EN

Palatanın altındakı nömrə

Rejissor Robert Rodrigesin çəkdiyi, baş rollarda Corc Kluni, Kventin Tarantino, Harvi Keytel kimi ünlülərin oynadığı “Günbatandan dan sökülənəcən” adlı çox ünlü film var. Filmin süjeti qeyri-adidir. Bilmirsən trillerə baxırsan, yoxsa komediyaya. Birdən qorxu filminə çevrilir, birdən döyüş filminə. Filmin axırlarında isə qan su yerinə axır, yolkənarı bar-kafedə vampirlər camaatı qırır və sairə. Ən son epizodda isə kamera həmin kafenin binası üzərində havaya qalxır və tamaşaçılar görürlər ki, əslində bu bina qədim Astek məbədinin, piramidaşəkilli tikilinin təpəsi imiş.

Buradan o nəticə çıxarmaq olar ki, məbədin üzərində lap istəyirsən disko-bar tik, striptiz-klub aç, xeyri yoxdur - oradakı müqəddəs ruhlar bir gün qəzəblənib ayağa qalxacaqdır, vampirlərin, zombilərin qabağında dura bilməyəcəksən. Qədim el inanclarımıza görə, kim qəbiristanlıqdan daş oğurlayıb ev tiksə, orada xoşbəxt olmaz. Gərək ölülərdən halallıq alasan. 

Hesablama Palatasının AzTV-də yoxlamalar aparması və uca kanalımızda nöqsanlar tapması xəbərini görəndə mən məhz bu cür mistik-dramatik düşüncələrə daldım. Deyir, keçən il kanala maaş üçün ayrılan pullar qonorar kimi işlədilib, 26 milyonluq əyinti vardır və sairə.

Başqa? Sizin işiniz-gücünüz yoxdurmu? AzTV-də səhv tutmaq təxminən qədim dini kitablarda eyib axtarmaq qədər küfrdür. Özünüzə gəlin. Bu yanlış yoldan qayıdın. O boyda sovet hökuməti niyə dağıldı? Çünki AzTV-nin enerji blokunu partladıb uca millətimizi bircə günlüyə, hətta gün də yox, axşamlığa kanalın efirindən məhrum etmişdilər. Nəticədə SSRİ özü kullən-kuf oldu, cəhənnəmin dibinə getdi.

Mən düşünürəm ki, Palatanı bu kafərlik və mürtədlik yoluna sövq edən məhz ərazinin mənfi aurasıdır. Kinonu ona görə misal çəkdim. Bəlkə çox adam bilmir, doxsanıncı illərdə Xaqani-33 adresində, yəni Hesablama Palatasının indiki binası tikilən ərazidə Xalq Cəbhəsinin ofisi var idi. Cürbəcür müxalifətçilər, pis fikirli jurnalistlər, kriminal ünsürlər, vampirlər, zombilər, əcinnələr orada toplaşardılar. Elçibəy çıxırdı, Əli Kərimli girirdi. “Azadlıq” qəzeti, “Turan” agentliyi, nə bilim, demokratiya elə gəldi, seçki belə getdi... Şükür olsun, uca hökumətimiz 2000-ci illərin ortalarında həmin obyektləri dağıtdı, yerində turp əkdi. Daha dəqiqi, Hesablama Palatası.

İndi Palata əziz AzTV-mizə misri qılınc çəkəndə biz həmin qılıncın qəbzəsini tutan əlin hansısa müxalifətçi şeytanın ruhundan qidalandığını dərk etməyə borcluyuq.

Belə hadisələrə çox rast gəlinir, sadəcə, insanlarımız qəflət yuxusuna getdiyi üçün, Həmid müəllim də pirlər haqqında maarifləndirici verilişlərini dayandırdığı üçün xalqın gözünü açan yoxdur. Mən hərdən az-maz cəhd edirəm, amma özüm də görürəm ki, bu işlər üzrə elmim çatmır. Həm də burada təkcə elm yox, helm də lazımdır.

Srağagün axşam Biləcəridə avtobus gül dükanına girmişdi. Sürücü danışdı, deyir, maşının beyni pozulmuşdu, mənlik iş yoxdur. Amma avtobusun nömrəsini demir! Halbuki bunun 202 saylı marşrut olduğunu desə, hamımız rahat nəfəs alarıq, beyin-meyin temalarına girmərik. Çünki bu marşrutun sürücüləri dövri-qədimdən peşəkarlığı ilə tanınardı. Qapını açıq sürmək, pəncərədən sallaşıb gedən adamlar, bir əlində tum çırtlayan, bir əlində siqaret çəkən, bir əli ilə qəpik qaytarıb sükanı qarnıyla fırladan pilotları məhz bu marşrutda görə bilərdik. Bir dəfə iki 202 yarışa çıxmışdı, qalib gələni AYNA-ya sədr seçdilər. (“İki iki yüz iki” - gör nə qədər alliterasiya, şaqraqlıq var ifadədə... Lakin mövzudan uzaqlaşmayaq, qayıdıb marşrutu tapmarıq). İndi prosesi elektronlaşdırmaqla mahiyyət dəyişmir ki? Ot kökü üstündə bitər.  

Yazını da həmin kinodan sitatla bitirək, çünki bizim yazının adət-ənənəsi var: “Psixlər nə qədər sağalmaz xəstə olsalar da, hər halda, üstlərinə gün düşəndə partlamırlar”. İyi seyrlər.

Chosen
55
musavat.com

1Sources