EN

Regionda yeni geosiyasi mərhələ başlayıb - ŞƏRH

Zəfərimizin 5-ci ildönümü fərqli reallıqda qeyd olunur

Qarabağdan çıxan son rus əsgəri ilə geosiyasi reallıq tam dəyişdi 

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrindən biridir. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycan xalqının milli birliyinin, siyasi iradəsinin və ədalətin təntənəsidir. Bu Qələbənin əsasında isə dövlətimizin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti, güclü iqtisadi potensial və xalqla dövlətin sarsılmaz birliyi dayanır. Beş il əvvəl xalqımız 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad etdi. Bu Qələbə xalqımızın birliyinin, milli iradəsinin və ədalətin təntənəsi idi. 

Bu gün hər bir azərbaycanlı bu Zəfərlə qürur duyur. 44 günlük müharibə xalqımızın iradəsinin, milli birliyinin və Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin müdrik, qətiyyətli siyasətinin təntənəsi oldu. Bu Qələbə sübut etdi ki, Azərbaycan xalqı öz torpağını, azadlığını və dövlətini qorumağa hər an hazırdır. Bu Zəfərlə biz təkcə işğal altındakı ərazilərimizi azad etmədik, həm də düşmənin illərlə dünyaya sırımağa çalışdığı saxta mifləri, yalan təbliğatı darmadağın etdik.

Millət vəkili Sahıb Alıyev deyib ki, Zəfərimizin 5-ci ildönmünü birinci, ikinci, üçüncü, hətta dördüncü ildönümündəkindən də həm fərqli bir hisslə, həm də fərqli reallıqda qeyd edirik. Deputat bildirib ki, 2020-ci ildə ordusu darmadağın edilən Ermənistanın təslim olması ilə regionda geosiyasi dəyişiklik baş verdi:

 "Geosiyasi dəyişiklik hələ mövcud geosiyasi reallığın əhəmiyyətli dərəcədə, yaxud da tam aradan qaldırılması demək deyil. Məhz bunun baş verməməsi üçün Rusiyanın hərbi kontingenti Qarabağa yeridilmişdi. Ona görə də İkinci Qarabağ savaşında qazanılan Zəfərlə baş verən geosiyasi dəyişikliyə, belə demək mümkünsə, onun sistemli xarakter almasını təmin edən ardıcıl düzəlişlərə ehtiyac var idi. 2021, 2022 və 2023-cü illərdə keçirilən lokal əməliyyatlar da bundan irəli gəlirdi. Həmin əməliyyatlara Rusiyanın yanaşması necə idisə, Qərbin də o cür idi. Qərbdəkilər öz narazılıqlarını hətta daha yüksək səslə bildirirdilər. Nə qədər təəccüblü olsa da, Rusiya hərbi kontingenti Qarabağı tərk edəndə Yelisey Sarayının, eləcə də Bayden-Blinken cütlüyünün reaksiyası göstərdi ki, onlar buna nəinki sevinirlər, əksinə, qarşı çıxırlar. Həm də bilə-bilə ki, bu, Ukrayna cəbhəsində üz-üzə dayandıqları, az qala düşmən gözündə gördükləri bir ölkənin bizim regiondakı mövqelərinə heç də təsirsiz ötüşməyəcək". 
Parlament üzvünün sözlərinə görə, bunun bir çox səbəbi var idi: "Onlardan biri bu idi ki, qərbdəki bəlli çevrələr bizim regiondakı proseslərə 21-ci əsrdə də 1878-ci il Berlin Konqresinin drektivləri prizmasından yanaşırdılar. Amma ən əsas səbəb, böyük güclərdən heç birinin, bu regiondakı dövlətlərin və təbii ki, bütövlükdə regionun beynəlxalq subyektliyini istəməmələri ilə bağlıydı. Məhz ona görə burada konfliktin həllindənsə onun idarə olunmasına çalışırdılar. Beləliklə, atılan ardıcıl addımlarla, xüsusən 12 iyunda Rusiyanın Qarabağdakı hərbi kontingentinin axırıncı eşalonunu da yola salmaqla son 5 ildə burada baş verənləri öz maraqlarına zərbə kimi qiymətləndirənlərin hamısını fakt qarşısında qoyduq. Bu faktın adı dəyişiklik edilən yox, tam dəyişdirilən geosiyasi reallıq idi. Avqustun 8-də Vaşinqtonda dünyanın bir nömrəli ofisində Prezident Trampın şahidliyi ilə təsdiqləndi". 

S.Alıyev diqqətə çatdırıb ki, Ermənistandakı revanşistlər deyirlər ki, eyni savaşı Nikol Paşinyan azı 3 dəfə uduzub. Ya da bildirirlər ki, o, indiyədək bir neçə dəfə təslimçilik aktı imzalayıb: 

"Amma bir şeyi unudurlar. 2020-ci il noyabrın 10-da təslimçilik aktı imzalayanda da, 2022-ci ilin 7 oktyabrında Praqada "Qarabağ Azərbaycandır" deyəndə də, bu il avqustun 8-də Vaşinqtonda sülh anlaşması paraflananda da Paşinyan tək deyildi. O, Ermənistanın havadar gözündə gördüyü dövlətlərlə birinci halda məsləhətləşib bunu edirdi. Digər hallarda isə həmin dövlətlərin başçıları da yanında idilər. Azərbaycan lideri bu son beş ildə gecəsini gündüzə qataraq qrossmeyster dəqiqliyi ilə yeritdiyi siyasətlə təkcə İkinci Qarabağ savaşındakı qələbəmizi ona qarşı çıxan böyük güclərə həzm etdirmədi, həm də regiona sülh gətirdi. Ermənistana da normal, öz milli maraqlarını üstün tutmağı bacaran bir dövlətə çevrilməsi üçün şans yaratdı. Ona görə yox ki, Azərbaycana qarşı etdikləri unudulub, yaxud da unudulacaq. Xeyr, ona görə ki, Ermənistanın böyük güclərin əlində geosiyasi alət olması o ölkəyə şərəf gətirmədiyi kimi biz qonşularına da əl vermir. Niyə əl vermədiyini isə 30 illik təcrübəmizdən bilirik. Ola bilsin ki, xəstə zehniyyət üstün gəlsin və qonşu ölkə ona verilən tarixi fürsətdən faydalanmasın. Ancaq anlamalıdırlar, indi tarixin elə bir mərhələsindəyik ki, Ermənistan ya qonşuları ilə düşmənçiliyə son qoyan normal dövlət olacaq, ya olmayacaq. Birinci variantın baş tutması üçün biz qonşu ölkəyə dəstək göstərməyə hazırıq və göstəririk də. İkinci variantda da tam hazırıq". 

İsmayıl 


Chosen
45
sherg.az

1Sources