zəfər Gününün tariximizə qızıl hərflərlə yazıldığını qeyd edib. Sonra rayon təşkilatının sədri Zəfər Gününə həsr olunmuş turnirin əhəmiyyətindən danışıb.

Çıxış edən digər natiqlər 8 Noyabr Zəfər Gününün Azərbaycan xalqının tarixində misilsiz qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi, Müzəffər Ali Baş Komandanlığında Azərbaycan Ordusunun qazandığı bu qələbə dövlətimizin gücünü və xalqımızın birliyini bütün dünyaya göstərdi.
Sonda turnirin qalibləri elan olunub. Qalib mükafatçılara fəxri fərmanlar və qiymətli hədiyyələr  təqdim olunub.

Qeyd edək ki, turnir gənclərin milli ruhda tərbiyəsi və Vətən müharibəsində əldə olunan qələbənin əhəmiyyətinin təbliği baxımından xüsusi önəm daşıyır.

1Sources