EN

Aİ rus vətəndaşlarına viza qaydalarını daha da sərtləşdirə bilər

BAKI, 6 noyabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) rus vətəndaşlarına tətbiq olunan viza qaydalarını daha da sərtləşdirməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri Aİ-dakı mənbələrə istinadla məlumat yayıb.

Yeni qaydalara əsasən, ruslara artıq çoxgirişli Şengen vizaları deyil, yalnız “bir girişli” vizalar veriləcək. Qərar Ukraynada davam edən müharibəyə görə Moskvaya qarşı tətbiq edilən sanksiyaların tərkib hissəsi kimi qiymətləndirilir.

"Politico"nun məlumatına görə, Aİ Komissiyası bu həftə yeni tənzimləməni elan etməyi planlaşdırır. Sənəddə humanitar səbəblər və ya Aİ vətəndaşlığı olan şəxslərlə bağlı hallar üçün istisnalar nəzərdə tutulacaq.

Qeyd olunur ki, viza verilməsi üzv ölkələrin səlahiyyətində qalır, buna görə də Komissiya prosesi çətinləşdirsə də, ruslara tam viza qadağası tətbiq etmək səlahiyyətinə malik deyil.

Xatırladaq ki, Aİ 2022-ci ildə Rusiya ilə viza sadələşdirilməsi sazişini dayandırıb və sonradan rus vətəndaşları üçün yeni məhdudlaşdırıcı qaydalar tətbiq edib.

Chosen
61
teleqraf.com

1Sources