EN

Rusiya taxılı ilə yüklənmiş vaqonlar yaxın saatlarda Azərbaycan-Gürcüstan sərhədini keçəcək

Rusiya taxılı ilə yüklənmiş vaqonlar yaxın saatlarda Azərbaycan-Gürcüstan sərhədini keçəcək və daha sonra Ermənistana çatdırılacaq.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə “Cənubi Qafqaz Dəmir Yolları”nın (Rusiya Dəmir Yollarının törəmə müəssisəsi) baş direktoru Aleksey Melnikov İrəvanda keçirilən mətbuat konfransında bildirib.

“Bəli, həqiqətən də yaxın saatlarda Rusiya taxılı ilə yüklənən 15 vaqon Azərbaycan ərazisindən Gürcüstana keçəcək və daha sonra Ermənistana çatdırılacaq”, - deyə Melnikov qeyd edib. O, bu hadisənin regionun dəmir yolu sistemi üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Şirkət rəhbəri, həmçinin Qazaxıstandan gələn taxılın yaxın günlərdə Rusiya və Azərbaycan vasitəsilə Ermənistana çatdırılacağını açıqlayıb. “Bu, bizim üçün çox vacib hadisədir, çünki indi Qazaxıstandan, digər dövlətlərdən və Rusiya Federasiyasından Ermənistana yük çatdırmağa, hətta Çindən konteyner daşımalarını təşkil etməyə imkan yaranır”, - deyə o vurğulayıb.

Melnikovun sözlərinə görə, yeni marşrut “Verxniy Lars” sərhəd-keçid məntəqəsindəki tıxacları aradan qaldırmağa və Qara dəniz üzərindən yükdaşıma xərclərini azaltmağa imkan verəcək. O, dəmir yolu dəhlizinin təkcə taxıl deyil, həm də neft məhsulları da daxil olmaqla digər malların daşınması baxımından işlək olacağına əminliyini bildirib.

3Sources