EN

Kiberdələduzların yeni fəndləri

Ekspert: İnsanların “rəqəmsal savadsızlığı” kiberdələduzların işini asanlaşdırır

Rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə nüfuz etməsi ilə paralel olaraq kiberdələduzluq hallarında da dinamikanın artması müşahidə olunur. Onlayn ödənişlər, sosial şəbəkə hesabları, elektron ticarət platformaları və dövlət xidmətləri artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin bu rahatlıq, eyni zamanda, özü ilə yeni risklər də gətirir. Son aylarda kiberdələduzlar daha təkmil üsullardan istifadə edərək vətəndaşların şəxsi məlumatlarını ələ keçirmək, maliyyə vəsaitlərini mənimsəmək və saxta kimliklər vasitəsilə saxtakarlıq törətmək istiqamətində fəallaşıblar.

Mütəxəssislərin müşahidələrinə görə, əvvəllər əsasən e-poçt və SMS vasitəsilə həyata keçirilən dələduzluq formaları indi sosial media və messencerlər üzərindən daha peşəkar şəkildə icra olunur. Saxta bank bildirişləri, “hədiyyə qazandınız” tipli linklər, tanınmış brendlərin adından yaradılmış səhifələr və “investisiya platformaları” adı altında fəaliyyət göstərən dələduzluq sxemləri insanların etimadını qazanmaq üçün psixoloji manipulyasiya üsullarından istifadə edirlər.

Kiberdələduzluğun ən təhlükəli tərəfi onun görünməz xarakter daşımasıdır. Cinayətkarlar bir çox hallarda xarici serverlərdən fəaliyyət göstərdiklərinə görə onların izlənməsi və məsuliyyətə cəlb olunması uzun proses tələb edir. Bu, həm fərdi istifadəçilər, həm də müəssisələr üçün əlavə risklər yaradır. Şəxsi məlumatların qorunması ilə bağlı diqqətsizlik nəticəsində təkcə bank hesabları deyil, həm də şəxsi foto və sənədlər sızdırılaraq müxtəlif məqsədlərlə istifadə edilə bilər.

Mövcud vəziyyət göstərir ki, kibertəhlükəsizlik artıq təkcə texnoloji məsələ deyil, həm də sosial məsuliyyət mövzusudur. İnsanların rəqəmsal savadlılığının artırılması, internetdə şübhəli keçidlərə qarşı diqqətlilik və şəxsi məlumatların paylaşılmasında ehtiyatlı davranmaq dələduzluğun qarşısının alınmasında mühüm rol oynayır. Eyni zamanda, dövlət və özəl sektorların məlumat təhlükəsizliyi üzrə standartlara ciddi əməl etmələri vacib şərtlərdən biridir.

Kiberdələduzluğun inkişafı göstərir ki, təhlükə yalnız texnoloji sahədə deyil, həm də insan faktorunda gizlənir. Hər klik, hər link, hər “sənəd yüklə” əmri arxasında potensial risk ola bilər. Bu səbəbdən rəqəmsal dövrdə ən güclü müdafiə mexanizmi diqqətli olmaq, məlumatı yoxlamadan paylaşmamaq və “virtual rahatlıq” hissinə aldanmamaqdır.

Texnologiya inkişaf etdikcə dələduzluq üsulları dəyişir. Heç bir halda kart məlumatlarınızı (PIN, CVV, parol, SMS kod və s.) kənar şəxslərlə paylaşmayın. Bank əməkdaşı, və ya hər hansı təşkilat sizdən bu məlumatları heç vaxt tələb etmir.

Bu xəbərdarlıq Daxili İşlər Nazirliyinin (DİN) vətəndaşlara çağırışında yer alıb.

"Bankdandır, kodu təcili verin", "endirim üçün linki paylaşın", "təcili yoxlama tələb olunur, məlumatları göndərin", "nömrəniz uduş kuponu qazanıb, kodu qəbul edib, təsdiqləyin", "kartınız bloklanacaq, təsdiq üçün linkə keçin", "hesabınıza pul köçürülüb, qəbul üçün məlumatınızı daxil edin", "sizin adınıza kredit sifarişi var, imtina üçün kodu göndərin" və bunlar hamısı bir məqsədə xidmət edir - məlumatınızı, daha sonra isə vəsaitinizi ələ keçirməkdir.

Vətəndaşlardan xahiş olunur ki, belə hallarla rastlaşdıqda bankla və DİN-in "102" Xidməti-Zəng Mərkəzi ilə dərhal əlaqə saxlasınlar. Heç kim şübhəli keçidlərə daxil olmasın, şəxsi məlumatları sosial şəbəkələrdə və ya mesajlaşma tətbiqlərində paylaşmasın, çünki bir mesajla aldada, bir kliklə pulunuzu oğurlaya bilərlər", - çağırışda vurğulanır.

İnformasiya Kommnikasiya Texnologiyaları üzrə ekspert Vasif Qəhrəmanov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, texnoloji yeniliklərlə birlikdə kibertəhlükəsizlik sistemləri də inkişaf etdirilir, buna baxmayaraq dələduzlar bu təhlükəsizlik sistemlərindəki boşluğu tapmağı bacarırlar: “Linkə keçid et”, “Kampaniyadır”, “Kart məlumatlarınızı daxil edin” kimi linklərə daxil olmaqla dələduz sistemlərinin qurbanı olmaq mümkündür. “İnsanların “rəqəmsal savadsızlığı” dələduzların işini asanlaşdırır. İnsanların bu kimi yalanlara aldanmağının başlıca səbəbi rəqəmsal maarifləndirmənin zəif olmasıdır.”

Vasif Qəhrəmanovun fikrincə, kiberdələduzluq hallarının qarşısının alınması məqsədilə televiziya verilişlərində mövzu ilə bağlı maarifləndirici videoçarxların, faydalı məlumatların yer alması cəmiyyəti xəbərdar etmək üçün faydalı olacaqdır: “Bildiyiniz kimi, günümüzdə sosial medianın insan psixologiyasına təsiri danılmazdır. Rəqəmsal mədəniyyəti və təhlükəsizliyi formalaşdırmaq artıq sosial media platformaları üzərindən daha asan həyata keçirilə bilər. Bu prosesdə sosial media fenomenləri, bloqerlər və məzmun yaradıcıları geniş izləyici kütləsinə xitab etdikləri üçün maarifləndirmə zəncirinin vacib halqası sayıla bilərlər. Onlar ictimai şüurun formalaşdırılmasında effektiv rol oynadıqları üçün rəqəmsal təhlükəsizlik məsələlərini aktuallaşdıra, izləyici auditoriyasının diqqətini asanlıqla bu məsələyə yönəldə bilərlər. Xatırladaq ki, fenomenlər, ilk növbədə, gənc auditoriyaya təsir etmək baxımından unikal mövqedədir. Onların paylaşdığı videolar və postlar rəsmi açıqlamalardan daha çox diqqət çəkir. Sosial media fenomenləri cəmiyyətin sosial məsuliyyətini daşıyan vacib ictimai fiqurlardır və onların iştirakı ilə həyata keçirilən hər bir təşəbbüs (sosial kampaniyalar, maarifləndirici çağırışlar) kiberdələduzluqla mübarizədə effektiv rol oynayacaq.”

Şahnigar Əhmədova, “İki sahil”

Chosen
30
ikisahil.az

1Sources