EN

ABŞ-də şatdaun səbəbindən 40 aeroportda uçuşların həcmi azaldılacaq

Federal Aviasiya Administrasiyası (FAA) dispetçer çatışmazlığı üzündən reysləri məhdudlaşdırır...

Poliqon xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 7-dən etibarən ölkənin 40 ən iri aeroportunda uçuşların həcmini 10 faiz azaldacaq. Qərarın səbəbi hökumətin maliyyələşməsinin dayandırılması (şatdaun) nəticəsində yaranmış dispetçer çatışmazlığıdır.

Associated Press Agentliyi yazır ki, bu azalma ABŞ ərazisində hər gün həyata keçirilən 44 minə yaxın uçuşa təsir göstərəcək. FAA hələlik hansı hava limanlarının məhdudiyyətlərə məruz qalacağını açıqlamasa da, qurum bildirib ki, tədbirlər “lazım olduğu qədər uzun müddət qüvvədə qalacaq”.

Reuters-in məlumatına görə, şatdaun səbəbindən 13 min aviadispetçer və 50 min nəqliyyat təhlükəsizliyi əməkdaşı ödənişsiz və hətta artıq iş rejimində çalışır. FAA hazırda ən azı 3,5 min əlavə dispetçerə ehtiyac duyur.

Kadr çatışmazlığı nəticəsində indiyədək 3,2 milyon sərnişin müxtəlif uçuş gecikmələri və ləğvləri ilə üzləşib. FAA bildirib ki, uçuşların azaldılması əvvəlcə 4 faiz səviyyəsində tətbiq olunacaq və tədricən 10 faizə qədər artırılacaq.

Aviasiya analitiklərinin fikrincə, bu tədbirlər 1,8 minə qədər reysin ixtisarına gətirib çıxara bilər və ABŞ-da hava nəqliyyatı sektoruna ciddi zərbə vuracaq.

Poliqon.info

Chosen
54
poliqon.info

1Sources