EN

Nüşabə Məmmədova: “8 Noyabr Zəfəri regionda sülh və sabitliyin bərpası üçün yeni mərhələnin əsasını qoydu”

Beynəlxalq Dialog və İnkişaf Alyansının təsisçisi və sədri, AMEA-nın Tarix və Etnologiya İnstitutunun elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova QHT.az-a açıqlamasında bildirib ki, tarixi baxımdan XIX əsrdə baş verən əhali köçürülmələri Rusiya imperiyasının etnik siyasətinin bir hissəsi kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, imperiya hakimiyyəti yeni ələ keçirilmiş ərazilərdə loyal əhali formalaşdırmaq, sərhədləri təhlükəsizləşdirmək və demoqrafik üstünlük əldə etmək məqsədi güdmüşdür.

"Eyni zamanda, köçürülən ermənilər üçün bu proses həm təhlükəsizlik və iqtisadi imkanlar, həm də yeni siyasi şərait yaratmışdır. Lakin, uzunmüddətli perspektivdə, bu siyasət etnik gərginliyin köklənməsinə və XX əsrin əvvəllərində baş verəcək regional qarşıdurmaların əsasını qoymuşdur. Ötən əsrdə isə imperiya siyasətinin yerini ideoloji mübarizələr aldı. Sovet dövründə bu ədalətsiz yanaşma müxtəlif formalarda davam etdirildi. Azərbaycanın tarixi torpağı Qarabağ ərazisində və digər ətraf ərazilərdə Azərbaycanın suveren hüquqları məhdudlaşdırıldı, mədəni və tarixi irsimizə qarşı təhrif siyasəti aparıldı. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı daima milli birliyini və dövlətçilik prinsiplərini qorumaqda davam etmiş, mübarizə ruhunu hər dönəm yüksək səviyyədə saxlamışdır. 2020-ci ildə əldə edilən Qələbə, məhz bu uzunmüddətli mübarizənin məntiqi nəticəsi oldu. Azərbaycan xalqı torpaqlarını azad etməklə yanaşı, həm də tarixi ədaləti bərpa etdi, dövlət suverenliyini bütün dünyaya nümayiş etdirdi".

Tarixçi alim vurğulayıb ki, 8 Noyabr Zəfəri beynəlxalq miqyasda da mühüm geosiyasi nəticələr doğurdu, regionda yeni siyasi reallıqlar formalaşdı – Cənubi Qafqazda güc balansı dəyişdi və Azərbaycan regional təhlükəsizlik sistemində əsas oyunçuya çevrildi. Beynəlxalq hüququn prinsipləri – xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipi – praktik olaraq bərpa olundu:

"Azərbaycan BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda öz mövqelərini gücləndirdi, sülh və əməkdaşlıq təşəbbüslərinin aparıcı tərəfi olaraq yer aldı. Bu zəfər həm də post-sovet məkanında “dondurulmuş münaqişələrin” ədalətli həllinin mümkünlüyünü göstərən presedent yaratdı. Beləliklə, 8 Noyabr Zəfəri regionda sülhün və sabitliyin bərpası üçün yeni bir mərhələnin əsasını qoydu. gələcək nəsillər üçün güc, birlik və vətən sevgisi simvoluna çevrildi".

 

Chosen
31
qht.az

1Sources