AFR-nın daxili
İşlər naziri Aleksander Dobrindt islamçıların Muslim Interaktiv
təşkilatını
Almaniyanın konstitusiya quruluşuna və ölkə xalqları arasında qarşılıqlı
anlaşma ideyasına qarşı çıxdığı üçün qadağan edib. Noyabrın
5-də səhər tezdən Daxili İşlər Nazirliyinin əməkdaşları Hamburqda bir neçə evdə
və mənzildə axtarış aparıb və birliyin əmlakını müsadirə edir.
Bundan əlavə, paytaxt
Berlində və Hessendə Muslim Interaktiv ilə əlaqəli iki islamçı təşkilatın -
Generation Islam və Realitat Islamın fəallarına qarşı reydlər keçirilib. Bu
qruplar "qadağa üçün eyni əsasları tətbiq etməkdə" və birliyin qolları
olmaqda şübhəli bilinirlər. Yerli medianın məlumatına görə, bu iki qrupla bağlı
araşdırmalar davam edir.
Dobrindt
Almaniya Daxili İşlər Nazirliyinin saytında dərc olunmuş açıqlamada bildirib
ki, "Küçələrimizdə xilafətin qurulmasına aqressiv şəkildə çağırış edən,
İsrailə və yəhudilərə qarşı nifrət təhrik edən, qadınların və azlıqların
hüquqlarını xor görən hər kəs qanunun bütün sərtliyi ilə cəzalandırılacaq. Biz Muslim
Interaktiv kimi təşkilatların azad cəmiyyətimizi nifrətləri ilə məhv etməsinə,
demokratiyamıza xor baxmasına və ölkəmizə daxildən hücum etməsinə icazə verməyəcəyik".
Alman
hakimiyyət orqanlarının məlumatına görə, Muslim Interaktiv 2020-ci ilin mart
ayından bəri əsasən Hamburqda fəaliyyət göstərir və internetdə fəal şəkildə
ünsiyyət qurur. İslamçılar sosial media vasitəsilə gənclərə təsir göstərir,
İnstaqram, TikTok və YouTube kanallarına minlərlə izləyici cəlb edir. Qrup
videolarında Qərb ölkələri tərəfindən müsəlmanlara qarşı iddia edilən təzyiqlərdən,
xüsusən də Almaniyada inanclarını düzgün
şəkildə yerinə yetirməyə icazə verilməməsindən şikayətlənib.
2023-cü
ilin fevral ayında Muslim Interaktiv İsveçdə Quranın yandırılmasına etiraz
olaraq Hamburq küçələrinə 3500 nəfər çıxarıb. 2024-cü ilin aprel ayında qrupun
himayəsi altında Hamburqun Ştayndamm meydanında 1000-dən çox insan "Xilafət
həll yoludur" yazılı lövhələrlə toplaşmışıb.
Hamburq Konstitusiyasının Müdafiəsi Ofisi birliyi
ideoloji olaraq 2003-cü ildə Almaniyada fəaliyyəti tamamilə qadağan edilmiş
qlobal islamçı təşkilat Hizb ut-Təhrir əl-İslami (İslam Azadlıq Partiyası) ilə əlaqələndirir.
Məlum
olduğu kimi, ötən il Daxili İşlər Nazirliyi Hamburq İslam Mərkəzini də qadağan
edib.
Hamburq, Bremen, Aşağı Saksoniya və Bavariya
da daxil olmaqla, Almaniyanın səkkiz əyalətində 53 yerdə axtarışlar aparılıb.
Berlin agentliyinin verdiyi məlumata görə, təşkilatın aktivləri müsadirə
edilib.
Almaniya
Daxili İşlər Nazirliyi vurğulayıb ki, "mərkəz, Almaniyada "İslam inqilabı" ideologiyasını
aqressiv və döyüşkən şəkildə yayır və onu həyata keçirməyə çalışır".
Rizvan CƏFƏROV,
“Azərbaycan”