Şuşa Günü əbədi dönüşün nəğməsidir
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcaması
İdarə Heyətinin sədri
Şuşa kəlməsi tək bir şəhərin adı deyil, bütün bir millətin qürurunun, mədəniyyətinin və sarsılmaz iradəsinin təcəssümüdür. Qarabağın bənzərsiz tacı, Qafqazın incisi olan bu qədim qala-şəhər hər bir azərbaycanlının nəbzində döyünən, ruhunda yaşayan bir müqəddəs məkandır. 1992-ci ilin mayında düşmən tapdağı altına düşən Şuşa 28 il 6 ay müddətində yurd həsrətinin, intizarın və milli ləyaqətin əyilməzliyinin simvolu oldu. Lakin bu intizar Müzəffər Ali Baş Komandanın qətiyyəti ilə 8 Noyabr 2020-ci ildə Zəfər nəğməsinə çevrildi!
Şuşanın azad edilməsi adi bir hərbi əməliyyat deyil, XXI əsrin hərbi dərsliklərinə salınacaq tarixi sərkərdəlik, fədakarlıq və milli ruhun misilsiz sintezi idi. Bu Zəfərin baş memarı, Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 30 illik mənasız danışıqların iflasa uğradığını görüb, qəti seçim etdi: hərbi qələbə! O, illər boyu dəmir yumruq yaratmış, Azərbaycan Ordusunu ən müasir texnika ilə təchiz etmiş və beynəlxalq kürsülərdən bəyan etmişdi: “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır.” Bu sözlər tək siyasi bəyanat deyil, Liderin xalqına verdiyi sarsılmaz vəd idi. Vətən müharibəsinin ən kritik anında, Müzəffər Ali Baş Komandan Şuşanın taleyinin bütün müharibənin gedişatına təsir edəcəyini dəqiqliklə bilirdi. Şuşanı azad etmək üçün görülən qeyri-adi hərbi əməliyyat – yüngül silahlarla təchiz olunmuş qəhrəman komandoların sıldırım qayaları dırmanaraq şəhərə daxil olması – dünya hərb tarixində nadir rast gəlinən bir rəşadət dastanıdır! Cənab Prezident İlham Əliyev bu əməliyyatı yüksək qiymətləndirərək demişdi: “Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır.” Noyabrın 8-də Şuşanın azad olunması xəbəri isə Cənab Prezidentin dilindən bütün xalqa çatdı: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Bu sözlər qələbənin müjdəsi, bərpaya və intibaha çağırış idi.
Şuşa qələbəsi sadəcə ərazi bütövlüyümüzün deyil, həm də milli mənəviyyatımızın bərpası idi. Şuşa Azərbaycanın mədəniyyət beşiyi, Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın, Molla Pənah Vaqifin və saysız-hesabsız dahi sənətkarın vətənidir. İşğalçılar bu şəhəri viran qoymuş, məscidlərimizi təhqir etmişdilər. Lakin cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi, tarixi ədalətin bərpası ilə yanaşı, bu torpaqların əsl sahiblərinin kim olduğunu bütün dünyaya bir daha göstərdi. Müzəffər Ali Baş Komandan Şuşanın quruculuq işlərinə şəxsən rəhbərlik edir. Onun Zəfər Günü münasibətilə Şuşaya çoxsaylı səfərləri, bərpa və quruculuq layihələrinin gedişatını nəzarətdə saxlaması, Liderin Vətənə və qələbəyə olan misilsiz bağlılığının sübutudur. Vaqifin məqbərəsinin, Cıdır düzünün, məscidlərin və tarixi abidələrin bərpası, xalqımızın böyük mədəni intibahının təməlini qoyur. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”
Şuşa Günü bu tarixi qələbənin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış əbədi Zəfərin simvoludur. Bu gün Şuşada ucalan üçrəngli Azərbaycan bayrağı gələcək nəsillərə çatdırılacaq ən şanlı mirasımızdır. Şuşa yaşayır, Şuşa dirçəlir və əbədi olaraq Azərbaycanın olaraq qalacaqdır!