EN

Putin nüvə sınaqlarına hazırlıq əmri verdi


Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvlərinə nüvə sınaqları üçün lazımi hazırlıqları həyata keçirməyi tapşırdı.Kremlin yaydığı açıqlamaya görə, Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib.

Görüşdə Rusiya müdafiə naziri Andrey Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov, Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəisi Sergey Narışkin, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov iştirak ediblər.

Görüşün əvvəlində ABŞ-ın nüvə sınaqlarına başlamaq planları müzakirə edilib.

Putin oradakı çıxışında Rusiyanın Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinə sadiq qaldığını və ondan çıxmaq planının olmadığını bildirərək dedi:

"2023-cü ildə Federal Məclisə etdiyim müraciətdə bildirmişdim ki, əgər ABŞ və ya digər müqavilə tərəfləri nüvə sınaqları keçirərsə, Rusiya cavab verməyə məcbur olacaq. Bu kontekstdə Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, kəşfiyyat xidmətlərinə və müvafiq mülki qurumlara bu məsələ ilə bağlı əlavə məlumat toplamağı, Təhlükəsizlik Şurası səviyyəsində təhlillər aparmağı və nüvə silahı sınaqlarına hazırlıq işlərinə başlamaq üçün təkliflər təqdim etməyi tapşırıram."

"Nüvə sınaqlarına hazırlıq işlərinə başlamağı məqsədəuyğun hesab edirəm."

Rusiya müdafiə naziri Andrey Belousov bildirib ki, ABŞ strateji silahlarını sürətlə modernləşdirir və bu baxımdan yeni raket sistemlərinin hazırlanması üzərində işləyir.

Belousov həmçinin bildirib ki, Vaşinqton "Qızıl Günbəz" strateji raketdən müdafiə sisteminin yaradılması planını həyata keçirməyə başlayıb. O, ABŞ-ın əvvəllər Ballistik Raket Əleyhinə Müqavilədən, Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən (INF) və Açıq Səma Müqaviləsindən çıxdığını xatırladaraq əlavə etdi:

"Buna görə də ABŞ qlobal strateji sabitlik sistemini sarsıtmaq üçün nüvə sınaqlarına qoyulan qadağadan imtina edə bilər. ABŞ-ın nüvə sınaqları keçirmək planları Rusiya üçün hərbi təhlükə səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Ölkəmizin təhlükəsizliyini təmin etmək üçün hər vəziyyətdə düşmənə zərər verə biləcək nüvə potensialımızı gücləndirməliyik. Buna görə də, tammiqyaslı nüvə sınaqlarına dərhal hazırlıqlara başlamağın məqsədəuyğun olduğunu düşünürəm."

Nazir Belousov Rusiyanın Novaya Zemlya (Yeni Torpaq) arxipelaqındakı poliqondakı qüvvələrin nüvə sınaqlarına hazır olduğunu bildirdi.

Rusiya Baş Qərargah rəisi Gerasimov həmçinin ABŞ-ın Rusiya üçün nüvə sınaqları məsələsinə aydınlıq gətirmədiyini və buna görə də buna qarşı lazımi tədbirlər görülməli olduğunu bildirdi.

aia.az
Tərcümə şöbəsi



Chosen
101
2
aia.az

4Sources